Azərbaycanlı tələbə Londonda 2000 manata ofisiant işlədi – REPORTAJ (FOTOLAR)

Buludlu-günəşli Londona xas adi bir gündə əlimdə sənədlərim şəhərin çox işlək küçələrdən birində yerləşən pizzaçının geniş həyətindən içəri keçirəm. Ofisiantlardan biri müştəri zənn edib, qarşılayır. İş üçün gəldiyimi deyib, əvvəlcədən onlayn olaraq randevu aldığım menecerin adını verirəm, onunla görüşmək istədiyimi bildirirəm. İtaliyan ləhcəli 30 yaşlarındakı gülərüz menecer məni qarşılayır, sonradan axşamları hər gün canlı musiqiyə ev sahibliyi edən loş işıqlarla döşənilmiş restoranın zirzəmi qatına aparır məni. Bir masada üzbəüz otururuq, suallar verir mənə, nə üçün bu şirkətlə işləmək istəyirəm, deyə. “Pizzalarınızı çox sevirəm, deyirəm, çox gözəldir, ona görə fikirləşdim ki, bunun bir parçası olmaq çox gözəl olar… Həm də pula ehtiyacım var”.

Bilin ki, bir çoxları Londonda ofisiantlıq kimi xidmət sektorunun müxtəlif sahələrinə qoşulursa, bunun məhz ən böyük səbəbi də puldur. Londonda həyat bahalıdır və “part time” işləyə biləcəyiniz, saatları seçə biləcəyiniz bu cür işlər sizə bahalı şəhərdə həyata tutunmağa bir xeyli kömək edə bilər.

Menecer növbəti sualını verir: “Məsələn, bir müştəri hansısa səbəbdən narazılıq etsə, sən nə edərsən?”. Bir anlıq fikirləşirəm. “Yəqin deyərəm ki, bir dəqiqə gözləyin, meneceri çağırım”. Gülümsəyir, sualın cavabını belə izah edir: “Əvvəlcə müştərini axıra qədər dinlə, onun nədən narazı qaldığını dəqiq öyrən. Məsələn, pizza ona soyuq gəlibsə, isitməyi, ya da eyni bir pizza ilə əvəzləməyi təklif et”. Başımı yelləyib, sualın cavabını bilmədiyim üçün bir az pərt oluram, amma daha əvvəl ofisiantlıq təcrübəmin olmadığını dərhal əlavə edirəm. İngiliscəmin səlis olması sevindirir meneceri. Şansım varmış, mənim başlayacağım “runner” pozisiyasındakı digər qız italyandır və ingiliscə az bilir. “Runner” Azərbaycan dilinə “qaçıcı” kimi tərcümə olunur. Bu, ofisiantlıqdan bir pillə aşağı mövqedə olan işdir. Burada sən sobada ustaların bişirdiyi isti pizzaları müştəriyə aparmaq üçün ofisiantlara kömək edir, yeməkləri masalara daşıyırsan.

Bir neçə gün sonra, restoranın üç mərtəbəsi arasında isti pizzaları daşımağa çalışarkən bu sözün nə qədər yerində olduğunu anlayıram. (Havalar isinəndə restoranın önündəki həyəti də sayanda, 4 mərtəbəni hər gün neçə dəfə düşüb-çıxırsan). Fast-food olduğu, mərkəzdə yerləşdiyi və qiymətlərin digər pizzaçılara görə münasib olduğunu nəzərə alanda, restoran əksər zamanlarda doludur. Buna görə də dayanmadan düz iki ay (bu qədər işlədim) bu pilləkənləri düşüb-çıxmaq məcburiyyətində qaldım.

Restoranda ən pik saatlar həftə içi axşam saat 6-9 arası və həftə sonlarıdır. Ona görə də, həftə içində bir gün icazə almaqla, həftə sonları iki variant – günorta saat 12-4 və axşam saat 5-9 arası olmaqla işə başlayıram.

Londonda işləmək üçün ən vacib şey, əlbəttə, iş vizasıdır. İş vizanız yoxdursa, tələbə vizanızla həftədə maksimum 20 saat işləyə bilərsəniz. 20 saatdan artıq işləmək isə qeyri-qanunidir. Mən də, magistr təhsilini yenicə bitirdiyimə və tələbə vizam daha üç ay mövcud olduğuna görə, 20 saatdan artıq işləyə bilərdim…

***

 Bir az restoranın özündən və işçilərindən danışaq.

Pizzalar təmiz mühitdə, müştərilərin gözü qabağında bişirilir. Çox vaxt eyni iş saatında 4-5 pizza şefi işləyir. Hər növbədə mütləq hamıdan təcrübəli olan, 7-8 ildir işləyən bir pizza şefi var. Bəziləri braziliyalı, bəziləri slovakdır işləyənlərin. Hər millətdən ofisiant var. Kimisi mənim kimi yeni başlayıb, kimi də 9-10 ildir buradadır. Kimi uşağına, ailəsinə pul göndərir, kimi də sadəcə özünə baxır, ya da əlavə xərclərini ödəmək üçün burada işləyir. O qədər işçilərin arasında 3-4 ingilis var idi. Əksəriyyət Avropanın müxtəlif ölkələrindən gələnlərdir.

İlk gün mənə masaların nömrələrini öyrədirlər, çünki üstündə rəqəm olmasa da, ofisiantlar masaların yerini dəqiq bilməlidir. İlk mərtəbədəki masaları ilk gündə öyrənə bildim. Ən çətini yuxarı və aşağı mərtəbələr imiş. Daha sonra növbə müxtəlif pizza növlərini öyrənməyə gəlir. Restoranın menyusunda 20-25 növ pizza var. Bəzi pizzalar, görünüşcə bir-birlərinə çox yaxındır. Etiraf edim ki, işlədiyim axırıncı günə qədər bəzi pizza növlərini qarışdırırdım. Xüsusilə də pik saatlarda pizza şeflərinin dəzgaha yan-yana düzdükləri 15-20 pizza arasından çekdə yazılan, müştəriyə getməli olan pizzaları axtarmağa çalışanda çətinlik yaşayırdım. Ümumiyyətlə, müştərinin çox olduğu günlərdə pizza şefləri də pizzanın içinə yanlışlıqla başqa bir məhsul əlavə edirdi. Belə anlarda ofisiantlar sevinirlər, çünki bu halda ofisiant özü yeməyi üçün pizzanı şefdən istəyə bilər.

***

Hə, ofisiantların yeməyinə gəldikdə… Normalda qarsonlara üzərinə uzağı iki məhsul əlavə edilmiş klassik Marqarita pizzası, ya da salat yeməyə icazə verilir. Ona görə də səhv bişirilən hər hansı bir pizza ofisiantların üzünü güldürür. İlk iki həftədə isə yeni gələn ofisianta menyudakı hər yeməyi yeməyə icazə verilir: “Müştəri hansı pizza haqqında soruşsa, o barədə məlumatın olmalıdır. Ona görə də pizzaların dadını bilməlisən”, – ilk gün menecer demişdi bunu mənə.

Bir gün ofisiant dostlarımdan biri nahar üçün başqa bir restorana üz tutanda təəccüblənirəm. Mənə deyir: “Sən təzəsən, biz illərdir buranın pizzasını yeyirik”. Mən isə işlədiyim müddətdə gözəl italyan pizzasının və salatın dadını çıxardıram.

Mənim ofisiantlıq müddətində ən çox çətinlik çəkdiyim məqam isə əlimdə üç-dörd boşqabı eyni anda daşımağı öyrənməyim olur. “Starter”, yəni isti, yaxud da soyuq qəlyanaltıların olduğu balaca boşqablar, Klassik pizzanın servis edildiyi orta boşqablar və iri, daha incə olan pizzaların qoyulduğu böyük boşqablar olmaq üzrə bütün boşqablar üç hissəyə ayrılır. Qarsonluq etdiyim iki ay boyunca ilk bir neçə gün hər əlimdə yalnız bir ədəd olmaq üzrə, xırda boşqabları daşıya bilirdim. Bir həftə sonra illərdir ofisiantlıq edən 40 yaşlarındakı işçi məni danlayır: “Mən sənin yaşında olandaaaa…”

Axıra qədər həmin ofisiantla ulduzumuz barışmadı. Qarsonluq fəaliyyətimin sonuna yaxın ən böyük boşqablardan üç ədəd daşımağı öyrənmişdim, ancaq məndən təcrübəli olan digər ofisiantlar, xüsusilə də kişi ofisiantlar ümumilikdə 6-7 ədəd böyük boşqabları daşıya bilirdilər. Onlara görə bu, çox asan bir iş idi. Ümumilikdə isə, sobadan çıxan isti pizzalar, yeni yuyulmuş isti boşqablarla birləşəndə vəziyyətin mənim üçün bir qədər gərgin olduğunu təsəvvür edin…

***

Yəqin ki, artıq hamınız mənim maaşım haqqında düşünürsünüz. Yaşım 25-dən az olduğu üçün saatıma minimum əmək haqqı – 7.05 funt alırdım. Təxminən həftədə 28-29 saat işləyirdim. Bir də “tip” deyilən servis haqqı var. Deməli, əgər bir müştəri ofisianta nağd olaraq servis haqqı verirsə, bu, həmin ofisiantın özünə qalır. Əgər kartla servis haqqı verirsə, bu pizza şefləri, qabyuyanlar da daxil olmaqla, cəmləşdirib, bütün işçilər arasında bölüşdürülür. Mən isə hələ ofisiantlıq mərtəbəsinə yüksəlmədiyim üçün servis haqqı yalnız kartla ödənəndə mənə də nəsə qalırdı. Danışmağı sevən və bunu çox yaxşı bacaran bir italyan ofisiant yoldaşımın isə digərlərinə görə həmişə daha çox servis haqqı qazandığının şahidi oluram. O, bunu belə izah edir: “Mən müştəriyə elə davranıram ki, onlar özünü şahzadə kimi hiss edir”. Dəfələrlə həmin yoldaşın günə 50-60 funta yaxın təkcə servis haqqı qazandığını gördüm.

Ofisiantlar servis haqqı verməyən müştəriləri heç sevmirlər. Xüsusilə də saata 7 funt almaq Azərbaycan üçün yaxşı məbləğ sayılsa da, Londonda bu, minimum əmək haqqıdır. Ofisiantların ən xoşuna gəlməyən müştəri tipləri 15-19 yaş arası tələbələrdir. Çünki onlar menyuda ən ucuz yeməkləri sifariş edir, qrup halında gələndə hesabı tək-tək ödəyir və 90 faiz ehtimalla servis haqqı ödəmirlər.

***

Bir aydan sonra menecer həftənin şənbə günləri restoranın qapısında dayanıb, müştəriləri qarşılamağımı istəyir. Qab daşımaqdan qurtulduğum üçün sevinirəm, ancaq sonradan məlum olur ki, bu, daha stresli iş imiş. Şənbə günləri restoranın ən dolu olduğu günlərdir. Qapıda dayanan müştərilərə təxminən 10 dəqiqəyə stollardan birinin boşalacağını deyib, 15 dəqiqə sonra isə müştərinin sual dolu baxışları ilə qarşılaşa bilirsən. Və pik saatlarda çoxlu müştərinin birdən-birə qapının ağzını kəsdirib yer soruşduğu vaxtda müştəriləri yerləşdirməyin qab daşımaqdan daha çətin məsələ olduğunu anlayıram.

Məsələnin görünməyən tərəfi isə, sənin yerləşdirdiyin müştərini bəyənməyən digər ofisiantların hərəkətləri olur. Onlar bəyəndikləri (daha imkanlı görünən və servis haqqı verəcəklərini təxmin etdikləri) müştərini öz masalarında əyləşdirir, digər müştəriləri isə yerlər boş olanda digər masalara göndərirlər. Ona görə, onlar işə bir aydır başlayan bu gənc qızın müştəriləri yerləşdirməyini çox da bəyənmirlər. Menecer isə mənə onlara fikir verməməyi məsləhət görür.

İşə başlamağımdan iki ay keçir… Vizam qurtaracağı üçün menecerə ayrılmalı olduğumu deyirəm. Menecer bu iki ay ərzində heç tətil haqqımdan istifadə etmədiyimi deyir. Bildirir ki, ona görə, mən əlavə 100-200 funt arası ödəniş olacaq. Təəccüblənirəm. İki aydır başladığım işdə, sən demə, tətil haqqım da var imiş. Bundan başqa, işlədiyim iki ay ərzində restoranda işçilər üçün əyləncə gecəsi düzənlənmişdi. Çünki bizim restoran şəbəkəsi o biri yerlərdəkindən daha yaxşı nəticə əldə etmişdilər.

***

Bax belə… Londonda tələbə vaxtı çalışdığım bu iş Londondakı xidmət sahəsində böyük təcrübələr qazandırır mənə.Ancaq onu deyə bilərəm ki təxminən 2000 manat olan 900 funt Londonda elə də böyük məbləğ sayılmır. Burada yaşayış çox bahadır. Mərkəzdə ən ucuz, 6-7 nəfərlə bölüşəcəyin evlər 400-500 funt arasındadır. Ancaq burada qalmaq çox çətindir. Normal, yaşana biləcək evlər isə ən az 600 funtdan başlayır. Aylıq metro kartı almaq istəsəniz, 100 funtdan çox xərciniz çıxacaq. Ərzaq isə bahadır…

Beləcə, qazandığım 900 funt tez bir zamanda qurtarır. Bəzi iş yoldaşlarım həftədə 47 saat işləyirdilər. Onlar evlərinə, xaricdəki ailələrinə də pul göndərə bilirlər… Mən isə 900 funt, yəni 2000 manatdan çox pulla özümü güclə dolandıra bilirdim…

P.S: Fotolara gəlincə, iş vaxtlarında telefondan istifadə qadağan olduğu üçün, çalışdığım müddətcə ancaq özümün selfilərini çəkə bilirəm. Digər gördüyünüz yemək fotoları isə mənim günorta, ya da axşam yeməyimə daxil olan yeməklərdir. İşdən ayrıldığım son gündə isə iş yoldaşlarımdan mənim üçün bir xatirə fotosu çəkməyi xahiş edirəm…

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button