“Azadlıq Salnaməsi”ndə Arif Hacılı (II hissə): “Azərbaycan ordusunun yaradılması süni surətdə ləngidildi”

Biz Mütəllibovu istefaya göndərmək istəmirdik, o, bizi buna məcbur etdi

 

Müsavat Başqanı Arif Hacılı ilə 4 iyun haqqında söhbət etmək, 1993-cü ildə baş verən hadisələri müzakirə etmək lap çoxdankı planlarıma daxil idi – hələ Sürət Hüseynovla müsahibə götürdüyüm zamanlardan. O zaman Sürət Hüseynov həm Arif Hacılının, həm də Arif Hacılının daxil olduğu və başında İsa Qəmbərin dayandığı komanda haqqında çarpıcı fikirlər söyləmiş, iddialar səsləndirmişdi. 4 iyun qiyamının tarixçəsini öz prizmasından baxaraq danışmışdı Sürət Hüseynov. Amma o zaman ona cavab verən olmamış, Sürət Hüseynovun “Böyük Xalq Toplantısı” fikrinə, “böyük üzləşmə” təklifinə heç kimdən əks-səda gəlməmişdi. Nə Arif Hacılı, nə də digərləri Sürət Hüseynovun, ardınca Rahim Qazıyevin, ardınca Nemət Pənahlının iddialarına cavab verməmişdilər. Beləcə, zaman ötüb keçdi.

Budur, “Azadlıq Salnaməsi”ndə Rahim Qazıyevin, Nemət Pənahlının bir neçə dəfə müsahibə verməsindən sonra Arif Hacılı ilə vaxtlaşa bildik. Arif Hacılının baxımından olmasa da, mənim nöqteyi-nəzərimcə bu söhbət, həm də zamanında 4 iyun haqqında deyilən iddia-ittihamlara kəskin bir cavabdır.

Arif Hacılı hər zaman İsa Qəmbərin rəhbərlik etdiyi komandanın tərkibinə daxil olub. İndi də belədir və bu, heç bir zaman dəyişməyib. Hər zaman da qarşı tərəf – Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlı cinahı bu komandaya qarşı olub. Qarşıda duran komandanın da tərkibində 3 parlaq dövlət xadimi olub – İsa Qəmbər-Pəhan Hüseyn-Arif Hacılı. Danışdırdıqca, o zamanın siyasi tarixini gözlər önünə sərdikcə, elə bil son illərin tarixi bu 6 siyasi simanın mübarizə tarixidir. Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlı radikalları, İsa Qəmbər-Pəhan Hüseyn-Arif Hacılı isə liberalları təmsil ediblər. Maraqlıdır ki, indiki müsahibəni dinləyəndə də Arif Hacılı qarşı tərəfin “radikal” və “macəraçı” hərəkətlərindən danışır və bununla ilk gündən razılaşmadığını bəyan edir.

O zamankı sərtlik hələ də qalır. Arif Hacılıda heç bir sahədə geri çəkilmə, ya da yumşalma yoxdur. Bu adamların o zamandan xarici qüvvələrlə işlədiyini, zamanında onlarla ayrılmalı olduqlarını deyib durur. Arif bəy daha radikaldır, ümumiyyətlə, onların siyasi aləmdən təcrid olunmasını, siyasətin bu adamlara – Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlıya qadağan olunmalı olduğunu bildirir. Bu fikirlərin özü indiki zamanımızda nonsens sayıla bilər.

Bir neçə dəfə adı çəkilən şəxslərin debatını təşkil etmək haqqında düşündüm. Əslində, Azərbaycan tarixi baxımından belə debatların çox da yararı ola bilər. Hərə bir şey deməkdənsə, tarixin bu şanlı şahidləri bir dəfə millətin önündə sandıqları aça, qazanların qapaqlarını aralaya bilərlər. Amma Arif Hacılının bu münasibətindən aydın olur ki, konflikt çox dərindir və bir araya gəlmək, nəyisə müzakirə etmək, ən azından indiki zamanda o qədər də asan görünmür.

Arif Hacılının bu müsahibəsi illərdir danışılanlara cavabdır həm də. İllərdir sadəcə bu olaylar haqqında bir cinah danışır, amma görünür, Müsavat partiyası və onun başqanı daha “tək qapı” oynamağa razı gəlmir və haqlı olaraq danışmağa başlayır.

Arif Hacılı çox maraqlı olaylardan bəhs edir. Xarici qüvvələrin əlində vasitə kimi adlarını çəkdiyi adamlar da sıradan deyil və bu ittihamlara cavablar veriləcək. Müsavat Başqanı heç bir halda bu qüvvələrlə bir araya gəlməyin mümkün olmadığını deyir. Milli İstiqlal Partiyasının yaranma tarixini danışır və hər şeyin Xalq Cəbhəsinin adının Etibar Məmmədov tərəfindən “Milli Cəbhə” qoyulması təklifinin qəbul olunmadığından sonra başladığını iddia edir. Rahim Qazıyevin rus generalları ilə birləşib Azərbaycan hakimiyyətini devirdiyini, onun Qraçovla özəl danışıqlarının məlum olduğunu deyir. Yox, bu, Rahim Qazıyevin özünün də etiraf etdiyi və Qraçova dediyi “Paşa, sən mənə lazım olan dəstəyi göndər, öz əclaflarımızla mən özüm sonra məsələləri həll edərəm” sözlər deyil, Arif Hacılının iddiasına görə, başqa rus generalları ilə də söhbətlər olub və generallar onları hakimiyyəti devirməyə tələsdiriblər. Daha qorxunc bir iddia da səsləndirir Arif Hacılı – Milli Müdafiə Komitəsini yaradanlar Milli Ordunun yaradılmasını ən azı 6 ay gecikdiriblər! Və davam edir – hanı o əsgərlər, hanı o silahlar, niyə müharibədə Milli Müdafiə Komitəsinin ordusu gözə dəymədi? Bəs o zaman Milli Müdafiə Komitəsini niyə yaratmışdılar? Niyə ordu quruculuğunu gecikdirirdilər? Bunlar çox ağır ittihamlardır və güman ki, qarşı tərəf(lər)in bu barədə söylədikləri olacaq.

Bütün hallarda iyun 1993-cü il hadisələrinin hələ də qapalı tərəfləri var. Hər söhbət etdiyim adam bu haqda sirlərin olduğunu deyir. Arıf Hacılı da elə dedi. Bəzi məqamlar var ki, indinin özündə belə açıqlanmır. Xüsusilə, Novella Cəfəroğlunun “Qaynar Qazan”da Əbülfəz Elçibəyin gizli yazılarının İsrailə göndərilməsi haqqında deyilənləri duyduqdan sonra həm Elçibəyin “özümlə bəzi sirrləri məzara aparacağam” sözlərinin mənası açılır, həm də Arif Hacılının və onun silah arkadaşlarını anlamaq mümkün olur.

“Azadlıq Salnaməsi” verilişinin formatı 1.5-2 saatdır. Əsasən, 3 hissəli hazırlayırıq ki, elə çox da yorucu olmasın. İlk mühasib idi ki, bizim 1.5 saatlıq söhbətimizdən sonra məlum oldu ki, biz mövzuya hələ yeni daxil oluruq. Xüsusən, Gəncə hadisələrindən və nəticə olaraq Elçibəy hökumətinin içindəki fikir ayrılıqlarından, gərgin danışıqlardan, İsa Qəmbərin və Pənah Hüseynin istefa məsələlərindən, Heydər Əliyevin kimlər tərəfindən dəvət olunmasından və bunların təfərrüatlarından danışmağı isə növbəti söhbətə saxladıq. Yəni Arif Hacılı ilə söhbətimiz demək olar ki, yarıda qaldı. Güman ki, yaxın zamanlarda onu da tamamlayacağıq. Əsas odur ki, tariximizin bir çox məqamları açıqlansın və əsas odur ki, hamı danışsın.

“Azadlıq Salnaməsi”ndə 17-ci qonaq Müsavat Başqanı Arif Hacılıdır…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

I hissəni buradan oxuya bilərsiniz:

Arif Hacılı “Azadlıq Salnaməsi”ndə (I hissə): “Sürət Hüseynova ona görə vəzifə verdik ki…”

 

II hissə

“Azadlıq Salnaməsi”nin II hissəsində Müsavat Başqanı Arif Hacılı nə dedi:

 

– Hamı bilir ki, Qarabağda döyüşən qüvvələr, batalyonlar Xalq Cəbhəsi üzvlərinin yaratdıqları batalyonlar idi

– Kəlbəcərdə İlham Həsənovun rəhbərlik etdiyi batalyon Kəlbəcəri, Şuşada Ramiz Qəmbərovun rəhbərlik etdiyi batalyon Şuşanı, Laçında Arif Paşanın rəhbərlik etdiyi batalyon Laçını qoyurur, müdafiəsini təşkil edirdi

– Ramiz Qəmbərov öldürülməsəydi, Şuşanı işğal etmək mümkün olmayacaqdı. Ramiz Qəmbərovun batalyonunun üzvləri kimlər idi – mənim doğma qardaşım Mustafa Hacıbəyli, indi həbsdə olan Əfqan Muxtarlı həmin batalyonun üzvü idi.

– Azərbaycan ordusunun yaradılması süni surətdə ləngidildi, Ayaz Mütəllibovun Azərbaycan xalqı qarşısındakı ən böyük məsuliyyəti məhz Azərbaycan ordusunun yaradılmasının gecikdirilmısi ilə bağlı oldu

– 1991-ci il oktyabrın 9-da Azərbaycan Milli Ordusunun yaradılması barədə qərar qəbul edildi, ancaq ordu quruculuğuna başlanılmadı, bir mifik, amorf Milli Müdafiə Komitəsi yaradıldı – Etibar Məmmədov, Rahim Qazıyev, Tahir Əliyev, Araz Əlizadə və daha kimlərsə bu Müdafiə Komitəsinə daxil edildilər. 6 ay Azərbaycanın bütün potensialı bu Komitəyə yönəldi, maliyyə vəsaiti orada toplanırdı, guya hansısa silahlar alırdılar, Orduda isə heç bir quruculuq işi getmirdi

– Müdafiə naziri təyin olunandan 3 həftə sonra onun azad olunması ilə bağlı mitinqlər təşkil etməyə başladılar

– Necə oldu Milli Müdafiə Komitəsinin qüvvələri? Onların silahlı qüvvələri harada qaldı? Ora toplanan vəsait və Azərbaycan xalqının enerjisi hara getdi?

– Milli Müdafiə Komitəsinin yaranmasına qarşı AXC-nin bəyanatı oldu, biz bunun hamısını əvvəlcədən görürdük

– Milli Müdafiə Komitəsinin yaradılması faktiki olaraq Azərbaycan Ordusunun yaradılmasını əngəllədi

– Xocalı hadisələrindən 2 həftə əvvəl ordunun baş qərargahının rəisi parlamentdə çıxış edib dedi ki, Azərbaycan nizami ordusu cəmi 150 nəfərlik şəxsi heyətdən ibarətdir, halbuki hələ oktyabr ayından ordunun yaradılması ilə bağlı parlamentin qərarı var idi

– Ordunun yaradılması ilə bağlı qərarın elanını müstəqillik qərarının elanından əvvələ salmışdıq

– Siyasi mübarizə aparanlar özlərinə hərbi güc düzəltməklə məşğul idilər və Ayaz Mütəllibov da bütün ümidlərini Rusiyaya bağlamışdı ki, əgər biz Rusiya ilə münasibətləri yaxşılaşdırsaq, Rusiya Qarabağı ermənilərdən alıb Azərbaycana verəcək. Belə bir siyasət dəhşətli dərəcədə iflasa məhkum idi və… ermənilər bizi qabaqlamışdılar, onlar öz ordularını yaradırdılar

– Biz Mütəllibovu istefaya göndərmək istəmirdik, o, bizi buna məcbur etdi

– Biz Ayaz Mütəllibovun rəhbərliyi altında müdafiə işlərinin qurulmasına razı idik, biz sonrakı mərhələdə hətta Yaqub Məmmədovun rəhbərliyi altında müdafiə məsələlərinin qurulmasına razı idik

– Azərbaycan Ordusunun yaradılmasının ən azı 6 ay gecikdirilməsində Etibar Məmmədovun, Rahim Qazıyevin birbaşa rolları var

– Şuşa işğal olunanda Milli Müdafiə Komitəsinin ordusu harada idi? Mən deyirəm biz harada idik, bütün batalyon komandirlərinin adlarını çəkirəm, siz də deyin, harada idiniz, hansı yüksəkliklər uğrunda mübarizə aparırdınız, hansı ərazini qoruyurdunuz?

– Döyüş əməliyyatlarında birbaşa əsgər kimi iştirak etmişəm

– Qurban Məmmədov əsgərlərin ərzaq təminatına kömək etdiyinə görə, həbs olunmuşdu

– Sürət Hüseynovun narkoman olduğu haqqında xəbərlər məndən çıxmayıb

– Dövlət Müşaviri təyin olunandan sonra bir çoxları ilə, o cümlədən Yevlaxda Sürət Hüseynovla görüşmüşəm

– Sürət Hüseynov nahaq elə hesab edir ki, bizim onunla konfliktimiz həmin o hadisə ilə bağlıdır

– Dövlət iyerarxiyasına görə mənim vəzifəm Azərbaycan dövlətində 5-ci vəzifə idi, mənim üzərimdə böyük məsuliyyət vardı, mən icra hakimiyyətlərinə rəhbərlik edirdim, müharibə işinin təşkilində mühüm rol oynayırdım

– Bütün gərginliklər 4 iyun qiyamından sonra başladı və 1995-ci ilin martına qədər davam etdi

– Küçəyə çıxmaq mümkün olmayan dövrlər Elçibəy hakimiyyətə gələn dövrə, təxminən 1992-ci ilin may ayının 15-nə qədər və 4 iyun qiyamından sonra 1995-ci ilin mart ayının 17-nə kimi olan dövrə aiddir

– Bizim dövrümüzdə bir nəfər olsun siyasi məhbus yox idi

– Şəhidlər gəlirdi, amma torpaqlar da qorunurdu

– Şimali Koreyaya SSRİ-nin dəstəyi olmasaydı, Şimali Koreya kimi bir dövlətin qurulması qeyri-mümkün olacaqdı

– Rusiyanın dəstəyi və silahı olmadan Azərbaycanda nə cür qiyam törətmək mümkün olardı?

– Elçibəy hakimiyyətinin devrilməsində Kəlbəcər rayonunun işğalı mühüm rol oynadı

– Məhz Kəlbəcərin işğalından sonra 709-cu hərbi hissə bərpa edildi

– İyun ayında 2 böyük hadisə olmalı idi: 1. Neft müqavilələri imzalanmalı idi, 2. Kəlbəcərdən erməni silahlı qüvvələrinin çıxarılmasına başlanılmalı idi. BMT bu barədə qərar qəbul etmişdi, bu məsələ Ermənistan rəhbərliyi ilə həll olunmuşdu, qrafik müəyyənləşmişdi və iyun ayının ortalarından başlayaraq silahlı birləşmələr Kəlbəcər ərazisini tərk edəcəkdi və təxminən iyul ayının 15-də bu qrafik əsasında erməni silahlı birləşmələrinin Kəlbəcəri Azərbaycanın dövlət sərhəddinə qədər tam şəkildə azad etməsi məsələsi tamamilə həll olunub bitmişdi. Bu iki hadisə baş versəydi, Azərbaycan hakimiyyətini devirmək mümkün olmayacaqdı. Ona görə də tələsdilər. Ona görə də rus generalları indi Azərbaycanda bu məsələlərlə bağlı dürlü-dürlü danışanlara “siz gecikdirirsiniz bu məsələləri, məsələləri tez həll etməlisiniz” deyə təkid edirdilər.

– Bir çox danışıqlar olub və bu danışıqlar Azərbaycan parlamentinin qapalı toplantısında səsləndirilib və onların hamısı arxivdə var

– İyun ayının sonunda, uzağı iyulda parlament seçkilərinin vaxtı təyin olunacaqdı

– Hadisələrin mayın sonunda, iyunun əvvəllərində baş verməsi heç də təsadüfi deyil, hələ mayın 28-də Gəncədə çevriliş cəhdləri olmuşdu

– May ayının 15-də rus qoşunları Azərbaycandan çıxarılandan sonra artıq qoşunların Azərbaycanda, xüsusilə Gəncədə qoyub getdiyi silahların hərəkətə gəlməsi ilə əlaqədar tapşırıqlar verilmişdi və burada olan adamlar çox tələsdirilirdi. Onlara deyirdilər ki, bu məsələni tez həll edin, gecikirsiniz, ləngiyirsiniz, vaxtı itirirsiniz, vaxtı buraxırsınız. Çox narahat idi rus generalları.

 

II hissənin sonu

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Əslində Arif Hacılı hər bir dediyi misallarla özünü ifşa edir:

    1. Deyir ki, döyüşənlər AXC-nin fəalları idi… Bəli elə AXC-nin dəstələri hər vəchlə vahid ordunun yaradılmasını sabotaj edirdilər, heç kəs yaradılan hərbi nazirliyə tabe olmaq istəmirdi və vahid döyüş planı üzrə hərəkət etmək istəmirdi.

    2. deyir ki, mən dövlətin 5-ci adamı olmuşam!…

    Bununla da bir daha açıq şəkildə bildirir ki, onun bütün cəhdi ordunu da yerli hakimiyyətlərinin başçılarının da özünə tabe etmək idi!…

    3. Arif deyir ki, Kəlbəcərin getməsi hər şeyi həll etdi…
    Və Dadaş Rzayevin adını çəkir… Və hər şeyi Sürətin boynuna atır…
    Axı Dadaş Rzayevi Əbülfəz təyin etmişdi, Sürət yox…
    Və İsa Sadıxov çox gözəl DadaşRzayevin kim və necə nazir olduğunu xırdalayıb.
    Sonra da əgər siz artıq demək olar ki, Kəlbəcərin də, digər məsələləri də həll etmişdiniz, bəs nə marağınız var idi belə kritik vəziyyətdə Sürətə qarşı düşmənçilik yürüdəsiz?! Məsələləri həll edərdiz sonra Sürətin məsələsini həll edərdiz…

    Əslində Arifə qulaq asdıqca başlayırsan düşünməyə ki, xarici kəşfiyyatın buradakı ən əsas agenti rlə Arif özüdür… Və mən sizə deyim ki, Arifin müxalifət düşərgəsində son 25 illik fəaliyyəti bilavasitə Əliyev rejimini hər vəchlə hakimiyyətdə saxlamasını açıq gzlə bütün onun hərəkətlərində görmək olar…

    Arifin hər arqumentini darmadağın etmək mümkündür, sadəcə bunlar nənasız şeylərdir, çünki müsavat düşərgəsi heç vaxt məntiqlə düşünmür – hamısı zombidir. Sən onların qarşısına hansı arqumaent qoysan, onlar əsl kütbeyin kimi deyir: “Mustafa deməkdənsə sözünü de!” Bu cür zombilik bütün AXC çinelindən çıxanlara xasdır… Bunu müsavatçılar da həmişə deyib, Əli Kərimliçilər də, digərləri…

    Arifin burada səslənən hər bir sözü yalandır!… Həmişə də belə olub!…

    Oqtay Ataxan

    22.06.2017.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button