AzərTAc-ın Strasburq məlumatı

ilham aliyev 24062014 strasburq24.06.2014

Rəsmi dövlət agentliyi AzərTAc Strasburqdan, prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı 24 iyun nitqindən məlumat yayıb. Məlumatı  Oxuculara təqdim edirik:

– Prezident İlham Əliyev nitqində dəvətə görə təşəkkürünü bildirərək yenidən Strasburqda olmaqdan məmnunluğunu qeyd etdi. Dövlət başçısı müstəqillik illərində iqtisadi sahədə əldə olunan uğurlardan danışdı. Avropa Şurasına üzvlüyü dövründə ölkəmizin bir çox nailiyyətlər qazandığını deyən Azərbaycan prezidenti müstəqilliyin ilk dövrlərində yaşanan çətinliklərdən bəhs etdi. Dövlət başçısı ötən dövrdə ölkədə bir çox azadlıqların təmin edildiyini, mətbuat və söz azadlığı sahəsində mühüm islahatların həyata keçirildiyini, azad internetin mövcud olduğunu söylədi.
Demokratik institutların fəaliyyətinin təmin edilməsi, din azadlığı sahəsində də görülən işlərin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev yüz illər boyu ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlandığını diqqətə çatdırdı. Bildirdi ki, bu gün Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır və ölkəmiz 2008-ci ildə başlayan Bakı prosesinin təşəbbüskarıdır.

Prezident İlham Əliyev ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizənin aparıldığına diqqəti cəlb edərək bu sahədə dövlət səviyyəsində islahatların həyata keçirildiyini bildirdi.

Azərbaycanda güclü, vətənpərvər, təhsilli gəncliyin olduğunu, yüzlərlə məktəbin tikildiyini, dünyanın məşhur universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı böyük tarixi, zəngin mədəniyyəti olan ölkənin bu gün regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilir. Bu da bölgə ölkələrinin inkişafına müsbət təsirini göstərir.

2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv olan Azərbaycanın bu qurumda fəaliyyəti dövründə ədaləti dəstəklədiyini deyən prezident İlham Əliyev ölkənin dünyanın bir çox dövlətləri ilə konstruktiv əlaqələr qurduğunu söylədi.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, Avropa Şurasının ölkənin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev bu münaqişənin bütün regionu təhdid altında saxladığını vurğuladı. Qeyd etdi ki, Azərbaycanın tarixi bölgəsi olan Dağlıq Qarabağa ermənilər sonradan gəliblər və bu ərazilərin Azərbaycana məxsus olduğunu tarixi abidələr də təsdiq edir. Ermənilərin tarixi torpaqlarımızda etnik təmizləmə apardığını, Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayonun 20 ildən çoxdur işğal altında olduğunu deyən prezident İlham Əliyev beynəlxalq hüququn Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğuladı. Azərbaycan prezidenti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini, lakin onların hələ də icra olunmadığını, baxmayaraq ki, bənzər hallarda bu qətnamələrin bir neçə saat ərzində həyata keçirildiyini bildirdi. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının status-kvonun saxlanmasının mümkünsüzlüyü ilə bağlı bəyanatlarını xatırladan Azərbaycan prezidenti digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin də icrasının vacibliyini diqqətə çatdırdı. Ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasının da təsdiqlədiyini deyən prezident İlham Əliyev tarixi Azərbaycan torpağı olan İrəvanın XX əsrin əvvəllərində Ermənistana paytaxt kimi verildiyini bildirdi.

Dövlət başçısı son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, enerji siyasətindən danışdı, beynəlxalq reytinq agentliklərinin ölkəmizin iqtisadi reytinqini artırdığını diqqətə çatdırdı. “Bu gün beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan sürətlə müasirləşir”  deyən İlham Əliyev demokratik proseslərin və azadlıqların təmin edilməsinin bundan sonra da ölkəmiz üçün prioritet olacağını vurğuladı.

Video

http://clients.dbee.com/coe/webcast/index.php?id=20140624-2&lang=en&ch=27

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button