Azadliq.info saytının üzərindən bloklanma götürülüb

Son günlər müxalif azadliq.info saytının üzərindən bloklanma götürülüb. Bu məlumatı saytın redaktoru Rövşən Hacıbəyli Turan-a təsdiq edib.

Bununla yanaşı, üzərinə blok qoyulmuş digər saytlar- azadliq.org (“Azadlıq” radiosu), azerbaycansaati.com, meydan.tv, həmçinin “Azərbaycan saatı” və Turan TV videokanallarının saytlarından bloklanma götürülməyib.

2017-ci il martın 27-də Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bir neçə İnternet-resursa girişi bloklayıb: azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq” radiosu), azerbaycansaati.com, meydan.tv, həmçinin “Azərbaycan saatı” və Turan TV videokanalları.

Nazirlik məhkəməyə müraciət edərək həmin saytları “cəmiyyətin və dövlətin qanuni maraqlarını pozmaqda”, əsasən dini radikalizmə və digər qanunsuz əməllərə çağırışlarda ittiham edib.

Saytların nümayəndələri ittihamları qəbul etməyib. Onlar bildiriblər ki, Rabitə Nazirliyinin qərarı Avropa İnsan Hüquqları Konvensiyasına, Türkiyədə saytların bloklanması ilə bağlı Strasburq məhkəməsinin qərarına, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il qətnaməsinə ziddir. Belə ki, həmin qətnaməyə görə, məhdudiyyət ancaq konkret informasiyaya qoyula bilr.

Bununla belə, 2017-ci il mayın 12-də Səbayel Rayon Məhkəməsi Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin iddiasını təmin edib. 2017-ci ilin dekabrında isə saytları Bakı Apellyasiya Məhkəməsi saytların şikayətini təmin etməyib.

“Təəccüblüdür. Məhkəmə qərarı olmasına baxmayaraq, azadliq.info saytından blok götürülüb. Bir neçə gün öncədən başlayaraq qəzetin saytı VPN olmadan açılır. Doğrusu, saytın üzərindən bloklanmanın götürülməsinin səbəb və məqsədlərini başa düşə bilmirəm”. Bu barədə Turan-a azadliq.info saytının redaktoru Rövşən Hacıbəyli bildirib.

Redaktor saytın üzərindən bloklanmanın götürülməsinin prezident seçkiləri ilə bağlı olduğunu güman edir.

“Ölkədə beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası fəaliyyətdədir. Ola bilsin ki, saytla bağlı məsələni onlar hökunətin qarşısında qaldırıblar. Yəqin ki, beynəlxalq müşahidəçilər ölkəni tərk edəndən sonra bloklanma bərpa ediləcək”, – redaktor qeyd edib.

Onun sözlərinə görə, müxalifətin son mütinqində də polisin yumşaq münasibəti sezilib.

“Əvvəlki mitinqlərdən fərqli olaraq, 31 mart mitinqinə polis müdaxilə etmədi. Mitinq gedən ərazidə əvvəlki mitinqlərdən fərqli olaraq bu dəfə İnternet qapadılmamışdı. Bunlar müvəqqəti xarakter daşıyır, imitasiya xarakteri daşıyır”, – R.Hacıbəyli bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button