“Azadlıq Salnaməsi”ndə şok açıqlamalar (II hissə): “Şahnazarov və Aqanbekyan xəbər göndərdilər: “Çardaxlıdan əl çək””-VİDEO

Əjdər Əsədov: “Qorbaçovun anasının yanına məndən şikayətə getmişdilər”

Çardaxlını yumruq və armaturla ermənilərdən təmizlədik

 

Əjdər Əsədovla müsahibə almaq üçün Yasin bəy aradı məni. Tanımırdım. Heç Əjdər müəllimi də tanımırdım. Yasin bəy Əjdər Əsədovun 1983-1987-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin I katibi işlədiyini, bir çox önəmli fəaliyyətlər göstərdiyini dedi. “Qaynar Qazan”da onu qonaq edib-edə bilməyəcəyimlə maraqlandı və vaxt təyin edib görüşəsi olduq. Açığı, bir az da həvəssiz idim. Heç birini tanımırdım. Mövzunun nə olacağını bilmirdim. Keçmiş bir partiya işçisi nə danışa bilərdi axı.

Görüş yerində və görüş əsnasında Əjdər Əsədovla yaxından tanış olduq. Mənim müəyyən səbəblərdən Şamxorun keçmiş rəhbərlərindən tanıdığım adamlar olub. Ona görə də ortaq mövzularımız yarandı və Əjdər müəllimlə söhbət etdikcə, bu adamın dediklərinin bir an öncə çəkilib millətə təqdim olunmasına qərar verdim. Hətta birbaşa çəkilişə belə gələ bilərdim, əvvəlcədən mövzunu bilsəydim.

Əjdər Əsədov sovet dövrünün nümunəvi kadrıdır. O səliqə, o səhman, o dəqiqlik, o sadəlik və təvazökarlıq hər addımında hiss olunur. Danışığından geyiminə qədər öz dövrünün adamıdır. Son dərəcə dəqiq və ətraflı danışığı onun təcrübəsindən qaynaqlanır. Gördüyü işlər və danışdığı hadisələr çox maraqlıdır. Birbaşa tariximizi maraqlandıran və taleyimizə təsir edən işlərdən danışır Əjdər müəllim.

Yadıma gəlir. Hələ lap uşaqlıqdan bizim ellərdə Şamxorun Çardaxlı kəndinin ermənilərin “Böyük Ermənistan” xəstəliyində oynadığı rolundan bəhs edilən əfsanələr danışılardı. Təxminən hamı bu əfsanələri az qala əzbərləmişdi. Hamı Çardaxlı kəndinin “Böyük Ermənistan”ın paytaxtı olacağından, ermənilərin fəaliyyətə buradan başlayacağından danışırdı. Kəndin altının silah bazaları ilə dolu olduğu qorxulu nağıllarda olduğu kimi təsvir edilirdi. Bu kənddən Baqramyan və Babacanyan kimi erməni marşallarının çıxması, bir kəndin yüzlərlə general, polkovnik və digər zabit yetişdirməsi bu kəndi daha əsrarəngiz edirdi. Çardaxlıya haradasa kənd kimi yox, şəhər, önəmli strateji mərkəz kimi baxırdılar. Mən uşaq idim, amma atamın və başqa duyarlı insanların söhbətlərindən eşidirdim ki, ermənilər bu kəndə həyati əhəmiyyət verirlər.

Budur, Əjdər Əsədov bizim nağıl kimi eşitdiklərimizi indi bizə real danışır. Çardaxlı onun raykom katibliyinin dövrünə düşüb. Ermənilərin iç üzünü o görüb. Bir də baxıb ki, kənddə dövlət telefonu var və kəndin separatçıları dünyanın hər yeri ilə əlaqə saxlayırlar. Hətta katibəsi də erməni olan Birinci katib bir də baxır ki, illər əvvəldən onun kabinetinə dinləmə qurğuları quraşdırılıbmış. Ermənilər Çardaxlını əməlli-başlı mərkəz bilirlərmiş və bütün hücum oradan başlayacaqmış. Çardaxlının önəmi oradan da aydın görünür ki, buranın sovxoz sədri də, ikinci kilsəsinin keşişi də erməni katalikosu Vazgenin bacısı uşaqları olub. Diqqət o həddə olub yəni. Ayrıca, buranın ermənilərini qorumaq üçün onlara Yerevanda da vəzifə verirlərmiş. Burada onları ilişdirmək istəyəndə Yerevan onlara sahib çıxırmış.

O illərdə Çardaxlıda 3 böyük hadisə olub. 1987-ci ilin 24 aprelində ermənilər qondarma “soyqırımı” ilə bağlı tədbir keçirməyi planlaşdırıblar. Həmin ilin avqustun 25-də qulaqsız Andranikin, dekabrın 1-də isə Baqramyanın 90 illik yubileyinin keçirilməsini nəzərdə tutublar. Məlumatlar olub ki, bu hadisələri bəhanə edən ermənilər, hər 3 hadisədən də Azərbaycanın əleyhinə istifadə edəcəklər və dekabrın 1-dəki tədbirlə isə fəaliyyətə başlayacaqlar. Əjdər Əsədov və o zaman Şamxorun milis rəisi olan Hüseyn Allahyarovun səyləri nəticəsində bu 3 tədbirdən heç biri baş tutmur. Bütün həyatlarını riskə qoyaraq bu tədbirlərin qarşılarını alırlar.

24 apreldə yolu kəsirlər, 25 avqustda maneə törədirlər, 1 dekabrdan bir gün əvvəl isə Çardaxlıya girib kəndi şumlayırlar. Bununla da ermənilərin dirənişi qırılır və Çardaxlı mifi darmadağın olur. Ermənilər artıq Çardaxlıdan başlaya bilməyəcəyini aydın dərk etdiklərinə görə, başqa bir yumşaq nahiyəyə – Stepanakertə (Xankəndinə) üz tuturlar. Və… başlayır…

Əjdər Əsədov bu tarixi xidmətləri demək olar ki, təkbaşına edir. Mərkəz – Kamran Bağırov başda olmaqla ermənilərə sanki əsir düşüb. Bir-birinin ardınca xəbərdarlıqlar gəlir, “ermənilərlə işin olmasın” deyirlər, amma Əjdər Əsədov heç nəyə baxmadan işinin başında olur. Çardaxlı yarasını da topla-tüfənglə yox, cəsur bir milis rəisinin köməkliyi ilə yalın əllə həll edir. Silahı da yığırlar – armaturlarla, vəssalam. Bax, Stepanakert də beləcə – armaturla həll olunacaq problem idi. Namuslu və fədakar başçılar olsaydı, bu millətin indi erməni problemi olmazdı.

Əjdər Əsədovun müsahibəsini “Azadlıq Salnaməsi”ndə götürdük. Tam “Azadlıq Salnaməsi”dir. Onun etdikləri dediyi kimidirsə və bu boyda ölkənin bu boyda problemini həqiqətən də dedikləri kimi həll ediblərsə, həm Əjdər Əsədova, həm də Hüseyn Allahyarova bu ölkənin ən yüksək mükafatları da təqdim olunsa azdır. Adamlar Milli Qəhrəmandırlar. Belə də bilinə…

Əsas isə odur ki, özünüz baxasınız, əziz tamaşaçılar. Bir daha bu müsahibənin fonunda sübut olunur ki, hər kəs öhdəsinə düşəni etsəydi, indi bu ölkənin heç bir problemi yox idi.

“Azadlıq Salaməsi”ndə Şamxor rayonunun 1983-1987-ci illərdə Rayon Partiya Komitəsinin I katibi işləyən, Andranikin yubileyinin, Baqramyanın 90 illiyinin qarşısını alan, 24 aprel saxta erməni “soyqırımı”nı keçirməyə qoymayan, məşhur “Çardaxlı əməliyyatı”nı keçirən Əjdər Əsədovun müsahibəsinin I hissəsidir. Çox maraqlı müsahibədir… Buyurun…

Əvəz Zeynallı, “Azadlıq Salnaməsi”

 

I hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/azadliq-salnam%C9%99sind%C9%99-sensasion-aciqlamalar-i-hiss%C9%99-hucum-cardaxlidan-baslamali-idi-stepanakertd%C9%99n-yox-video/ (“Azadlıq Salnaməsi”ndə sensasion açıqlamalar (I hissə): “Hücum Çardaxlıdan başlamalı idi, Stepanakertdən yox”-VİDEO)

 

II hissə

 

Ermənilər məsələ qoymuşdular ki, Çardaxlıya şəhər statusu verilsin və adı da Xristoforoqrad olsun

– Biz onun adını dəyişə bilmirdik?

– Mən bu haqda Mərkəzi Komitəyə yazdım. MK-dan mənim üstümə düşdülər ki, nə olub? Axırda da mənə dedilər ki, xəritədə “Şəfəq” sovxozu yoxdur. Dedim, yoxdursa, o zaman kəndin adını qoyun da… İsrafil Məmmədovun kəndinin adı yoxdur. Eləmədilər. Mən bütün bunları ona dedim. İlk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun adını Azərbaycan Mərkəzi Komitəsi onun doğulduğu kəndə, kəndin sovxozuna belə vermir. Dedim, “Şəfəq” adı elə bir ad da deyildi ki, “Şəfəq” sözüdür də… Bunu eləmədilər. Düşündüm ki, bunu eləmədilərsə, onu da eləməzlər. Dedi, “sən etiraz eləmə, qalanında sənin nə işin var?” Dedim, yox, mən onu deyə bilmərəm, çünki Mərkəzi Komitə ilə razılaşmalıyam v s. Bunu başımdan eləmək istəyirəm. Bu da dedi ki, “sən məni başdan eləyirsən, amma xeyri yoxdur, mən sənə dedim.” Bicdir də… Bir həftə sonra həmin sovxozun adını bizim Mərkəzi Komitə dəyişdirib, “Baqramyan” adına sovxoz qoydu. Amma İsrafil Məmmədovun adını nə sovxoza, nə də kəndə qoydular.

– Kəndin adını da sonradan səhv etmirəmsə, Xristofoqrad qoydular.

– Yox, ermənilər ortaya məsələ qoymuşdular ki, Çardaxlı kəndinə şəhər statusu verilsin və adı da Xristoforoqrad olsun.

– Bu, Baqramyan məsələsindən sonra idi?

– Xristofor Baqramyanın atasının adı idi.

– Keçək, Bağırovun sizi qəbul eləməsi məsələsinə. Bağırov o zaman sizə nə dedi?

– Getdim və qəbuluna girib Bağırovla görüşdüm. Əvvəldən də onu tanıyırdım. Mən raykom katibiyəm, o da MK-nın katibidir. Dedi ki, nə var orada, bir sakitlik yarat da… Dedim, “a kişi, mən heç nə eləmirəm, nə sakitlik? Ermənilər aləmi dağıdır, sənin xəbərin yoxdur. Bəs, sənə bu haqda deyilməyib? Vəziyyət də bu cür ağırlaşır. Sovxoza direktor Ermənistanın 26 Komissar rayonunun milis rəisini təyin ediblər. Oraya da işləyir, buraya da… Bu, kəşfiyyatçıdır, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşıdır.” Uzun-uzadı bütün sizə danışdıqlarımı geniş buna danışdım. Səbrlə qulaq asdı. Dedi, “Əjdər, sənin işin birinci o olsun ki, ora yaxşı bir sovxoz direktoru tap.” Mən ona belə-belə baxdım, fikirləşdim ki, “ay Allah, bu adam Mərkəzi Komitənin katibidir.” Mən deyirəm ki, Azərbaycanı ermənilər dağıtmağa, almağa çalışırlar, üsyan edəcəklər, silahlanırlar, pul yığırlar, bu rayonların hamısı əldən gedəcək, rayonların hamısının siyahısını verirəm, özü də yazılı gətirmişəm. KQB-də mənim 20 siyahım var idi…

– Sizin tərtib etdiyiniz siyahıda indi işğal altında olan rayonların adları var idimi?

– Bəli, bəli… İndiki zəbt olunan rayonların içindən Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xanlar, Qanza(Gəncə)nı ala bilmədilər. Amma o biri rayonların hamısını aldılar da.. .

– Çardaxlıdan başlasaydılar, o bölgələrin hamısını alacaqdılar.

– Bəli, Çardaxlıdan başlasaydılar, elə də olacaqdı. Ora gətirilən transporatlarda bu çağırışların hamısı var idi. Orada Qazaxın, Tovuzun, Gədəbəyin, Şamxorun, Ağstafanın, Xanların, Gəncənin adı ermənicə yazılmışdı. Bağçaya 20 maşın şüar, transporat doldurmuşdular. Bu ermənilərin avqustun 25-də nəsə tədbirləri var idi.

 

Andranikin ad günündə yolları qazdırdım

 

– Andranikin ad günü…

– Hə, Andranikin ad günü. Mən yolu bağlamaq üçün fikirləşdim. Rayon icraiyyə komitəsindən sənəd çıxartdırdım ki, guya rayonda mal-qara arasında dabaq (ящур) xəstəliyi var. Orada da xəbərdarlıq stendləri yazdırdım ki, «Ящур – oпасная остро протекающая высококонтагиозная вирусная болезнь многих видов животных». Bir 15 metlik quyu da qazdırdım, orada dezinfeksiya işləri apartdırdım…

– Çardaxlıya gələn yolda?

– Şamxordan Çardaxlıya çıxan yerdə. Quyu qazdırıb, içinə də dərmanları tökdürdüm. Milis işçilərinə də ağ xalat geyindirib, oraya yerləşdirdim. Tapşırdım ki, bura gəlib-gedənləri buraxmayın. Qəti olaraq tapşırdım ki, erməniləri ora buraxmasınlar. Ermənilər də axın-axın Andranikin ad gününə gəlirlər. Bunlar şikayət elədilər. Bizim Nazirlər Sovetinin sədri var idi, Həsən Seyidov. Gürcüstanlı idi, pis adam da deyildi. Mənə zəng elədi, dedi ki, “bu, nəyə lazımdır, Əjdər? Sən yolu bağlamısan. Mən otura bilmirəm. Moskvadan zəng edirlər… ”

– Bunu Həsən Seyidov deyir…

– Həsən Seyidov deyir. Ona zəng vurub deyirlər ki, mən yolu bağlamışam. Dedim ki, “Həsən Nemətoviç, Nazirlər Sovetinin sədri sizsiniz. Yolu da – Nazirlər Sovetinin qərarı ilə rayon icraiyyə komitəsi qərar verib, bağlamışıq. Rayonda yaşur – dabaq xəstəliyi var. Xəstəlik yayıla bilər. Aləmi başına götürər, filan edər.”

– Çardaxlıya bir yol gedirdi, Əjdər müəllim?

– Çardaxlıya bir yoldur. Bir yol da vardı.

– Gədəbəydən?

– Yox, elə yol Gədəbəyə gedirdi də… Şamxordan Çardaxlının içi ilə Gədəbəyə gedirdi. Gədəbəydən də sonra Saratovka, İvanovka, onların Basarkeçər rayonu-filan, oralara qədər gedib çıxırdı. Bir də Tovuzun Tatar kəndi var. Tatar kəndindən maşınla ara yol var idi. Sonradan onlar öyrənmişdilər ki, oradan da Çardaxlıya yol var. Mənə demişdilər ki, oradan da gəlirlər. Mən özüm gedib o yola baxdım. Həm Tovuz tərəfdən, həm də Şamxor tərəfdən yolu qazdırdım.

– Oranı da bağladınız?

– Oranı da bağladıq. Şamxor tərəfdən böyük qayaları tullayıb yolu bağladıq. Daha oradan da keçiləsi olmadı. Ona görə də gedib-gələ bilmədilər. İndi bunların şikayəti ilə bağlı ki, yol bağlıdır-filandır, mən də bunlara dedim ki, ən azı 40 gün qarantin müddətidir. Mənim də məqsədim odur ki, bu Andranikin ad günü keçib getsin.

– Avqustun 25-i keçsin…

-Hə, bunları da ora gəlməyə qoymadım. Bundan sonra artıq narazılıq başladı. Bir gün işdə oturmuşdum, bizim “KQB”-nin müavini var idi Aşot, əslən də Xanlar rayonundan idi…

– Erməni idi?

– Erməni, özü də “KQB”-nin müavini idi. O vaxt da “KQB” rayonlararası idi. Gədəbəy, Şamxor…

– Regional idi?

– Regional idi.

– Bir neçə rayon kurasiyasında idi.

– Hə, katibə gəldi dedi ki, “Aşot sizin yanınıza gəlmək istəyir.” Həmin Aşot məndən elə qorxurdu ki, it kimi… Deyirdi ki, “Он неадекватный человек. Я его не знаю.” Məsələn, uzaqda tədbir-filan keçirəndə, mən nəsə danışıram da… Heç eşitmir, amma yalandan başını tərpədir, guya ki, diqqəti məndədir. Hər yerdə deyirdi ki, “mən ondan qorxuram”. İndi də katibə dedi ki, “Aşot gəlmək istəyir”. Mən dedim ki, vaxtım yoxdur. Pis vaxtlardır. Bir az da dilxoram. Bıy, birdən qapı açıldı, Aşot girdi içəri.

 

Hüseyn Allahyarov mənə Moskvadan bir aparat alıb gətirmişdi

– İcazəsiz-filansız?

– İcazəsiz-zadsız. O saat bildim ki, elə-belə söhbət deyil. Gəldi, stolu çəkdi, oturdu. Dedim, “я же не разрещил тебе садится.” Dedi ki, «меня и не надо пригласить. Я с особый миссий» . Soruşdum ki, «Что за миссия?» O zaman da məndə 3 dənə yazan aparat var idi. Biri cibimdə idi, biri stolun siyirməsində, biri də solunda. O zaman mən ruslarla gedən danışıqları yazırdım. Ruslar məni yazırdılar, mən də ruslar yazırdım. O, Qorbaçovu bir dəfə söymüşdü…

– O sənədlərin, audioyazıların heç biri qalmayıb?

– Yox. (Gülür…) Kasetin biri son zamanlara qədər qalırdı. Orada ruslardan biri demişdi ki, “Qorbaçov Krasnodarda işləyəndə Kremldən gələnlərə o qədər yaltaqlıq eləmişdi, o qədər onları yedirib-içirmişdi ki, onu aparıb Mərkəzi Komitəyə katib qoydular.” Bütün bunların hamısını da yazırdım. O gələn kimi başlayırdım Ömər Xəyyamdan, Dostoyevskidən, “Karamzin qardaşları yaxşı adam olmayıblar” kimi söhbətlər eləyirdik. Onun mənim danışığımdan zəhləsi gedirdi. Qurcalana-qurcalana qalırdı. Mənim də saatım var idi – biri yuxarıda, biri də stolun üstündə. Hər an saata baxırdım ki, bunun bir saatı bitsin. Amma Hüseyn Allahyarov mənə Moskvadan bir aparat alıb gətirmişdi ki, danışıq olmayanda aparat yazmırdı. Ona görə də mən istədiyim qədər vaxtı uzadırdım ki, bunun lenti qurtarsın. O, mənim stolumun altına “juçoq” qoymuşdu. Stolun arxasında belə otururdu, sonra da “juçok”u qoyub gedirdi. Mən həttə xadiməyə tapşırmışdım ki, mənim otağımı silməyin, tozunu almayın. Mən gələndən sonra silərsiniz. Bir gün gələndə gördüm ki, televizorum çəkilib. Uzaqdan haranın toz olması da görsənirdi də… Evdən həm də kabinetə televizor gətirmişdim.

 

Heydər Əliyevin bir əmisi oğlu var idi…

 

– Hə, siz bütün bunları eləmisiniz ki, toz olanda kimin kabinetdə nə iş gördüyünü dərhal biləsiniz?..

– Hə, nəyin tərpənib tərpənmədiyini görürdüm. Gördüm, televizor yerindən tərpənib. Heydər Əliyev rəhmətliyin bir Süleyman adlı əmisi oğlu var idi, “KQB”işçisi idi. Şəkidə o zaman “KQB”-də işləyirdi. Süleyman Şəkidən gəldi, mənə dedi ki, sənin səsini ruslar yazır. Evdə də yazırlar, işdə də yazırlar, hər yerdə yazırlar, ehtiyatlı ol. Dedim, bəs mən edim? Dedi, “televizor qoy, işləsin”. Ona görə də otağımda televizor hər zaman işləyirdi. Bir gün də pəncərədən  baxanda gördüm ki, yolun o üzündə, Mədəniyyət Evinin qabağında dizinin üstünə kitab qoyub, oxuyur. Dedim, bu dəlidir-nədir, ayaqları suyun içində oturub kitab oxuyur. Bir az keçdi, durdum, yenə baxdım. Gördüm yox, getməyib, yenə orada oturub kitab oxuyur. O saat ağlıma gəldi. Mən məcbur idim ehtiyatlı olmağa…

– Dinləyirdilər?

– Hə, şərait tələb edirdi ki, ehtiyatlı olum. Durdum, aşağı düşdüm, bunun arxasına qədər gəldim, gördüm, bu, rusdur. Yanında skameykada da nimdaş balaca bazar sumkası var. Amma içində də aparat var. Çiynindən vurdum, döndü. Dedim ki, “Товарищ, иди Луzкову передай, если ему нужна тебя близко подпускать – я первый секретарь – на против моего кабинета есть большой зал. Иди садись там и пиши сколько хочещ”. Bu durdu, o nimdaş sumkasını da götürüb, elə getdi ki… (Gülür…)

– Deməli, orada oturub sizə qulaq asırmış?

– Orada oturub səsimi yazırmış. Mən də poçtun müdirini çağırdım, böyük reproduktorlar olur, ondan birini qoydurdum rayon komitəsinin qabağına, toka taxdırdım. Səhərdən axşama kimi konsert, danışmaq. Dedim, indi yazın görüm, necə yazırsınız. Mənə deyirdilər ki, çöldə oturub sənin kabinetdə elədiyin danışıqları yazırlar. 50-100 metrlik məsafədən yaza bilirdilər. Onda belə aparatlar var idi. Evdə də iynəni harasa sancıblar, evdə danışdıqlarımı yazırlar. Evdə də kimə nə danışacam? Arvadımla idarə söhbəti eləməyəcəm ki. Hər yerdə yazırdılar. Görəndə ki, televizor tərpənib, heç nəyə əl vurmadım, katibəni çağırdım. Soruşdum ki, “bura kim girib?” Dedi, “heç kim”. Dedim, o zaman çağır xidmətçini. Sən bura girmisən? Dedi, yox. Ümumi şöbədə Arif adlı oğlan var idi, ondan soruşdum ki, kabinetə girib? Dedi, “yox”. Dedim, “yaxşı, oldu, çıxın.” Televizoru çevirib gördüm ki, arxasında bir dənə antenna taxılan yer var, bir də ona oxşar başqa bir yer də var ki, ora həmin “juçok”u taxıblar. Götürdüm, kağıza büküb qoydum kassanın içinə.  Aradan bir az keçmişdi, bir “KQB” işçisi var idi – Füzuli Ələkbərovun atası “KQB” işçisi idi – o, iki-üç yoldaşla mənim yanıma gəlmişdilər. Bunlar gələndə mən yerimdən durdum, gəldim bunlarla üzbəüz oturmağa. O vaxtlar da siqaret çəkirdim. Əlimi atdım siqaret götürməyə, gördüm ki, stolun altında əlimə bir şey gəldi. Baxdım ki, dinləmə qurğusudur. Onlar tez əlləri ilə işarə verdilər ki, “Sus, sus, sus! Ver bura!” Onu əlimdən aldılar. Kağıza yazdılar ki, tez bir paçka təzə çay gətizdir. Gətizdirdim. Çayı yerə töküb qurğuşunlu kağıza bunu bükdülər. Onlarla da yazı ilə danışırıq. Dedim, “kassada hələ biri də var”. Dedilər ki, bunların hamısı nömrələnmiş şeylərdir. Baxarsan, bunu dalından sənin Luzkovun çıxacaq. Qoy ora. Bir az keçəndən sonra bunların başçısı Luzkov gəldi. Belə cavan adam idi, amma çox savadlı köpəkoğlu idi. Mən Ömər Xəyyamdan danışıram. Amma heç onun qədər Ömər Xəyyamı bilmirəm. Bu, Ömər Xəyyamdan şeirlər deyirdi. İnanın ki, olan şeylərdir. Bunlar Azərbaycanı öyrənib gəlmişdilər. Özü deyirdi ki, “Mən Qdlyanın yanında kurs keçmişəm”. Özü də maryak idi. Nəsə, bu gəldi. Dedim ki, “axı, məndən nə istəyirsən? Niyə səsimi yazırsan? Axı, düz eləmirsən. Belə olmaz”. Dedi, biz məqsədimizə çatmalıyıq. Dedim, göyə çıxsanız da məqsədinizə çatmayacaqsınız… Mən bir şeydən qorxurdum ki, bunlar üzümçülüyü də yoxlayalar. Bir az o sahədə nöqsan var idi.

 

Şahnazarov və Aqanbekyan mənə xəbər göndərdilər ki…

 

– Deyildiyi kimi, o zaman “perepiska” var idimi?

– Bilirsinizmi, mən orada olduğum müddətdə bir yumurtanı belə artıq-əskik yazmağa qoymadım. Bir yumurta artıq olmayıb. Nə var idi, o idi, qardaş.

– Amma o sistem var idi?

– İndi nə bilim, vallah. O vaxt o biri rayonların ərazilərində nə olduğunu mən necə deyim? Onların yerinə mən bu suala necə cavab verə bilərəm? Olmayan şeyi mən necə deyə bilərəm? Mən yalnız özümə cavabdeh idim. Mən bilirdim ki, heç bir vaxt bir dənə çöp də artıq-əskik yazılmamalıdır. Nə var idi, o da yazılmalı idi.

– Həmin o araşdırma nə qədər getdi?

– 5 il. Moskvadan gələn o yoxlama 5 il Şamxorda oturdu.

– O zaman elə sizinlə bərabər gəlib, oturublar ki.

– Mənimlə bərabər onlar da oturdular.

– Bayaq Aşotun söhbətində qalmışdıq.

– Hə, Aşot dedi ki, dünən Xanlarda “sxodka”da olub. Soruşdum ki, “sxodka”nədir? Dedi, toplantı. “Приехал Жора с особой миссией. Его послал Шахназаров и Aганбекян. Жора приехал к вам, но я ему сказал, oн тебя оскарбит, nе надо. Поэтому мы решили что я приду к вам и передам его поручение.” Dedim, axı, bu Jora kimdir? Dedi,  «Жора всемирный известный человек. Спортивный комmентатор Георгий Саркисянс.» Dedim, bəyəm o, belə tanınır? Dedi, «Да, он всемирный. В не знали, что-ли.» «А Жора откуда?» «Жора из Ханларского района и я тоже из Ханларского района». Mən də buna dedim ki, sənin bütün danışıqların, söhbətlərin var. İndi mən Ziya Yusifzadəyə zəng edərəm və deyərəm ki, sənin əməkdaşın gəlib, burada məni hədələyir.

– O zaman bizdə “KQB”-nin sədri Ziya Yusifzadə idi?

– Bəli, Ziya Yusifzadə “KQB”-nin sədri idi. Dedi ki, “я не кого не боюсь…”  Dedim, «как не боишься. Ты же меня боялся.» Dedi, «боялся, a сейчас не боюсь.» Soruşdum ki, «а что случилось, что теперь не боишся.» Dedi, «я со вчерашнего дня начальник управления по национальным вопросам КГБ Армении. С вчерашнего дня я работник Армении, я не ваш работник. Так что, меня не пугайте. Теперь вы мне скажите, вы будете иметь дело с Чардахлы. Шахназаров и Aганбекян ждут ответа. Они сказали вам передать что если вы будете иметь дело с Чардахлы, считайте, что вы уже не первый секретарь».

 

Aşot, “bu gündən I katib deyilsən” dedi

– Bir məsələni dəqiqləşdirim. Onun Jora dediyi adam Mərkəzi Televiziyada idman şərhçisi Georgiy Sarkisyansdır?

– Hə, odur. İdman şərhçisi idi. O da Xanlar rayonundan imiş. Bunların hamısını ermənilər yaxşı bilirlər ki, Moskvada kim harada yaşayır, hansı işlə məşğuldurlar. Onlar bilirlər ki, bu, Xanlar rayonundandır. Şahnazarov böyük adam idi. Qorbaçovun sağ əli idi. Aqanbekyan da onun iqtisadi məsələlər üzrə köməkçisi idi. Bunlar mənə xəbərdarlıq edirdilər ki, Çardaxlıdan əl çək. Ermənilər də orada nə istəyirlərsə, onu da eləsinlər. Müharibəni də başlasınlar, o rayonları da alsınlar. Nə istəyirlər, onu da eləsinlər. Mən dedim, bilirsən nə var? İndi get Şahnazarova da, Aqanbekyana da denən, sizin Andranikiniz də belə, sizin Karapetyanınız da belə, Şahnazarovun da, Aqanbekyanın da, sənin də, Joranın da… belə-belə… İstədiyiniz heç bir vaxt olmayacaq. Bizim də Heydər Əliyevimiz var. Dedi, уже нет вашего Гейдар Алиева. Dedim, “Как нет?” Dedi, “Я вам вещь говорю. Горбaчов уже с ним рассчитался.” Bunlar belə müsibət adamlardırlar e… Mən bütün bunların hamısını Kamran Bağırova danışmışdım. Aşota dedim, “indi nə deyirsən, mən bu gündən katib deyiləm?” Dedi, “Да, с сегодняшнего дня вы не первый секретарь. Скоро увидете сами.” Doğrudan da 5-6 gün sonra. …Baqramyanın ad günündə mən bunların başlarına oyun açandan sonra “Сельская жизнь” qəzetində “Прошлого в плену” adlı bir məqalə çıxdı. Orada mənə döşədilər. Onu da Lukyanov zəng elətdirmişdi.  “Известия” qəzetinin redaktoru Lapdiyev Dmitriy İvanoviç bizim deputat idi, bizdən – Qazaxdan, Tovuzdan, Şamxordan deputat idi. İldə də bir dəfə ora gəlirdi. Bu gələndə – Ramiz Mehdiyev də var idi. Qazaxın katibi Murad Aşurov və Aslan Nəsibov da orada idi – mən bunun üstünə düşdüm ki, “necə olur, 4 ildir, bizim camaat yazır ki, Moskvadan MVD işçiləri, prokurorluqdan gəlib bizi incidirlər, filan edirlər, bir dənə də olsun tədbir görmürsünüz. 1 dənə erməni məktub yazmaqla ki, Əsədov belə edib, komissiya, adam göndərir, müxbir yollayırsınız?” Bekker Manuel Aleksandroviç adlı bir müxbir göndərmişdilər. Dedim, “siz bizim deputatsınız, axı.” Dedi, bilirsiniz, belədir-elədir. Mən bunun üzərinə bərk gedəndə Aslan dedi ki, lazım deyil. Bunun üzünə vurdum ki, yaltağın biri yaltaq.

– Aslan Nəsibov kim idi?

– Tovuzun katibi idi. Ramiz Mehdiyev dedi ki, “nə işin var, qoy desin də…” Azərbaycanca da yavaşdan pıçıldadı ki, “nə istəyirsən, soruş, qoy desin.” Mən də buna dedim. Bundan sonra dedi ki, “я с своей стороны обещаю что это статья не выйдет на нашем газете, газете «Известия» ” Bir 10-15 gün sonra həmin məqalə «Сельская жизнь» qəzetində çıxdı. Şahnazarov Lukyanova tapşırıb, Lukyanov da «Сельская жизнь» qəzetinin redaktoruna tapşırıb. Burada bir Sinitsin var idi… Sinitsin bu işin içində olan adam idi. Sinitsin sonra gəlib bunu danışmışdı. Yoxsa, mən bunu bilmirdim.

– Deyəsən, Qorbaçovun anasına da sizinlə bağlı şikayət edilib.

– Şamxorlular çox diribaş adamlardır. Onlar hər yerdə var idilər. Ticarətdə də…

 

Qorbaçovun anası zəng eləyib ki, “Mişa, onu oradan rədd eləmək lazımdır”

 

– Biznesdə varlar…

– Hə, hər yerdə vardılar. Mənim bir işçim gəldi dedi ki, Şamxorda işləyən, indiki dillə deyək, bir biznesmen orada bir polislə dostdur. O deyib ki, Şamxor rayonunun birinci katibindən Qorbaçovun anasının yanına 4 dənə şikayətçi gəlmişdi. Qorbaçovun anası onları qəbul elədi. Bir diplomat gətirdiklərini də ona verdilər. Qorbaçovun anası da zəng eləyib ki, “Mişa, orada belə bir katib var, onu oradan rədd eləmək lazımdır”. O adamları da bu adam bilir. Dedim ki, sənin o şamxorlu dostun mənim xatirimi istəyən adamdır? Dedi, hə. Dedim, bura gələ bilər? Dedi, onu da, həmin o milis işçisini də gətirə bilər bura. Onu da götürdü gəldi. O danışdı.

– Həmin o rus.

– Həmin milis işçisi olan rus.

– Yəni özünüz onunla görüşdünüz?

– Görüşdüm. Qonaq Evində yerləşdirdim, yaxşı hörmət elədim. Dedi, “bəli, anasının yanına gəlmişdilər, anası da zəng elədi. Biz onun anasını qoruyuruq. Neçə km o tərəfə, neçə km bu tərəfə postlar var ki, oradan Qorbaçovun anasını mühafizə edirik. Ona görə də onun yanına gəlib-gedənin hamısını biz bilirik. 4 nəfərdən də 3-ü erməni olub, biri azərbaycanlı olub”.  Azərbaycanlı da mənim sovxoz direktorluğundan çıxardığım adamdır, onlara qoşulub şikayətə gedib.

– Sarıyev?

– Yox, yox… Qadın idi. Lənkəranda işləmişdi, sonradan gəlmişdi. Adı yadımdan çıxıb. Gələn kimi kartof satdı, mən də dərhal işdən çıxardım. 4 nəfərdən də 3 erməni – Baqdasarov və s. Yəni belə olub. Daha mən Mişaya nə deyim?

– Əjdər müəllim, “Çardaxlı əməliyyatı” nə idi? Baqramyanın dostlarından danışdınız.

– Ermənilər Andranikin doğum gününə hazırlıq görməyə başladılar. Baqramyanın yubileyindən sonra kütləvi surətdə tədbirə hazırlaşırdılar. Çardaxlıya Novorossiyskdən, Voronejdən, Sibirdən, Moskvadan, SSRİ-nin bütün ərazilərində məskunlaşan ermənilər  toplaşmışdılar. Erməni xanımları var idi, üstlərindəki şubaların qiymətləri hələ o vaxt bəlkə də 20-30 min idi. Çiyinlərinə salıb, belə fırlana-fırlana gəzirdilər. Bahalı maşınlarla gəlmişdilər. Bunlar yubileyi keçirib, hücuma keçib, o rayonların hamısına erməni adı qoyacaqdılar. Müharibəyə başlayacaqdılar, ya yox, bilmirəm. Amma mən Çardaxlıda silah tapa bilmədim. Axtartdım, amma tapa bilmədim. Transporatları, plakatları tapdırdım, çıxartdım, amma silahı tapa bilmədim.

 

Silahı harada saxlamışdılar, onu ayırd edə bilmədim

– Öncədən silah axtarmışdınız?

– Hə, silahı axtardım, milis işçiləri də axtardılar. Agentlərimiz də axtardı, amma silah tapa bilmədik. Bilmədik, hara yerləşdiriblər. Onu bilmədik. Aparmışdılar, kilsədə gizlətmişdilər, harada, onu bilmədik. İkinci, Qağnixaç adlı kilsə tikmişdilər, qapalı yer idi ora. Onu torf daşdan gətirib tikmişdilər. Onu harada saxlamışdılar, onu ayırd edə bilmədim. Bacarmadım, tapa bilmədim. Yegiyan da qaçdı, yoxa çıxdı. Araşdırdılar, nə qədər əskiyi çıxdı.

– Siz Çardaxlını təmizləyəndən sonra Yegiyan qaçdı?

– Hə.

– Ayın 30-da Çardaxlıda keçiriləcək tədbirdən danışmağınızı istəyirəm.

– Ayın 30-da Mərkəzi Komitədən ikinci katib Konovalov mənə zəng elədi ki, “Первого декабрья день рождения Баграмяна. Надо подготовится”. Yəni qəzetdə-filan bu haqda yazılar dərc olunsun. Dedim, baş üstə, “Hər şey yerində gedir. Amma bu Çardaxlı camaatı bir az xuliqanlıq salır”. Mənim bir mqsədim də o idi ki, bunun dilindən söz alım ki, əgər kimsə, xuliqanlıq eləsə, onun qarşısını alım. Dedim, yerli milis də şikayətlənir ki, camaat arasında xuliqanlıq salanlar var. Partiya kabinetini də bağlayıblar. Dedi, “как это? Не может быть”  Dedim, «Я передам трубку начальнику милиции, пусть он расскажет. Вы мне не верите».

 

Gecəykən Çardaxlını boşaltdıq

 

– Milis rəisi Hüseyn Allahyarov idi?

– Hə, verdim trubkanı Allahyarova. Ona da dedi ki, “Aллахяров, действуйте по плану. У вас есть инструксия. Что надо делайте. Как это закрыть партийный кабинет? Принять серьезные меры…” Bizə də o söz lazım idi də. Beləliklə, hazırlıq görülür. Bir də dedi ki, dekabrın 1-də Mərkəzi Komitənin nümayəndələri gələcək, Yerevandan da, Moskvadan da gələcəklər. Gedin orada bir yerdə tədbiri keçirin. Böyük yubileydir də. Daha Baqramyanın 90 illik yubileyidir. Dedim, “Lap yaxşı, oldu. Hazırlıq gedir, narahat olmayın”. Mən də artıq bilirəm ki, bunlar məni çıxaracaqlar. Noyabrın 30-da Allahyarovu çağırdım, dedim, “Hüseyn, məni Mərkəzi Komitə işdən çıxaracaq. Saxlamazlar məni. Mən bilirəm. Mən Kamran Bağırovu da tanıyıram, onların hamısını tanıyıram. Bunlarda elə bir kişilik, mərdlik-zad yoxdur. Bunlar üçün millət söhbəti yoxdur. Amma gərək, ermənilərin qarşısını alaq biz. Əgər biz bunun qarşısını almasaq, bunu özüm-özümə bağışlamaram”. Dedi, necə? Dedim, bax belə, almalıyıq da…  Beləliklə, tədbirimizi gördük. Getdik gecəynən bunun qarşısını aldıq. Bunların Çardaxlıda tədbir keçirmək planları pozuldu.Hər yerdən gəlmişdilər – Ermənistandan, Ryazandan, Gürcüstandan, dünyanın hər yerindən ermənilər gəlmişdilər. Maşınlarla tökülüşüb gəlmişdilər. Xəstəxanalarda, mehmanxanalarda, kafelərdə, evlərdə – hər yerdə yerləşmişdilər. Gecəykən Çardaxlını boşaltdıq. Çardaxlıda heç kəs də qalmadı. Qayıtdıq gəldik, gecəynən hər tərəfə gül-filan əkdirdik. Hər tərəfi düzəltdik, səliqə-sahman yaratdıq. Səhər də pionerlərlə, komsomolçularla tədbiri keçirdik. O vaxt da videoçəkən aparatlar az idi. Bir-iki nəfər də tapdıq, onları da apardıq. Özümüz də tribunaya çıxdıq ki, Baqramyan tünbətün belə olsun, elə olsun. Vəssalam. Kənddə bir nəfər də olsun erməni yoxdur. Keçirdik, yubileyini qeyd eləyib gəldik. Rayona çatanda Mərkəzi Komitədən Surxay Tağızadə gəldi – yaxşı adamdır – oturduq. Onu Qonaq Evinə apardım, çörək yeməyə. Dedi ki, “nə vaxt gedirik yubiley tədbirinə?” Dedim, bəs, siz gecikdiniz, biz də gedib, keçirdik. “Ə, nə danışırsan? Elə şey olar? Axı dünəndən sizə Konovalov demişdi”. Dedim, “Düzdür, demişdi, amma sizi gözləyə bilmədik də, məcbur olub, getdik özümüz keçirdik. Əşşi, elə-belə bir şeydir də”. Soruşdu ki, “bəs, haradan gəlmişdilər?” Dedim ki, “Aaa, adam çox idi. Hər yerdən gəlmişdilər. Mən nə bilim, hər yerdən var idi. Rusiyanın hər yerindən gəlmişdilər. Axşam var idi də… İndiyə qalmazlar”. Bu götürüb Konovalova zəng elədi ki, «Василий Николаевич, они меня не ждали, сами повели мероприятие.» Dedi, «Да. Они провели. Ты знаещь там что случилось? Там армян не осталось». Gördüm, qorxdu. Dedim, “əşşi, nə qorxursan? Mən eləmişəm? Mən də cavab verəcəm. Tutarlar, asarlar, kəsərlər, çıxardarlar, mənə eləyəcəklər. Sənin nə işin var? Mən eləmişəm, yaxşı eləmişəm. Belə lap əlimin içindən gəlib. Konovalova da de ki, “Хорошо сделал!””. Lap belə də deyin. Lap Kamrana da deyin. Qorxuram bəyəm? Uzaqbaşı, onsuz da mən bilirəm ki, siz məni işdən çıxaracaqsınız. Mənim sizə heç vaxt etibarım çatmayıbdır. Etibar eləmirəm də indi. Zato, rahatam ki, ermənilərin burnunu ovmuşam”. Sonradan təzədən yenə tökülüşüb gəldilər…

– Sizi elə o məsələdən sonra da işdən çıxardılar.

– Hə, o məsələdən sonra çıxardılar. Plenum çağırdılar.

– Səbəb olaraq nəyi göstərdilər?

– Belə bir şey yazdılar ki, “Yenidənqurmada milli məsələləri təmin etmədiyi üçün, ermənilərlə yola getmədiyi üçün və s. tutduğu vəzifədən azad edilsin.” Adını belə qoydular.

– İstərdim çıxarıldığınız gün keçirilən Büro iclasından, plenumdan danışasınız.

– Büroda heç kəs mənim çıxmağıma səs vermədi. Mənim işdən azad olunmağım səsə qoyulanda bir nəfər də olsun səs vermədi. Telman Orucov belə boğaz çəkirdi. Rəhmətlik Məhəmməd Əsədov uzaqdan işarələrlə danışırdı ki, “əmoğlu, xahiş edirəm, dur camaata denən, səs versinlər”. Camaat səs vermir də, mənim çıxmağıma. Ağlayırlar. Hamı ağlayırdı.

 

Şamxor camaatı bayram eləyirdi

 

– Hamı bilirdi ki, sizi erməni məsələsinə görə işdən çıxarırlar da…

– Bütün Şamxor bayram eləyirdi o tədbirin alınmamasına görə. Noyabrın 30-u gecə hadisəsinə görə, Şamxor camaatı bayram eləyirdi ki, bax erməniləri bu cür edərlər. Mən Şamxordan gecəykən qayıdıb, gələndə – Çardaxlı dağ ətəyində, hündürdə yerləşir – mən gördüm ki, Şamxor tərəfdən bəlkə də min, iki min işıq var. Dedim, bu nə işıqdır? Bu hansı şəhərdir, haradır? Bir az da çaşan kimi oldum. Sürücü dedi ki, “maşınlardır, gəlir”…

– Allah… Allah…

– Milis rəisi Hüseyn Allahyarovla maşını saxladıq, soruşdum ki, “ay Hüseyn, bu nə işıqdır, nə maşınlardır?” Dedi, “Şamxora xəbər çatıb ki, burada ermənilərlə dava gedir, camaat tökülüşüb, gəlir…”

– Camaat sizə dəstəyə gəlir…

– Hə. Dedim, əgər onlar gəlsələr…

– Bu hadisə noyabrın 30-da gecə, Çardaxlı ermənilərdən təmizləndikdən sonra olub?

– Hə. Camaat da eşidib ki, dava-qırğındır , dəstək verməyə gəlirlər.

– Əjdər bəy, bəs necə oldu? Orada silah işlədildimi?

– Bir dənə də olsun silahdan istifadə olunmadı. Bircə dəmirdən, armatur parçasından başqa. Mən əvvəldən xahiş eləmiş dim ki, “nəbadə, nəbadə, bir adam bıçaq işlətsin, tapança işlətsin…”

 

Zahid Dünyamalıyev də dəstə göndərmişdi

 

– …Ki, məsələ böyüməsin.

– Bəli, böyüməsin. Dedim ki, “ay camaat, elə-belə yumruq davası olsa, uzaqbaşı məni tutarlar, işdən çıxararlar. Amma bıçaq-tapança olsa, sizi də tutarlar. Belə şeylər lazım deyil. Bizim gücümüz çatır da… Hazır niyə silaha əl ataq? Başqa şey eləməyin”. Heç kəs də eləmədi. Yumruqdan başqa, heç kəs, heç nə eləmədi. Rayonun, İcrayyə Komitəsinin o cılız uşaqları əjdahaya dönmüşdülər. Elə bil, bunlar pəhləvan imişlər. Heç özüm də inanmırdım ki, bunlar bu qədər bacarıqlı imişlər ki… Gəncənin, Şamxorun milis işçiləri…

– Zahid Dünyamalıyev də…

– Hə, Zahid Dünyamalıyev də dəstə göndərmişdi. Maşınlarla köməyə adam göndərmişdi. Böyük hadisə idi, balaca hadisə deyildi. Elə-belə hadisə deyildi o… İndi mən qısa danışıram, amma…

– Böyük hadisə idi. Ermənilərin o cür fəallığının qarşısı alınmışdı.

– Çox böyük hadisə idi. Saat 10-a qədər məsələ həll olundu, Çardaxlını ermənilərdən boşaltdıq. Getdilər. Sonra başladı komissiyalar gəlməyə… Çardaxlıya polkovniklər, generallar gəlməyə başladılar.

– Bu hadisədən sonra?

– Hə, bu hadisədən 2-3 gün sonra. Və o qaçan sovxoz direktoru Yegiyanı da çağırdılar. Bizim Mərkəzi Komitənin böyükləri Yegiyanı çağırıb söhbət edirlər, mənə də deyirlər ki. “sən çöldə gözlə”.

– Allah..Allah…

– Məni çöldə gözlədirlər, onunla söhbət edirlər. O da deyir, belə-filan. Mən artıq bilirdim ki, məni işdən çıxaracaqlar. Qaçıb getməyəcəm ki, çıxarsınlar da. Yegiyan oradan çıxanda, şlyapasını çıxarıb mənə belə elədi, dedi ki, “сам виноват. Ты не должен был так поступить. Ты должен был послушать Шахназарова.” Mən də kabinetin holunda gözləyirdim, bu mənə elə deyəndə…

 

Kamran Bağırov dedi ki, Qorbaçov hər gün zəng edir ki…

– Görün bir nə qədər güclü imişlər də, Əjdər müəllim…

– Çox güclü idilər. Bunların dallarında rus durur. Şahnazarov, Aqanbekyan Qorbaçovun sağ əlidir. Qorbaçov birbaşa Kamran Bağırova demişdi. Mən Kamran Bağırovdan soruşuram ki, “Mən axı nə eləmişəm ki, sən məni işdən çıxarırsan? Cibgirlik eləmişəm, rüşvət almışam, əyyaşlıq eləmişəm, tərbiyəsizlik eləmişəm? Nə pisliyim olub ki, sən məni çıxarırsan?” Dedi, “Əjdər, bir oğlum var, onun canı üçün, mən səni işdən çıxarmazdım. Hər gün Qorbaçov zəng edir ki, “Почему ты его не снял? Он племянник Гейдара Алиева. Он близкий человек Гейдара Алиева. Зачем ты не снимаешь его.” Hər gün mənə zəng eləyir ki, “çıxar onu, çıxar onu””…

– Kamran Bağırov da Heydər Əliyevin adamı deyildimi?

 

II hissənin sonu

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button