Azadlıq İki siyasi məhbus azadlığa çıxıb

Adları hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbuslar siyahısına daxil edilən Aydın Səfərli və Sirac Rəhimov azadlığa çıxıb. Bu barədə Turan-a Siyasi Məhbusların Müdafiə Mərkəzindən bildiriblər.

Məlumata görə, onları həbs müddətləri başa çatdığına görə buraxıblar.

A.Səfərli 2016-cı ilin yanvarında Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artmasına etiraz edənlərdən biridir. Məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum etmişdi. O, fevralın 22-də azadlığa buraxılıb.

S.Rəhimov isə 2015-ci ildə Mingəçevir şəhərində həbs edilmişdi. O vaxt Mingəçevirdə polis şöbəsində baş vermiş müəmmalı ölüm hadisəsinə etiraz aksiyası keçirilmişdi. S.Rəhimov həmin aksiya zamanı saxlanılmışdı. O, fevralın 25-də həbsdən buraxılıb.

Azərbaycanda siyasi məhbusların siyahısını hazırlayan iki qrup var. Hüquq müdafiəçiləri və keçmiş siyasi məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Hər iki siyahı arasında say baxımından kiçik fərq var.

Qruplar hesab edirlər ki, Azərbaycanda ümumilikdə 160-dan artıq siyasi motivlərlə həbs edilmiş şəxs var.

Azərbaycan hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusun olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Adları siyasi məhbusların siyahısında yer alan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button