“Azadlıq Salnaməsi”ndə Nemət Pənahlı: “Qan iyi, ölüm qoxusu gəlirdi…”

“Azadlıq Salnaməsi”ndə Nemət Pənahlı Sərhəd Hərəkatından – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündən danışır…

“Azadlıq Salnaməsi”nin mövzusu 1989-cu ilin dekabr ayında baş verən Sərhəd Hərəkatıdır. O hərəkat ki, nəticəsində bir millətə böyük və əziz bir bayram miras qalıb. 1989-cu ilin dekabr ayında öz azadlığı uğrunda şahə qalxan millət, qarşısındakı bütün səddləri və səhədləri vurub dağıtdı. Hətta dünyanın ən iki zalım və əzazil dövlətindən – SSRİ və İrandan da qorxmadı. Sərhəd tellərinin üzərinə yalın əllə getdi və Arazın bu tayının bütün elektrikli tellərini qırıb-çatdı.

Bu önəmli tarixi gündən sonra 31 dekabr hərəkatı bir millətin yenidən birləşməsinə böyük ümidlər yaratdı. Sərhəd-keçid məntəqələri quruldu, o taylı-bu taylı Vətən bir-birinə daha da yaxınılaşdı və 31 dekabr getdikcə bütün dünyada məşhurlaşdı və bütün dünya azərbaycanlılarının həmrəylik gününə çevrildi.

nemet-evez

31 dekabrı ən müxtəlif adamların adlarına çıxırlar. Bu günün ərsəyə gəlməsində kimlərin rolu olduğu uzun zamandır müzakirə mövzusudur. Biz də “Azadlıq Salnaməsi”ndə bu mövzunu müzakirəyə çıxarmaq istədik. Əslində, hadisə necə başlayıb? İdeya haradan meydana gəlib? Plan necə tutulub? Tarixi kim, necə müəyyənləşdirib? Kimlər lehinə, kimlər əleyhinə olub? Quşların belə səkə bilmədiyi SSRİ-İran sərhəddini adamlar sadə və yalın əllə necə dağıda biliblər? Buna SSRİ və İran necə icazə verib? Bu və ya bu kimi çoxlu suallar var ki, onlara cavab tapmaq hələ də müşküldür. O suallara cavab almaq istədik…

nemet-evez3

Sərhəd Hərəkatının canlı şahidlərindən zamanın Naxçıvan cəbhəçilərindən Ramiz Tağıyev var. Meydan hərəkatının liderlərindən Nemət Pənahlı var. Gün həm də bu adamların adları ilə bağlıdır. Açığı, bu günlərə qədər 31 dekabr haqqında bu qədər ziddiyyətli məqamları əhatə edən situasiya ilə qarşılaşmamışdım. Ramiz Tağıyev 31 dekabr hərəkatının konkret olaraq onun ideyası və təşkilatçılığı ilə baş tutduğunu, bu günü tarixə məhz özünün gətirdiyini iddia edir. Amma Nemət Pənahlı da bu günün tarixi ilə bağlıdır. Yəni 31 dekabrı konkret onun adı ilə bağlayanlar da var. Hələ ki, 3-cü iddiaçı ortada yoxdur və ona görə də qərara aldıq ki, bu iki qəhrəmanla 31 dekabrın tarixini incələyək.

Mən əvvəlcə Ramiz Tağıyevlə Nemət Pənahlının günlə bağlı debatını təşkil etməyi düşündüm. Zatən bu yaxınlarda yeni layihə – debat proqramı ilə görüşünüzə gələcəyik. İlk bu mövzu olsun, istədim, amma Ramiz Tağıyev bu mövzuda Nemət Pənahlı ilə debata çıxa bilməyəcəyini dedi. Nemət razılaşsa da, qarşı tərəf razı olmadığı üçün debatımız alınmadı. O zaman “Azadlıq Salnaməsi”ndə müzakirə etdik.

Hər halda Azərbaycan tarixində xüsusi çəkisi olan, bütün azərbaycanlıların ən əziz bayramlarından birinə çevrilən 31 dekabr gününün tarixi haqqında hələ nəsillər dəyişdikcə çox şey yazılacaq. Bu gün 31 dekabrın təşkilatçıları, ideoloqları, şahidləri və iştirakçıları varkən, bunu əslində, bizim etməyimiz ən təbii olanıdır. Qoy hamı danışsın. Zatən hər tərəfi dinləyəndə adamda təbii qənaət formalaşır. Şəxsən mən özüm mövzu haqda çox məlumatlı olmağıma baxmayaraq, hər iki tarix şahidini – Ramiz Tağıyevi və Nemət Pənahlını diqqətlə dinlədikdən sonra onların birinə haq verdim. Biri tam doğrunu danışır. Birinin dedikləri həqiqətə nisbətən daha yaxındır. Təbii ki, burada qənaətlərimi paylaşmayacağam, amma tarix üşün danışan hər iki şəxsin də önəmli şeylər dediyinin fərqindəyəm.

nemet-evez2

Millətimizin tarixi çox önəmlidir. Xüsusilə, son 30 ilin tarixi çox mürəkkəb və keşməkeşlidir. Hər günümüz tarix olub və dəhşətlidir ki, bu tarixi yazan yoxdur. Biz bir ucundan tutub getməyə, kələfi çözməyə qərar vermişik. Nemət Pənahlı ilə söhbət də bu qəbildəndir.

“Azadlıq Salnaməsi”nin qonağı Meydan hərəkatının liderlərindən biri, Azərbaycanın bütün taleyüklü hadisələrində adı olan Nemət Pənahlıdır…

Əvəz Zeynallı

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button