Azad Həsənovun apelyasiya şikayəti təmin edilməyib

Vəkil: ”Biz hüquqi addımlarımızı atacağıq”

Bakı Apelyasiya Məhkəməsi oktyabrın 19-da müsavatçı Azad Həsənovun haqqında 4 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Prosesdə Azad Həsənov da iştirak edib.

Məhkəmədən sonra jurnalistlərin suallarını cavablandıran vəkil Osman Kazımov deyib ki, Azad Həsənovu oktyabrın 11-də Hövsan qəsəbəsində saxlaylblar, onu Bakı Baş Polis İdarəsinin mülki formada olan əməkdaşları 99 662 dövlət nömrə nişanlı “Hunday” markalı maşında aparıblar və yaxınlarına məlumat verməyiblər. Hətta onu zorla aparanlar özlərinin polis əməkdaşı olduqlarını da deməyiblər. İdarədə onu təhdid edib cibinə narkotik maddə qoyublar. İdarədə Azad Həsənova deyiblər ki, əgər boynuna almasan, işgəncə veriləcək. Azad Həsənov görüb ki, çıxış yolu yoxdur, ona deyilənləri yazıb.

“Özü bu barədə məhkəmədə danışdı və Baş prokurora da şikayət göndərilib. Oktyabrın 12-də isə onu Xətai Rayon Məhkəməsinə aparıblar və 4 ay həbs qətimkan tədbiri haqda qərar çıxarılıb. Amma dəvət olunan müdafiəçi çıxarılan qərardan şikayət verməyib”,- vəkil deyib.

Osman Kazımov bildirib ki, onlar Baş Prokurorluğun “qaynar xətt”inə həmin gün məlumat versələr də, heç bir reaksiya olmayıb:

“Yalnız iki gün sonra “qaynar xətt”dən mənə zəng edib Azad Həsənovu tapıb-tapmamağımızı soruşublar. Çox qəribədir ki, polisə nəzarət edən qurum bizdən soruşur”.

Osman Kazımov məhkəmədə çıxarılan qərarın qanunsuz olduğunu söyləyib:

“Azad Həsənovun istintaqdan yayınması, qaçıb gizlənməsi üçün əsaslar yoxdur. Ancaq buna baxmayaraq, məhkəmə arqumentlərimizi qəbul etmədi və qərarı qüvvədə saxladı. Bununla belə, biz hüquqi addımlarımızı atacağıq”.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button