Azərbaycanlı məşhurlar niyə döyüldü?

Nigar Camal: “Bizə düşmən lazım deyil… ”

Bu günlərdə mətbuatda “Eurovision 2011″ təmsilçimiz Nigar Camal və müğənni Röya Ayxanın əri Anar Cəlilovun vəhşicəsinə döyüldüyü barədə məlumatlar yayılıb.
Müğənni Nigar Camalın döyülməsi haqda 1xəbər.com saytı məlumat yayıb. Məlumata görə, Nigar Camal sevgilisinin qohumları tərəfindən döyülüb. 
Belə ki, müğənni Azərbaycanın yüksək vəzifəli məmurlarından birinin Türkiyədə yaşayan oğlu ilə eşq yaşayıb. İfaçının yaxın çevrəsindən əldə olunan məlumatda bildirilir ki, Nigar Camal mütəmadi olaraq sevgilisi ilə Türkiyədə görüşüb. Sevgilisinin yüksək vəzifəli məmurun oğlu olması ona problemlər yaşadıb. 20-21 yaşlı subay övladlarının iki uşaq anası ilə görüşməsi oğlanın valideynlərini narahat edib. Valideynlər bunun qarşısını dəfələrlə almağa çalışsalar da cəhdləri boşa çıxıb. Sevgililəri ayırmaq mümkün olmayıb. Cəhdlərinin boşa çıxdığını görən valideynlər çıxış yolunu Nigar Camalı qorxutmaqda görüblər. Bundan sonra ifaçı məmurun adamları tərəfindən möhkəm döyülüb. Həyati təhlükənin reallığını dərk edən ifaçı ayrılmaq qərarını verib.
Musavat.com-un məlumatına görə, bu günlərdə Londona səfər edən müğənni Nigar Camal sosial şəbəkədə bu məsələyə öz münasibətini bildirib. “İnstagram” səhfəsindəki izləyicilərinin “Döyülməyiniz doğrudurmu?” sualına müğənni bu cür rəy bildirib: “Yox, öldürüblər, sadəcə cəhənnəmdə Wi-Fi tapıb yazıram (gülümsəmək işarəsini qeyd edib). Əlbəttə ki, xeyr”. İzləyicinin “bu cür xəbərləri yayan saytları cəzalandırmaq lazımdır” şərhinə isə müğənni “sözsüz, bizə düşmən lazım deyil” cavabını verib.
Qeyd edək ki, Nigar Camal 2005-ci ildə kiprli Haluk Camalla ailə həyatı qurub və bu izdivacdan iki qızı var. Ötən il müğənni mətbuata açıqlama verərək ərindən boşandığını bildirmişdi.
Gündəmin qalmaqallı xəbərlərindən biri də müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilovun gecə klublarının birində vəhşicəsinə döyülməsi barədə yayılan məlumatlar oldu. Qeyd edək ki, Anar Cəlilov “Çudo Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.
AzNews.az saytının məlumatına görə, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. Hadisə nəticəsində Anar Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Bir neçə nəfər tərəfindən döyülən A.Cəlilovun sifəti darmadağın edilib. Döyülən şəxslər aldıqları ciddi xəsarətlə xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı Nəsimi rayon polis idarəsində cinayət işinin açıldığı bildirilir. Hadisəni törədən mühafizəçilər saxlanılıb. Saytın yaydığı məlumata görə, mühafizəçilər A.Cəlilovun döyülməsinin səbəbini həddindən artıq sərxoş vəziyyətdə kluba daxil olmaq istəməsi və orada qadınlara qarşı nalayiq ifadələr işlətməsi olub. Xəbərdarlığa baxmayaraq A.Cəlilov sakitləşməyib, əksinə mühafizəçilərin üzərinə hücum edib.
 
Məsələ ilə əlaqədar dəfələrlə Nəsimi Rayon Polis İdarəsi ilə əlaqə saxlasaq da telefon zənglərimiz cavabsız qaldı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə “Yeni Müsavat”a bildirdi ki, məsələ ilə əlaqədar məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verə biləcək. 
Keçmiş ərinin döyülməsi xəbərinə müğənni Röya Ayxanın da münasibətini öyrənməyə çalışdıq. Müğənninin mətbuat katibi Türkan Məmmədli bu cür məsələlərdə müğənninin adının hallanmasını pisləyib: “Ümumiyyətlə bu məsələnin bizə aidiyyəti olmamalıdır. Niyə hər dəfə Anar Cəlilovla bağlı bir yazı dərc olunanda mütləq Röyanın adı da hallanır burda? Hər kəsin şəxsi həyatı var. Onunla bağlı nə baş verirsə bizimlə nə əlaqəsi var? Çox xahiş edirik ki, bu cür xəbərlərdə Röyanın adı hallanmasın”.
 
“Röya Ayxanın bu məsələ ilə bağlı bir məlumatı varmı” sualımıza mətbuata katibi bu cür cavab verdi:
“Bu barədə Röya xanımla danışmamışıq. Amma məlumatı olsa nə olacaq ki, nəyə qarışacaq?”.
Xatırladaq ki, müğənni Röya Ayxan Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Onların bu evlilikdən Hüseyn adlı oğlanları var. 2014-cü ildə A.Cəlilov “İnstagram” səhfəsində müğənni ilə rəsmən boşandıqları haqda məlumat yaymışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button