“Azadlıq salnaməsi”ndə Pənah Hüseyn-Nemət Pənahlı debatı (IV sonuncu hissə)-VİDEO

Qalmaqallı debat: “Vəzirov mənə 20 deputat yeri verirdi”

I hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/azadliq-salnam%C9%99sind%C9%99-p%C9%99nah-huseynl%C9%99-nem%C9%99t-p%C9%99nahli-debati-i-hiss%C9%99-video/ (“Azadlıq salnaməsi”ndə Pənah Hüseyn-Nemət Pənahlı debatı (I hissə)-VİDEO)

II hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/azadliq-salnam%C9%99sind%C9%99-p%C9%99nah-huseyn-nem%C9%99t-p%C9%99nahli-debati-ii-hiss%C9%99-video/ (“Azadlıq salnaməsi”ndə Pənah Hüseyn-Nemət Pənahlı debatı (II hissə)-VİDEO)

III hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/azadliq-salnam%C9%99sind%C9%99-p%C9%99nah-huseyn-nem%C9%99t-p%C9%99nahli-debati-iii-hiss%C9%99-video/ (“Azadlıq salnaməsi”ndə Pənah Hüseyn-Nemət Pənahlı debatı (III hissə)-VİDEO)

Nemət Pənahlı: “Vəzirovla razılaşmışdılar ki, deputat seçilsinlər, 20 nəfər də mənə yer verirdilər”

Pənah Hüseyn: “Razılaşmanı bu edib, danışığa bu gedib ki, özü deyir”

Bu dəfə “Azadlıq salnaməsi”ndə debatdır. Əslində, uzun zamandır debat şəklində verilişlər etmək istəsək də, texniki imkanlar ona elə də müsaid deyildi. Amma hadisələr elə istiqamətdə cərəyan etdi ki, Azərbaycan tarixinin önəmli bir mərhələsi ilə bağlı debat etməli olduq.

Bu ilin yanvarın 6-da Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər qəfildən memuar xarakterli bir yazı yazdı və bu yazı 1990-cı ilin yanvarın 6-7-də keçirilən AXC-nin konfransına həsr olundu. Elə hər şey də bundan sonra başladı. Mətbuat o zamanın materiallarını paylaşmağa, yaşayan şahidlər gördüklərini, xatırladıqlarını yazmağa, danışmağa başladılar. Təbii ki, bizim debat məsələsi də elə bu dartışmaların nəticəsində meydana çıxdı.

Zamanın iki önəmli qrupu var – AXC daxilində “radikal” və “liberal” adlanan qruplar. Bu qrupların bu günə qədər uzanan təsirləri olub. Eyni komandalar arasında kəskin qarşıdurma günümüzə qədər gəlib. Bir tərəfdə İsa Qəmbər və onun komandası, digər tərəfdə Nemət Pənahlı-Rahim Qazıyev-Etibar Məmmədov. Zaman-zaman qruplarda ayrılmalar və fərqli istiqamətlər müşahidə olunsa da, adı çəkilmədən elə həmin qruplarda təmsil olunan adamların qovğaları başını alıb gedir. İndi də elə oldu.

Maraqlıdır ki, İsa Qəmbər seçki ili başlar-başlamaz – hələ ilin əvvəlində bu müzakirəni başlatmaqla əslində, anlaşılmazlıq kimi qəbul olunacaq bir addım atmışdı. Adətən, prezidentliyə namizəd olan kəs cəmiyyətin bütün kəsimlərinin səsinə iddia etməlidir. Hələ İsa Qəmbər çapında bir siyasətçi hər kəsi qucaqlamalı, hamının maraqlarını özündə birləşdirməyə çalışmalı, ayrım etmədən hamıya müraciət etməli ikən, qəfildən “radikal”-“liberal” qarşıdurmasını 1990-cı ildən düz 2018-ci ilə qədər daşımağa nail olmuşdu. Təbii ki, bundan da hər kəs istifadə etdi, hamı yazdı, arxivlər açıldı, sandıqların qapaqları aralandı.

Pənah Hüseynlə Nemət Pənahlının debat məsələsi də bu günlərdə meydana çıxdı. Sağ olsunlar, təklifimizi geri çevirmədilər. Bu, həm də bir ilk oldu. Nədən ki, “liberal”lar heç bir zaman “radikal”larla debata gəlmirlər. Doğrudur, illər bundan əvvəl “Xural” qəzetində Pənah Hüseynlə Rahim Qazıyevin 9 saatlıq bir debatı olmuşdu, amma o ənənə də sanki indi unudulub kimi. Mən dəfələrlə buna təşəbbüs etmişəm, amma alınmayıb. Hərə bir şeyi bəhanə edir, Etibar Məmmədov ümumiyyətlə, danışmır, Arif Hacılı Rahim Qazıyev harada varsa onların heç birinin orada olmadığını, olmayacağını bildirir və s. Amma və lakin indi alındı…

Pənah Hüseyn İsa Qəmbərin – böyük götürəndə Əbülfəz Elçibəyin komandasının ən kilid adamlarından biridir. Hamıdan çox şey bilir, arxivləri var, danışdıqları əsaslıdır. Nemət Pənahlı da zamanında mövcud olan, amma sonradan dağılan “radikal” qrupun ən önəmli simalarından biridir. Hətta birincisi də demək olar. Zamanında böyük bir hərəkatın başında olub, milyonlarla adam sözü ilə oturub-durub.

Debata da bu adamlar razılaşdılar. Nə Müsavat, nə də AXCP-nin başında olanlar bu gün o qədər maraqlı deyillər belə debatların təşkilinə. İrəli sürdükləri müxtəlif arqumentlər var. Amma bəri başdan qeyd edim ki, bu tip debatlar çox lazımlı və vacibdir. Biz tarixin şahidlərinə verəcəyimiz sualları verməli, eninə-boyuna cavablar almalıyıq. Onlar olmayanda bu tarixi yazmaq çox gec və çətin olacaq.

Nemət Pənahlı ilə Pənah Hüseynin debatı maraqlı və gərgin keçdi. Bu adamlar son 25 ildir üz-üzə oturub o tarixin məsələlərini müzakirə etməyiblər. İndi bir neçə saatlıq görüşdə bunun alınması mümkün deyildi. Mən yalnız İsa Qəmbərin müzakirə açdığı məsələdən – AXC-nin 1990-cı ilin yanvar Konfransından danışmaq təklifi etmişdim və elə də qəbul edilmişdi. Amma hərəkatın ən danışan və məlumatlı adamları debata çıxınca, bir müddət mövzuya hakim ola bilmədik. 4 saat yarımdan çox debat getdi, mən mövzuyu toparlayıb nəzərdə tutduğumuz məqamın üzərinə gələnə qədər saatlar ötdü… O qədər dağınıqlıq və pərakəndəlik oldu ki, bir ara yayını yarımçıq saxlamaq istədim. Alınmırdı. Və etiraf edim ki, çoxsaylı debat və müsahibə tariximin belə çətin və gərgin keçəni olmamışdı. Yalnız indi canlı yayımın çox fəsadlara yol açacağını və bizim hələ ona hazır olmadığımızı deyənlərlə razılaşmalı oldum öz içimdə. Bu debat canlı yayında olsaydı, mövzu beləcə canlı yayında müzakirə olunsaydı, mən güman ki, 1 saat, ya da 1 saat yarımdan sonra yayını dayandırmalı olacaqdım. Amma bütün çətinliklərinə baxmayaraq, alındı və indi yayına hazırlayarkən maraqlı bir debatın baş tutduğunu gördüm. Yəqin hələ öyrənməyə zamanımız var və ya olacaq.

İsa Qəmbərin xəstələndiyi zamana təsadüf etdi bu debat. Elə müsahibə götürən günü, debat gedərkən də həyəcanlı xəbərlər gəlirdi. Həm Nemət Pənahlı, həm də Pənah Hüseyn çox gərgin və narahat idilər. Bu, həm də İsa Qəmbər haqqında daha sərt danışmağın qarşısını aldı bir növ. Hətta bir gün əvvəl həm Nemət Pənahlı, həm də Pənah Hüseyn debatı saxlamaq təklifi vermiş, təxirə salmağa hazır olduqlarını bildirmişdilər. Çox müsbət haldır ki, siyasətçilərimiz bir-birilərinə qarşı kritik məqamlarda mədəni və hörmətli davranmaq ənənəsini hələ tərk etməyiblər. Debatdan sonra Pənah Hüseynlə mən İsa Qəmbəri xəstəxanada ziyarət də etdik, həkimi ilə danışdıq və durumun normal olduğu məlum oldu. Maraqlıdır ki, Nemət Pənahlı da İsa Qəmbəri ziyarət etmək istəyirdi. Pənah Hüseynin gözləri dolan halda İsa Qəmbərə qurban dediyi halını da o zaman gördüm. Ağır zamanları olmasın, amma çox şəfqətli idilər bir-birilərinə qarşı. Deməli, hələ hər şey itirilməyib…

Debatın əslində, bu qədər gecikməsinin də səbəblərindən biri İsa Qəmbərin səhhətindəki problemlər oldu. Çəkilişdən sonra qərarlaşdırdıq ki, İsa Qəmbər tam sağalana qədər yayına verməyək debatı. Şükür, artıq İsa Qəmbərin sapsağlam olduğu, hətta ciddi-cəhdlə prezidentlik marafonunda iştirak etmək istədiyi haqda xəbərlər gəlincə, tərəflərlə də danışdım və qərarlaşdırdıq ki, debatı yayınlayaq. Və yayınlayırıq…

Mövzular o qədər çoxdur ki… Zaman-zaman hərə öz fikrini açıqlayıb. Amma qarşı-qarşıya olanda həqiqət daha tez və operativ ortaya çıxır. O baxımdan, Pənah bəylə Nemət bəyin debatın sonunda gəldikləri qərarlar oldu ki, bəzi məsələlər haqqında müzakirələr davam etsin. Məsələn, AXC-nin yaradılması, 1993-cü ilin iyun hadisələri və başqa məsələlər var, qərarlaşdırdıq ki, debat bu mövzularda da davam etsin. Güman ki, tərəflər razılaşmalarını pozmasalar, kənar təsirlər onları dediklərindən caydırmasa, müzakirələr – debatlar davam edəcək. Təbii ki, adları çəkilən hər kəsin, istəyənlərin hamısının düşüncələrini deməyə imkanları və hüquqları var. Yəni biz debatı və tərəflərin sayını uzada və genişləndirə bilərik.

Hələliksə, Meydan hərəkatının qəhrəmanlarından biri Nemət Pənahlı və AXC-Müsavat hökumətinin dövlət katibi və baş naziri Pənah Hüseynin 30 il əvvəlki tarixin müzakirəsinə dair debatlarının II hissəsinin yayınlayırıq. Qiymət sizinkidir…

Əvəz Zeynallı

“Azadlıq salnaməsi”

SON

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button