AZADLIQ AŞİQİNƏ 6 İL!!!

Əvəz Zeynallı

Nemət Pənahlı dərhal azadlığa buraxılmalıdır!

Mən Nemət Pənahlının yeni siyasi təfəkkürə sahib olduğunu düşünmürəm. Onu təxminən 20 ildir yaxından tanısam da, heç bir zaman siyasi xəttini qəbul etməmişəm. Son həbsindən əvvəl də, məxsusən ötən parlament seçkiləri dövründə uzun-uzun müzakirə və mübahisə etmək imkanlarımız olub. Təxminən Nemət Pənahlının nə zaman tutulacağı haqda da düşüncələrimi söyləmişəm. Özünə dəfələrlə demişəm. Son yazılarını və şeirlərini dərc etməkdən imtina etmişəm və bunu demonstrativ şəkildə – bir neçə adamın qarşısında zorən nümayiş etdirmişəm. Çünki Nemət Pənahlının (mənə görə) düz yolda olmadığını bilirdim və onu saqındırmağa çalışırdım…

***

Nemət Pənahlı Azərbaycan Milli Azadlıq Hərəkatının görkəmli və önəmli məhək daşlarından biridir. O, bizim millətə çevrilmək ərəfəsində olduğumuz zamanlarda «Azadlıq» meydanında yüz minlərlə insana əmr edən, onları bir hərəkəti ilə oturub-durmağa çağıran Azadlıq Aşiqidir. Bu hərəkəti zaman-zaman tənqid və gülüş hədəfi olsa da, mən heç bir zaman o fikirlərlə razılaşmadım. Nemət Pənahlı zamanın əfsanəsi idi və millətin bir yumruq kimi birləşə və düşmənin üzərinə gedəcəyini göstərmək baxımından, onun meydanlara «otur», «dur» əmri verməsi möhtəşəm bir şeydi. Bir millət bir komandanın əmrində olmalıdır! 1988-ci ilin Meydan Hərəkatında olduğu kimi…

***

Siyasi həyatı ziqzaqlarla dopdolu olsa da, bütün silahdaşlarını yerli-yersiz ittiham etsə də, birmənalı qarşılanmayan Heydər Əliyevin hakmiyyətində təmsil olunmaqla böyük prestij itkisinə uğrasa da, son parlament seçkilərində siyasi müxalifəti üzündən oxumaqla yerlə-yeksan etsə də, Nemətin məhkəməsi belə susqun və sakit keçməməli idi. Məncə artıq Azərbaycan o mərhələyə gəlib ki, siyasi düzümdə harada yer almasından asılı olmayaraq bəzi insanlar var ki, onlara qarşı başlanan səlib yürüşünə hamı bir nəfər kimi reaksiya verməlidir. Təbii ki, mənim sözüm ərkimiz çatan düşərgəyədir. İndi hamının ərkinin çatdığı bir düşərgə var – o düşərgə elə hamının özüdür. Bir hakimiyyət düşərgəsidir, bir də hamının ərkinin çatdığı düşərgə, hakimiyyətdən geriyə qalan sahə… Biz hamımız o düşərgənin canlı-cansız sakinləriyik.

Ola bilər, Nemət Pənahlı bu siyasi düzüm üçün uyğun adam deyil. Amma onun məhkəməsində heç olmasa, müstəqil mətbuatın bütün spektləri təmsil olunmalı və məhkəmədə yaşananları görməli idi. Zənnimcə, Nemətin bu məhkəməsində yaşananların böyük siyasi və təcrübi əhəmiyyəti var.

***

Əslində, Nemət Pənahlıya xüsusi yazı yazmaq fikrim də məhkəmədəki duruşundan qaynaqlandı. Bir az da kövrəltdi məni Nemət Pənahlı. O, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin dövrlərində uğradığı haqsızlıqlardan bəhs etdi və bu iqtidarın da o iqtidarlar kimi aqibətə uğrayacağından danışdı. Ümidli və nikbin idi Nemət bəy. Qazamatdan qorxmadığını, həbsinin sifarişli olduğunu, onu birbaşa İlham Əliyevin şərləyərək həbs etdirdiyini deyirdi. Daha nələr demirdi ki…

***

Hakim zala daxil olanda Nemət şeir deyirdi. Hakim köməkçisi hamını ayağa qalxmağa dəvət edəndə Nemət ayaqda idi zatən. Hakim zala daxil olan kimi məhkəmənin hökmünü oxumağa başladı. Amma Nemət şeirini saxlamadı. Heydər Əliyevə həsr etdiyi uzun bir şeir idi. Hakim bir neçə dəfə xəbərdar etsə də, Nemət Pənahlı dayanmadı. Getdikcə səsini yüksəltdi və şeirini marş kimi ucadan oxumağa başladı. Nakim bir neçə dəqiqə gözlədi. Yox, Nemət şeirini hələ bitirməmişdi. Məcbur olub hakim də, prokuror da ayaq üstündə Nemətin Heydər və İlham Əliyevlərə yazdığı həcvi dinləməyə başladılar. Bir neçə dəqiqə daha keçdi. Nemətin bitirməyəcəyini anlayan hakim başladı hökmü üzündən oxumağa. O oxudu, Nemət oxudu, Nemət oxudu, o oxudu. Qısa zaman sonra hakimin zatən batıq olan səsi tamam eşidilməz oldu. Məhkəmə zalı meydana çevrilmişdi sanki. İnsanlar sehrlənmiş, ədliyyə polisləri keyimiş, hakimin matı-qutu qurumuşdu. Nemət isə durmadan davam edirdi. Təxminən 10 dəqiqə davam edəndən sonra Nemət bir şeirini bitirdi. Hakim sevincək dərhal hökmü oxumağa başladı. Elə zənn etmişdi ki, artıq Nemət sakitləşəcək. Amma heyhat… Nemət bu dəfə daha uzun və daha ağır bir həcvini oxumağa başladı («Kopoyoğlu»). Bu dəfə də eyni ssenari təkrarlandı. Nemətin ən ağır sözlərinə, Heydər, İlham, Mehriban Əliyevaların ən ağır kəlmələrlə həcvinə yenə hakim, prokuror, polis qulaq asmaq məcburiyyətində qaldılar. Beləcə, daha 10 dəqiqə keçdi və nəhayət, Nemət Pənahlı hakimə hökmü oxumaq üçün imkan verdi…

***

Nemət Pənahlı açıq-aşkar şərlənərək tutuldu. Onun bütün neqativ tərəflərini zatən yazdım. Heç ölkə rəhbərliyi haqqında işlətdiyi ağır, çox ağır ifadələri də təqdir etmirəm. Kim olursa olsunlar, onlar bu ölkənin ali rəhbərliyində təmsil olunurlar və mən prezidentin, ailəsinin, komandasının açıq təhqirlərə məruz qalmasını dəstəkləmirəm. Mən tənqiddən, sərt və amansız tənqiddən yanayam və bundan başqa da yol görmürəm. Amma bütün hallarda Nemət Pənahlının şərləndiyi gün kimi ortadadır. Cinayət işi ilə az-çox tanışam. Nemətin ədətdi-başlı üzünə durdular və təəssüf hissi ilə qeyd etməliyəm ki, heç cür açıq təhqir olunmasını istəmədiyim İlham Əliyevin rejimi ölkədə üzədurmanı, şərəfsizliyi, namərdliyi, nakişiliyi rəsmiləşdirib.  Nemət Pənahlının məhkəməsində biz bunların açıq şahidi olduq. Bu ölkədə əxlaqsızlıq prim alır və ayaq açıb yeriyir.

Neməti yazılarına, mənim təqdir etmədiyim və özünə bunu söylədiyim müsahibələrinə görə tutdular. Nemət Heydər Əliyev və İlham Əliyevdən danışırdı, amma doğru zamanı və doğru stratejini müəyyənləşdirmədən danışırdı. Bütün hallarda, artıq bir siyasi missiya daşıyan adamı günün günorta çağı şərləyirsənsə, deməli, bu ölkədə faciə var. Bir siyasi xadimi 1-2 çılpaq üzəduranın sayəsində içəri atırsansa, deməli, ölkə fəlakətin astanasındadır. Daha ağır fəlakət isə artıq ictimaiyyətin susqunluğu və hər şeyi oluruna buraxmasıdır. Neməti tənqid etmək bahasına olsa da, yazmaq lazımdır. Bu biabırçılıqla barışmaq olmaz. Mümkündür ki, Nemət Pənahlı yanlış etsin, onunla razılaşmaya bilərik, etdiklərinin və dediklərinin doğru olmadığını iddia edə bilərik, amma onun başına gətirilənlərə seyrçi qalmaq olmaz. Bunu etsək, Azərbaycanı ifrin bir uçuruma yuvarlayarıq. Ya da o yuvarlanmada birbaşa və dolayısı ilə iştirakçı olmuş olarıq.

***

Hətta vurulan bir şillə varsa və olsa belə Nemət Pənahlıya buna görə 6 il cəza vermək olmaz. Nəinki Nemət Pənahlıya, heç kimə vurulan bir şillə üçün 6 il cəza vermək olmaz. Hələ şillə vurulduğu iddia edilən adam bu iddiada deyilsə, barışmaq, barışdıqmaq mümkünsə heç olmaz. Bu məhkəmə sistemi insanları dərəbəyliyə, özbaşınalığa, hüquqsuzluğa dəvət edir və bunan qarşısı alınmalıdır. Necə olur ki, cəmi bir neçə il bundan əvvəl 6 nəfəri döyən, əzişdirən və onların hamısını döyüb-əzişdirdiyini etiraf edən, bu haqda mətbuat səhifələrində belə danışmaqdan çəkinməyən, buna görə haqqında cinayət işi açılan Nemət Pənahlı o zaman heç nə olmamış kimi sərbəst buraxılmışdı? O zaman adam döyə-döyə azadlıqda qalan Nemət Pənahlını indi Heydər Əliyev haqqında bildiyi gizlinləri danışmağa başladığına görə tuturlar. Özü də şər-böhtanla… Yenə mərdliklə, kişi kimi, döş-döşə etdiyinə görə tutsalar, dərd yarıdır, bunlar insanları namərdcəsinə şərləyir, üzünə adam qoyur, elə tuturlar.

Təsəvvür edin ki, üzəduran gənc məhkəmə ifadəsində deyir ki, mən adamı Nemətlə dostunun əlindən aldım, onu döyüb sonra da avtomobilin baqajına basırdılar. Nemətin döydüyü iddia olunan şəxs isə məhkəmə ifadəsində deyir ki, mən o qədər balaca oğulam ki, məni döyüb maşının baqajına bassınlar? Təsəvvür edin… Döyüldüyü iddia olunan şəxsin yox, üzəduranın, namərdin ifadəsi əsas alınır. Bunu İlham Əliyev götürər, amma Allah götürməz…

***

Mən Nemətin üzünə duran adamın məhkəmə ifadəsində zalda idim. Bunların qəribə üzəduranları var. Bunların üzəduranları məntiqli, savadlı danışa bilirlər. Hətta bu üzəduranların utanıb-qızarmaq vərdişləri də unudulub. Onların üzəduran olduğunu bilməsən, inana bilərsən. Bu üzəduranlar onlara yerdən söz atan adamların üzünə çımxıra, hətta o söz atanları hədələyə bilirlər. Özü də qanunla. Hakimiyyət yeni və amansız bir üzəduran nəsil yetişdirib. Bu nəsil Azərbaycanın axırına çıxmaq, onun namuslu vətəndaşlarını sıradan çıxarmaq üçün planlaşdırılıb. Adama elə gəlir ki, hakimiyyətin üzəduranlar yetişdirən xüsusi məktəbi, ya da universiteti var.

Bəlkə də var?…

***

Nemətə 6 il iş verildi. Nemətin 49 yaşı var. Nemət şərləndi. Və …nə qəribədir ki, bütün bu işlər dövlət başçısı səviyyəsində planlaşdırılaraq olunur. Nemət məhkəmə çıxışında çox şeylərdən danışdı. Amma məni indi bu düşündürmür. Nemət ailə başçısıdır. Onun 6 övladı var. Bu gündən Nemətin azadlığa çıxması uğrunda mübarizə aparmalıdır tərəqqipərvər Azərbaycan cəmiyyəti.

Mən hazır…

 

NEMƏT PƏNAHLI DƏRHAL AZADLIĞA BURAXILMALIDIR!

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button