Azad sözün həbsi!!!

Bu dəfə də hakimiyyət təzə heç bir nəsnə icad etmədi. Hər şey lap əvvəllərdən yoxlanılmış və təcrübədən keçirilmiş üsullarla həyata keçirildi. Əvəz Zeynallıya “adam balası” kimi dedilər ki, yazma, dayan. Nə istəyirsən verək. Əvəz yazdı. Dönmədi. Onda dedilər ki, bunun dalında duran qüvvələr var. Onu sıxaq, dalındakı qüvvələr meydana çıxsın. Sıxdılar, sıxdıqca daha da şiddətli yazılar meydana gəldi. Amma nə isə ortaya bir adam çıxmadı. Akademik Ramiz Mehdiyevlə bağlı müəyyən qrupların əli ilə, müəyyən adamlar vasitəsilə “ Xural” a sırınmış bir yazı olayı böyüyüb bir dağa çevrildi. Əslində yazının qurama olduğunu vaxtında başa düşən Əvəz Zeynallı qəzetində dərhal təkzib vermişdi. Əks tərəfdə bilirdi ki, kim onun bostanına daş atıb.

Lakin bu Əvəzin başında qurulmuş böyük oyunun birinci fazası idi. Bu oyunun məntiqi sonu həm “ Xural”- ı, həm Əvəz Zeynallını məhv etməli idi. Bu olayların ikinci fazasında xanım deputatın meydana çıxması və gülünc iddialarla korrupsiya idarəsinə müraciət etməsi, yenə eynilə köhnə, dünya qədər qədim olan provakativ cəzalandırma mexanizmini bizim yadımıza salır. Aydın olmayan, hətta təqsirləndirilənin səsi eşidilməyən bir qanunsuz yazılmış diktafon yazısına görə adamı həbs etmək nə qədər qanunidir. Əgər Əvəz Zeynallı ŞANTAJ YOLU İLƏ PUL QAZANMAQ İSTƏYİRDİSƏ BU XANIMDAN NİYƏ QAÇIRDI? Əgər doğurdanda Əvəz Zeynallı bu xanımdan pul tələb edirdisə niyə prokurorluq bu kasıb xanıma pulu verib, Əvəzi faktla həbs etmədi? Bu əməliyyatı qurmaq nə dərəcədə çətindir? Bu qədər qəliz prosedura nəyə lazım idi? Əgər 26 oktyabrdan dinlənilən ( Rəsmi versiya. Bizdə olan məlumata görə isə “ Xural” qəzeti artıq bur ay idi dinlənilirdi.) “ Xural” qəzeti və onun kollektivinə qarşı heç olmasa bir balaca şübhəli bir şey tapılsaydı biz indi ittiham edici gurultulardan kar olmuşduq. Məhkəmə qərarı ilə dinlənilən Əvəz Zeynallı əgər ona qarşı irəli sürülmüş bu ittihamları təsdiq edən bir balaca ip ucu versəydi indi sizi inandırıram “ Azərbaycan” və ona oxşar qəzetlərdə palaz- palaz məqalələr görərdik. ( Düzdür məqalələr var, amma faktlarla bağlı deyil, sadəcə təhqirlərlə doludur. ) Deputat xanımın quraşdırdığı dəlillərin ortaya çıxarılacaq qədər layiqli olmadığını görən prokurorluq, yeni dəlillər axtarışına çıxmış və “ tapmışdır” Əvəzin, bəzi xoşagəlməz hərəkətlərinə görə illərlə danışdırmadığı məktəb yoldaşı, qohumu və onun işçisi olan biri, birdə onların çevrəsi. Əvəz Zeynallı illərlə o adamla danışmamışdır. İsrarlı cəhdlərdən sonra həbs olunan gün onunla barışmış və bir yerdə “ Kanal 13” getmişlər ki, verilişdən sonra çay içsinlər. İçdilər Əvəzi təhvil verəndən sonra. Birdə Sabir Tarverdiyev! Onun haqda heç yazmağa dəyməz. Çün ki, media camıəsi onu yaxşı tanıyır.

Əslində isə oktyabrın 19 – da məhkəmə icraçılarının “ Xural” qəzetinin avadanlıqlarını müsadirə etmələri Əvəz Zeynallıya son xəbərdarlıq idi. ( Ondan əvvəl dəfələrlə üstüörtülü sərt və yumşaq xəbərdarlıqlar olmuşdu. Hətta ittihamçı deputata xanım özü Əvəzə bir çox şirnikləşdirici təkliflər etmişdi.) Qəzet çıxmamalıdır. “ Xural” susmalıdır. Bunun üçün görəvləndirilmiş məhkəmə icraçıları əmrə əsasən redaksiyanı gecə saat 10- 30 da tərk etdilər və bütün avadanlıqları özləri ilə apardılar. Artıq qəzeti çıxartmaq mümkün deyildi.( bunu hökm sahibləri fikirləşirdilər.) Bütün bunlara baxmayaraq, “ Xural” öz “ qu nəğməsini” axırıncı nömrəsi ilə oxudu. Mümkün olmayan, mümkün oldu! Bu azad sözün qələbəsinə həsr olunmuş möhtəşəm nömrə!!

Bu Əvəz Zeynallının, “ Xural” qəzetinin kollektivinin azad, demokratik sözü boğanlara cavabı idi. Bu Əvəz Zeynallının azad söz uğrunda başını siyasi gilyotinin altına qoyması idi. Əslində qəzeti bağlamasaydılar Əvəz Zeynallı nəşri dayandırmalı olacaqdı. Çünki, maddı durum elə vəziyyətdə idi ki, maşınlarımıza benzin belə almağa pulumuz yetmirdi. Amma hakimiyyətin açıq aydın qanunları ayaq altına ataraq üstümüzə gəlməsi Əvəz Zeynallını qeyri adi bir aksiya keçirtməyə məcbur etdi. Amerika dövlətinə 19 000 manat borc üçün müraciət edir və bunun əslində üsul- idarəyə etiraz aksiyası olduğunu heç kimdən gizlətmir. Bu artıq dolmuş səbir kasasının daşması üçün son damlalardan idi. Ardınca dayandırılmış “ Xural” – ın çapı gəlirdi. Buna isə dözmək mümkün deyildi. Ona görə bu sürətli və heç bir dəlilə dayanmayan ittiham və həbs. Budur əslində Əvəz Zeynallının tələsik və dəlilsiz həbsinin arxasında dayanan nəsnələr. Yoxsa saxta telefon danışıqları, diktafon yazıları da düzəldilər və işə əlavə olunardı ( bu gün texnologiya elə səviyyədədir ki, sənin öz danışığından elə yazılar quraşdırarlar ki, sən Marksın əvəzinə “ Kapitalı” yazdığını boynuna alarsan) Sadəcə olaraq Əvəz Zeynallının “ Xural” –ı yenidən çap edəcəyi günü elan edən kimi cəza mexanizmi təcili işə düşdü. Əsas Əvəzi həbs etmək idi, çünki o siyası hakimiyyətin işbilənlərinə meydan oxuyurdu.

Bu ittiham üçün bir gurultulu ad lazım idi. O da, bizim xanım deputat oldu. Əgər biz həyatı şahmat taxtası ilə əvəz etsək, bütün bunlar tam gücü ilə hücüma keçmiş şahmatçının seytnota düşəcəyini görərək mittelşpildə taxta üzərində güclü görünən, əslində isə bütün imkanları tükənmiş və gediş üçün heç bir yolu qalmayan bir fiqurun rəqibə sarsıdıcı zərbə vurmaq üçün qurban verildiyini görərik. Lakin artıq gecdir, çünki, birinci qırmızı bayraq düşüb, ikinci isə rəqib bütün bunları çox gözəl görür. Arxasınca gələnlər isə artıq bu işə don geyindirmək üçündür. Əvəzin həbsi yenidən çap olunacaq qəzetin qorxusudur. Həmdə Əvəzi həbs edənlər onun heç bir avtoriteti qəbul etmədiyini bilərək (iqtidarlı, müxalifətli, çoxlarını sərt tənqid edib) ona dəstəyin belə böyük olacağına inanmırdılar.

Amma əksinə oldu. Hamı Əvəz Zeynallının azad sözə, azad fikrə görə tutulduğunu başa düşdü və etiraz tufanı başladı. İttihamların heç bir tənqidə dözmədiyi üçün və bu həbsin siyasi sifariş olduğunu artıq sübut etməyə ehtiyac belə qalmayıb. Bundan sonra ola bilər ki, minlərlə növbətçi üzə duranlar, hal şahidləri çıxsın, istintaq yeni telefon və diktafon yazıları tapsın, bunlar hamısı Əvəz Zeynallının günahsızlığının sübutuna işləyəcək.

BƏLİ ƏVƏZ ZEYNALLI VİCDAN MƏHBUSUDUR!!!

“CONTACT” İA

http://www.contact.az/docs/2011/Want%20to%20Say/111411644az.htm

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button