“Azadlıq Salnaməsi”ndə Mirmahmud Mirəlioğludur (II hissə): “Elçibəyin ölümündə müəmma var!”-VİDEO

Mirmahmud Mirəlioğludan çok açıqlamalar:Elçibəy bu tezliklə getməməli idi, onu heç olmasa 7.5 il yaşatmaq mümkün idi, Elçibəyi 3 ay saxlamaq mümkün olmadı”

 

Mirmahmud Mirəlioğlu ilə həm “Qaynar Qazan”da, həm də “Azadlıq Salnaməsi”ndə görüşümüz demək olar ki, bu verilişlər yaranandan, hətta ondan da əvvəldən planlaşdırılsa da, alınmır ki, alınmırdı. Hər dəfə bir iş çıxır, ya vəlvələdən, ya zəlzələdən görüşümüz baş tutmurdu. Təbii ki, bu işdə əsas yük bizim üzərimizə düşmür. Siyasilərimiz bəzən könülsüz, ya da soyuq yanaşırlar istəyimizə. “Qaynar Qazan” bir az başqa formatlı olduğu üçün bəziləri ümumiyyətlə, siyasətçi olsa da, gəlməyə risk etmirlər, “Azadlıq Salnaməsi” isə qismən uyğun olsa da, eyni yanaşmalar bəzən bizi çətinə sala bilir. Təbii ki, Klassik Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlunun çəkinməyə, ya da ehtiyat etməyə bir səbəbinin olmadığını hamıdan yaxşı bilənlərdən biri mənəm, ancaq alınmayanda alınmır da…

Bu dəfə ötən ilin elə bu zamanlarında etdiyim təklifi yenə etdim Mirmahmud Mirəlioğluna. Onunla sırf Elçibəydən, onun son günlərindən danışmaq istəyirdim. Ötən il də bu barədə müraciət etmişdim, amma alınmamışdı. Bu il də etdim. Zaman qısa idi, ancaq bu dəfə Ağadan müsbət cavab ala bildik və çəkilişə KXCP-nin qərargahına, kabinetinə gəldik. Söhbətimiz alındı.

Əbülfəz Elçibəy haqqında danışmaq heç bir zaman asan deyil. Bəyin fəaliyyəti o qədər ziqzaqlı, təzadlı, mürəkkəbdir ki, istər-istəməz çətinlik törədir. Ona görədir ki, ölümündən 15 il keçməsinə baxmayaraq, hələ də gündəmdədir Elçibəy. Yenə tənqid edənlər arqumentlərini müdafiə edirlər, dəstəkləyənlər eyni tezislərlə cavab verirlər. Dəyişən bir şey yoxdur arqumentlərdə. Təkcə müşahidə etdiyim maraqlı bir məqam var. Hər gün keçdikcə Əbülfəz Elçibəyə maraq artır, yeni nəsil onu daha yaxşı tanımağa başlayır və çalışır. Önəmlisi odur ki, yeni nəslin qəhrəmanı yoxdur və onlar bugünkü harın və qudurğan məmurların, onların balalarının Azərbaycanı talaması və dağıtması fonunda Elçibəy kimi borc içində ölən birisinin qəhrəmanlığına ehtiyac duyurlar. Düşünürəm ki, bir müddət də keçəcək və Elçibəy bu günümüzdəkindən daha güclü və populyar olacaq. İndi o günlərin ərəfəsindəyik. Bir nəsil qəhrəmanını qəbul etdisə, onun yanında nə edirsən et, qəhrəmanına sahib çıxacaq. Bax, Elçibəy düz ölümünün bir az öncəsində olduğu kimi, çox güclü və çox maraqlıdır. İndi fərqi odur ki, onu daha öldürmək, ya da aradan götürmək mümkün olmayacaq. Onunla döyüşdükcə böyüyəcək…

Mirmahmud Mirəlioğlu ilə belə bir zamanda görüşdük. Maraqlı söhbət oldu, amma hər zamankı kimi, tam olmadı məncə. Daha səmimi, daha açıq, daha çılpaq bir söhbət də ola bilərdi. Zənnimcə, Əbülfəz Elçibəy haqqında hələ çox şey danışılmayıb. Xüsusilə, son günləri haqqında suallarıma, Elçibəyin öldürülə biləcəyi haqqında ehtimallara hər zamankı kimi qapalı cavablar verdi Ağa. Hər cür açıq danışmaqdan yayındı. Elçibəylə dostluqlarından Novella Cəfəroğlunun iddialarına qədər hər məqamdan səthi keçdi düşüncələrimə görə. Bəlkə mən çox şey gözləyirdim, bəlkə mən çox şey bilirəm, ya da bilmək istəyirəm, bilmirəm, amma açığı, bu söhbət ürəyimin dərinliklərinə işləmədi. Deyəsən, heç Elçibəyin cənazəsi ilə birlikdə gətirilən pullardan başqa yeni bir söz də deyilmədi. Hər halda, mənim nə deməyimdən asılı olmayaraq, Mirmahmud Mirəlioğlunun bu müsahibəsinə ən böyük qiyməti Oxucu-Tamaşaçı verəcək və güman edirəm ki, Elçibəyin şəxsiyyətinə olan maraq məni yanıldacaq.

Çox məqamlardan danışdıq Mirmahmud Mirəlioğlu ilə. 1974-cü ildə ilk dəfə onun haqqında eşitməsindən 1980-vi il avqustun 21-də baş tutan ilk görüşlərinə, hakimiyyət illərindən son günlərinə qədər gəldikləri uzun yoldan danışdı Ağa. Özünün dəqiq ifadə etdiyi kimi – “23 il və son 23 gün” kimi bir mazisi var Əbülfəz Elçibəylə. Adamlar 1 dəfə alayarımçıq görüşüb özlərini Elçibəyin az qala qardaşı bilir, ya da təqdim edirlər, Mirmahmud Mirəlioğlu 23 il və son 23 gün də bir yerdə olmasına baxmayaraq, “mən kiməm ki, Elçibəyin dostu olum?” deyir. Bu, təbii ki, təvazökarlıqdır, amma hələ son deyil. Düşünürəm ki, onun Elçibəy haqqında demədiyi çox sözləri qaldı və əslində, nə dedi ki?!

Ölümündən bəri gündəmdən düşməyən bir mövzudur Elçibəy. Heç düşməyəcək də. Bu, belə də davam edəcək. Tariximizin son 30 ilinə damğa vuran 2 böyük şəxsiyyət haqqında belə çox davam edəcək hələ. Həm Heydər Əliyev, həm də Əbülfəz Elçibəy onlardan daha üstün, daha maraqlı, Azərbaycanın bütün problemlərini həll edəcək daha qüdrətli bir şəxsiyyət meydana çıxana qədər ölkənin gündəmini müəyyən edəcəklər. Tarix onlara işləyəcək…

Tarixin güclü şəxsiyyətlərindən birinin dostu, ömrünün 23 ilini və son 23 gününü onunla birlikdə olan Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəy haqqında danışır – Azərbaycanın 2-ci, özünün dediyi kimi, “demokratik yolla seçilən ilk və son prezidenti” haqqında.

“Azadlıq Salnaməsi”ndə 20-ci Mirmahmud Mirəlioğludur. Klassik Xalq Cəbhəsi Partiyasının sədri…

Əvəz Zeynallı,

“Azadlıq Salnaməsi”

 

I hissəni buradan oxuya bilərsiniz:

“Azadlıq Salnaməsi”ndə Mirmahmud Mirəlioğlu (I hissə): “Elçibəylə qan qohumluğumuz ola bilər…”-VİDEO

 

II hissə

Mirmahmud Mirəlioğlu “Azadlıq Salnaməsi”ndə müsahibəsinin II hissəsində dedi ki:

– Elçibəyin simvola çevrilmiş fotosunu iqtidar fotoqrafı çəkib

– Elçibəyin xəstəliklə bağlı məsələlərini Bəyin icazə verdiyi qədər bilirdik biz, ondan o tərəfə yox

– Elçibəyin ölümündə həm müəmma var, həm də yoxdur – kim ki var deyir, onun üçün var, kim ki yox deyir, onun üçün yoxdur

– Biz Türkiyədən alınan müayinənin nəticələrini Amerikaya göndərməli idik, amma…

– Amerikadan cavab gəlmişdi ki, müalicəyə tabe olunan xəstəlikdir Elçibəyin xəstəliyi

– Elçibəyin Türkiyəyə gəlişi bir siyasi zəlzələ oldu, çox böyük narahatçılıq vardı

– Hətta Türkiyənin Cümhurbaşqanı Süleyman Dəmirəl narahat idi bu məsələlərdən

– Təkcə Heydər Əliyevdən çəkinmirdilər, Elçibəyin bildiklərini onlar da bilirdilər, Elçibəyin hansı bilgiyə malik olduğundan xəbərdar idilər

– Elçibəyin məhkəməsinə birbaşa Süleyman Dəmirəlin müdaxiləsi ilə xitam verildi, çünki Dəmirəlin özü də işin içində idi

– Elçibəy bu tezliklə getməməli idi, onu heç olmasa 7.5 il yaşatmaq mümkün idi, Elçibəyi 3 ay saxlamaq mümkün olmadı

– Müraciətləri Elçibəyin özü diktə etmiş, yazdırmış, redaktə etmişdi

– Elçibəyin müraciətlərinin əlyazması durur, heç bir redaktə edilmədi – özünün istəməsinə baxmayaraq

– Elçibəyin ev muzeyi yaradılmalıdır

– Əli Kərimlinin Elçibəyin yanına gəlmək üçün müraciəti olmayıb, gəlməyib

– Bəy Türkiyəyə ilk müayinəyə gedəndə onu birinci müavin yola salmadı

– Əli Kərimli və Asim Mollazadə Bəyi ziyarətə getdilər, görüşdülər və daha sonra bir də getmədilər görüşə

– Siz bilirsinizmi ki, birinci müavin Elçibəyin yasına gəlməkdən deputatlardan, başqalarından xahiş-minnət edib ki, onun mühafizəsi təşkil olunsun, yoxsa onu cəbhəçilər biabır edər? Bunu bilirsiniz?!

– Baş verən o idi ki, təşkilatın içində “Yurd” əlahiddə idi, ayrılmışdı təşkilatın içində

 

II hissənin sonu

 

Xural.com

 

“Azadlıq Salnaməsi” fotolarda:

        

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button