Azad mətbuatı susdurmaq üçün yeni plan

 Ramiz Mehdiyev, Səfər Əbiyev, Rövnəq Abdullayev və daha kimlər…

 Son zamanlar Azərbaycan iqtidarının ən müxtəlif istiqamətlərdən müstəqil mətbuata qarşı hücumlarına start verilib. Xatırladaq ki, hər zaman olduğu kimi siyasi proseslər vüsət alaraq güclənəndə və hakimiyyət zorla bu hərəkətlənməni yatırandan sonra azad mətbuata qarşı basqılara başlayıblar. Artıq ənənəvi taktika yenidən həyata keçirilməyə başlayıb.

Bu ilin yazında Azərbaycanda başlanan kütləvi etiraz aksiyalarının qarşısı artıq məntiqi sonluğa yetişməklə alınıb. Bu günlərdə məhkəmələrin qərarı ilə şərti olaraq adlandırılan «2 aprelçilər»ə ədalətsiz olaraq məhkəmə qərarı çıxarılıb. Sərbəst toplaşmaq azadlıqlarının təmin edilməsi, söz və mətbuat azadlığının təminatı və bu kimi adi demokratik haqların bərpasını tələb edən müxalifət fəalları artıq həbs ediliblər.

Və məhkəmələrin başa çatması ərəfəsində müstəqil mətbuata qarşı basqılar da başlayıb. Məhkəmələrin yekunlaşmasına az qalmış Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititutunun işçisi İdrak Abbasovun evinə basqın edilidi. Jurnalistin ailə üzvlərinə qarşı amansızlıqla fiziki güc tətbiq olundu. Bu ərəfədə «Gündəm xəbər» qəzetinə qarşı da Vergilər Nazirliyinin və Baş Prokurorluğun rəsmi basqılarına start verildi.Mətbuat Şurasının şikayəti ilə Baş Prokurorluq Vergilər Nazirliyinə müraciət etdi. Vergi əməkdaşları qəzetə qarşı amansızcasına basqılar etməyə başladılar.

Bundan sonra isə hakimiyyət Mətbuat Şurasının əliylə ölkənin ən nüfuzlu nəşrlərindən olan «Azadlıq» qəzetinə qarşı inzibati xəbərdarlıq etməklə təzyiqlərə başladı.

Bundan sonra isə hədəfə «Yeni Müsavat» qəzeti çıxdı. Müdafiə Nazirliyinin əliylə qəzetə qarşı təzyiqlərə start verildi. Qəzetin ölkənin xəbər portalları arasında ən iri saytına qarşı haker hücumları təşkil olundu.

Dünən isə Salyan rayonun icra başçısı bir neçə «ağsaqqal»ı «Yeni Müsavat»ın redaksiyasına söyüş söyməyə yollamışdı. Adamlar sözün bütün mənalarında təxribatçılığın «ağsaqqalları» idilər.

Və dünən daha bir məlumat aldıq ki, artıq ARDNŞ prezidenti Rövnəq Abdullayev də «Yeni Müsavat»a qarşı məhkəmə iddiası irəli sürməyə başlayır.

Bu ilin yazından etibarən daha çox təzyiqlərlə üzləşən isə «Xural» qəzeti oldu. Qəzetin demək olar ki, üzərinə eyni anda bir neçə məhkəmə qərarının yüklənməsi təşkil edilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şəxsən qəzetimizi məhkəməyə verərək 10 min manat pul istəməsi üzrə məhkəmənin çıxardığı qərar icraata yönəldildi. Bundan sonra isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərlinin iddiası üzrə məhkəmənin çıxardığı 5 min manatlıq cərimə də icraya yönəldildi. Və nəhayət, ötən həftə Xırdalan Pivə Zavodunun direktoru Adam Tlexuray tərəfindən məhkəməyə 150 min manatlıq cərimə iddiası ilə şikayət daxil olub. Artıq ilkin hazırlıq iclası da keçirilib.

Bütün bu təzyiqlər heç də səbəbsiz deyil. İllərdir ki, Prezident Administrasiyasının buyruqlarını yerinə yetirən, azad mətbuata qarşı ən əziz adamlarının layiq olduğu «reket» «qara siyahı» adı altında şantajlar təşkil edən Mətbuat Şurasına daha dözə bilməyən onlarla azad media orqanı yeni müdafiə sistemi qurmağa, yeni birlik yaratmağa qərar verib. Artıq iki aya yaxındır ki, Redaktorlar Birliyi kifayət qədər məhsuldar iş ortaya qoya bilib. Və əlbəttə ki, bu gün PA-nın razılığı olmadan nə Mətbuat Şurası, nə də bir məmur qəzetlərə qarşı təzyiq edə bilməz. Azərbaycanda heç bir müstəqil mətbuat və ya həmin orqanın işçisi PA-nın razılığı olmadan məhkəmə qarşısına çıxarılmır. Və təbii ki, görünən dağa bələdçi lazım olmadığı kimi, PA-nın illərlə investitsiya yatırıb bəslədiyi Mətbuat Şurasını bircə ayın içində iflas edən birlik yaradanlara qarşı təzyiqlərin başlayacağı gözlənilən idi. Və bu payız hücumunun başladılması da durdurulması da bir mərkəzdən sistemli şəkildə təşkil edilir…

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Hec kim Azerbaycan xalqinin en cox istifade etdiyi izlediyi metbuat orqanlarina nese etmemelidi.hakimiyyet bunu anlamalidi hec olmasa Azerbaycanda Musavat,Azadliq,Xural kimi azad metbu orqanlar olmalidi.hakimiyyet bunun eleyhine nese etse bu Azerbaycanda demokratiyanin son isigina zerbe olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button