“Azadlıq” Faiq Əmirliyə görə bəyanat verdi

Avqustun 20-də “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli yaşadığı evin yaxınlığında hüquq mühafizə orqanlarının mülki geyimli əməkdaşları tərəfindən saxlanılaraq aparılıb. Məlumata görə, o, Baş Prokurorluğun Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə aparılıb. Hazırda onun evində axtarış aparılır.

“Azadlıq” qəzeti bildirir ki, Faiq Əmirlinin həbsi hakimiyyətin uzağa gedən planlarından xəbər verir.

Əvvəla, bir neçə gün qabaq hakimiyyət daxilindən redaksiyaya məlumat sızmışdı ki, “Azadlıq” qəzetini bağlamaq istəyirlər. Faiq Əmirlinin həbsi həmin niyyəti həyata keçirməyə zəmin yaratmaq üçün ola bilər.

İkincisi, məlumdur ki, Faiq Əmirli həm də AXCP üzvü və partiya sədri Əli Kərimlinin köməkçisidir. O da məlumdur ki, hazırda hakimiyyətin AXCP-yə qarşı repressiyası güclənib və hədəf birbaşa partiya sədri Əli Kərimlidir. Artıq neçə gündür ki, hakimiyyətin təbliğat ruporları, hətta Rusiya kanalları da cəfəng iddialarla Əli Kərimlini Fətullah Gülənlə əlaqədə şərləyir. Son günlərdə AXCP-nin bir neçə fəalı müxtəlif bəhanələrlə həbs edilib. Onlardan barəsində həbs-qətimkan tədbiri seçilmiş Fuad Əhmədli rəsmən Gülənçi kimi təqdim olunub. Partiya bu ittihamı saxta və AXCP-yə qarşı şərləmənin tərkib hissəsi adlandırıb. Bu baxımdan, Faiq Əmirlinin həbsi həm də AXCP sədri Əli Kərimlinin özünün hədəfə alınması kimi qiymətləndirilə bilər.

İstənilən halda Faiq Əmirlinin həbsi tam qanunsuz və əsassızdır, digər həbslərə və repressiyanı davam etdirməyə yol açmaq üçün düşünülüb.

“Azadlıq” qəzeti tələb edir ki, heç bir qanuni əsas olmadan həbs edilmiş Faiq Əmirli təcili azadlığa buraxılsın.

Bütün oxucularımıza, yerli və dünya ictimaiyyətinə bildiririk ki, “Azadlıq” qəzetinin özünün taleyi təhlükədədir. Repressiyaları durdurmaq üçün yubanmadan təsirli addımlar atılmalıdır.

“Azadlıq” qəzeti ən çətin şəraitdə də fəaliyyətini davam etdirəcək, sonuna qədər azad söz uğrunda mübarizəsinə sədiq qalacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button