Azadlığın tək adı – Vidadi İsgəndərli!

Ramin Deko

ramin.deko@gmail.com

O, həm də Azadlığın özüdür…

Vicdan nədir? Görünür? Təbii ki, yox… Ancaq insana baxanda ilk baxışdan onun vicdanlı olub-olmadığı aydın sezilir. Deyirlər, filankəs vicdanının səsiylə hərəkət etdi. Bəzən vicdanın səsiylə işləyən Şeytanın səsiylə də min bir alçaqlığa gedir.

Vicdanlı adam tapmaq mümkündür. Vicdansızı axtarmağa gərək yoxdur. O, səni həmişə izləyir. Ayağını azca çəpəki qoyan kimi səni bürüyəcək. Əvvəldən belə olub, həmişə də belə olacaq…

Vicdanın susmağı hər şeyin – bütün müqəddəs dəyərlərin məhvi deməkdi. Vicdanın susursa, deməli, səndə nə namus, nə qeyrət, nə ar, nə insanlıq, nə alicənablıq olacaq, bunu heç gözləmə də.

Vicdan sözün əsl mənasında hisslərin ən alisidir. Vicdan gərək susmasın. Vicdan susanda cəmiyyət də qəhr olur, insanlıq da…

İNSANLIQ! Başqa canlılardan tək üstünlüyümüz şüurumuzdur. Şüur varsa İNSAN olmağı bacara bilərik. Bacaracağıqsa insan olmağın haqqını verəcəyik. Atılan hər addımın son qərarını da özümüz veririk – ya Vicdanın, ya da Şeytanın səsinə qulaq asa-asa. Seçim bizimdir. Deməli, vicdanlı da bizik, vicdansız da…

O, vicdanlı yolu seçdi. “Vicdan nədir”ə cavab tapdığı üçün…

Vicdansızlar isə yenə də vicdansızlığındadır.

Allah insana bütün əzabları düçar etsin, ancaq vicdan əzabıyla onu üz-üzə qoymasın. Vicdan əzabı əzabların ən alisidir…

Hüquq müdafiəçisinin görkü

O, nəinki doğulduğu obanın, bütünlüklə ölkənin hüquq müdafiəçisi oldu. Söhbətin kimdən getdiyi yəqin ki, bəllidir…

Özlərini şifrələnmiş kod kimi cəmiyyətə sırayan, əslində insan haqlarından başqa hər şeylə məşğul olan, üzdə olan bəzi hüquq müdafiəçilərinə onun mübarizəsi görk oldu. Onlar anladı ki, əsl müdafiəçi belə olmalıdır. Başa düşdülər ki, insanların haqqını bu cür qorumaq lazımdır. Anlamayanlar isə ona “dəli” dedilər.

Hə, belə bir cəmiyyətdə təmənnasız işləyənlər, hər bir insanın özəl haqqı olan Azadlıq üçün çarpışanlar yalnız DƏLİ ola bilər.

Tez-tez işlətdiyi bir fikri var: “Düşmənimin də haqqı tapdansa onu müdafiə edəcəm”. Onun üçün kimlik arxa dərəcəlidir. Qarşısındakı insanın vicdanlı və yaxud vicdansız olduğunu ayırd etməyə vaxtı yoxdur. Qərarını verir, hüququnu qoruyur. Haqqı tapdanırsa onu müdafiə edəcək. Ona nə vaxtsa xətər yetiribsə, rejimin quyruq bulayanı olubsa belə fərq etmir. Haqqdan-ədalətdən yanadır.

Məhkəməsində ona rişxənd edən şəxsi o, bir zamanlar həbsdən, dörd divardan azad edib. İndi o şəxs müttəhim kürsüsündə, əslində isə onu “ittiham” edənləri ittiham edən insana ZİNDAN arzulayır – ən dəhşətli kalonu, ən eybəcər bir zonu… Ancaq o yenə azadlıqda olan kimi o şəxsə öz yardım əlini uzadacaq. Onun hüquqlarını qoruyacaq. Buna, öz varlığın, vücudun qədər əmin ol…

“Su gələn arxa bir də gələr” – deyib o vaxtın kişiləri… O, yenə istədiyi AZADLIĞINA qovuşacaq. Baxmayaraq ki, ZİNDAN da AZADdır…

Qazananlar…

O, rüşvət və korrupsiyada bütün məmurları ittiham edir. Qatığa ağ deyə bilməyənlər susa da bilmirlər, özlərini rəzil duruma salırlar. Şahidlər, bir tikə çörəyə möhtac olanlar belə, artıq onun üzünə durmurlar. Biabır olacaqlarından utanırlar. “Biz üzə dura bilmərik!” söyləyirlər. Çünki anlayırlar ki, bu işin axırı yoxdur. Axı qondarma ittihamlarla məhbəsə salınan şəxs azadlığa qovuşan kimi hamısıyla haqq-hesab çəkəcəyini, hüquqi müstəvidə mübarizə aparacağını deyir. Məhz buna görə, “zərərçəkənlər” geri çəkilirlər.

“Mən onu tanımıram. O, heç bir zərər vurmayıb. Sifətinə baxanda ziyan verən şəxsə oxşamır. Üzündən nur yağır. İnanmıram ki, kiməsə o ziyan vursun. Həm də mən evdən bayıra çıxmıram ki, ondan hansısa bir zərər də görüm” – bu sözləri məhkəmə prosesinə qatilan şahidlərdən biri dedi. Hakimiyyət onu ZƏRƏRÇƏKƏN kimi onun üzünə durğuzmaq istəyirdi. O isə buna DUR deməyi bacardı.

Məhkəməyə təşrif buyuran, Onun üzünə durmaqla vəzifə sahibi olmaq istəyənlər də artıq qatarın getdiyinin şahidi olublar. Əmindirlər ki, tora düşüblər. Ancaq geriyə də yolları qalmayıb. Sona kimi “mübarizə” aparmalıdırlar.

İnsanları qazandıran da odur. Kimi üzünə durub hansısa imtiyaz alır, kimsə də haqq yolunu tutub vicdanını saxlayır. Hər iki halda hər iki tərəf qazanır…

Möhtəşəm…

O, əvvəlki kimi yenə də möhtəşəmdir. Onun üçün içəriylə çölün heç bir fərqi yoxdur. Çöldə necə idisə, içəridə də elədir. Yenə çılğın, kimsəyə aman vermədən ucadan danımaq, əsəbi – ona xoş olan xususiyyətdir.  Hətta məhkəmədə vəkilin sözünü kəsərək fikrini bildirir…

Şüurlu şəkildə siyasi şəhidlik yolunu seçdiyini deyir. Həbs olacağını öncədən bilirdi, ancaq yenə də susmurdu…

Bəzən yazısı olmayan və yaxud yazısı olub mövqe öyrənmək üçün cəsarətli şərhçi tapa bilməyən müxbirin yadına ilk an o gəlirdi. Bir sözlə, nədən istəsən danışa, kimi istəsən tənqid edə bilər. Məhz buna görə o möhtəşəmdir. Buna görə jurnalistlər onu çox sevir…

O, ciddi olduğu qədər zarafatcıl, zarafat etdiyi qədər də ciddi ola bilir. Ətrafıyla bildiyi kimi davranır. Olduğu məclislərin qocası, cavanı qarşısında söz deyə bilmir. Səhv desə belə kimsənin cəsarəti çatmır. Ortaya atılan mövzu haqda geniş bilgiyə malik olmasa da, sözünün qarşısında söz deməyə hər kişidə hünər yoxdur.

Pulsuz tamaşa

Bütün siyasi məhbusların məhkəmələri kimi onun da məhkəməsi komediyadır. Zalda oturub prosesin necə getdiyini görüb, uğunursan. Gülməmək mümkün deyil. Məhkəmə zalından azca kənarda mədəniyyət evi var. Mədəniyyət evinin işçilərinin işi-gücü onun üzünə durmaqdır. Tamaşa üçün onlara təqdim edilən rolun gözəl ifa etmək “mədəniyyət”çilərin əsas vəzifəsidir. Ancaq görürsən ki, bunu da bacara bilmirlər. Sonuncu dəfə parlament seçkilərində deyilən tamaşanı oynaya bilmədilər. Faciəni komediyaya çevirdilər. Elə bu dəfə də… Pulsuz tamaşadır. Onsuz da son illər bizim səhnələrdə fərli-başlı bir şey göstərilmir. Göyçayda qurulan məhkəmədə məntiq deyilən bir şey olmasa da, heç olmasa teatr var. Dekorasiyası bərbad, aktyorları qrimsiz, faciəli epizodları gülüş, gülüş hissələri faciəli bir tamaşa.

Qorxu…

Beş yaşlı kiçik qızı Ayla atası üçün yaman darıxır. Harada olduğunu bilmir. Elə hey onun yolunu gözləyir. Atasını görmək istəyir, ancaq məhkəməyə getmir. Nədənini soruşanda “ora qorxuludur” deyir. Atasını görmək istəyən qızcığaz, yalnız qorxulu olduğu üçün o ünvana baş çəkmir. Nəyin necə olduğunu dərk etməsə də, bildiyi bir şey var – o da QORXU. Atasının qorxulu ünvandan çıxıb, yanında olmasını istəyir. Ancaq atası isə qorxmur, sona qədər mübarizə aparır…

0.05 saniyəyə…

Vidadi İsgəndərli – Azadlığın tək adı. O, həm də Azadlığın dadıdır. Maraq üçün “Google” axtarış sistemində onun adını yazdım – 0.05 saniyə 255 min nəticə…

Nəticə özü hər şeyi deyir. Elə deyilmi?!

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button