“Azadlıq Salnaməsi”ndə Zeynal Məmmədov (III sonuncu hissə): “Polis rəisi belə olsaydım, Elçibəy hökumətini saxlayardım”-VİDEO

Sabiq hərəkatçıdan şok iddia:“Elçibəyin Kələkidən gəlməsini müxalifət istəmirdi”

Çətin danışan adam – Zeynal Məmmədov

Zeynal Məmmədov – mən illərlə onu tanımağıma baxmayaraq, yalnız indi bilirəm ki, onun əsl adı Zeynalabdin imiş – Azərbaycan Milli Azadlıq Hərəkatının önəmli adamlarından biridir. Ömrünün demək olar ki, gəncliyini milli yola həsr edib. Hərəkat başlayanda bir çoxları kimi onun da işi-gücü olub. Amma hər şeylərini bir kənara qoyaraq ermənilərin vəhşiliklərindən bezən millətin çağırışına gəliblər və o gəliş, bütün şüurlu və mənalı ömürlərini bu millətin yolunda şam kimi əridiblər.

Zeynal Məmmədovu Azərbaycan Milli Azadlıq Hərəkatının tarixi “Dəmiryolçu Zeynal” kimi tanıyır. Onu hamı 1989-cu ilin avqustunda başlayan dəmiryolu tətillərindən xatırlayır. SSRİ-nin ürəyini Bakıda dayandıranda və ümumrespublika tətilləri elan edəndə, Zeynal da AXC-nin funksionerlərindən biri kimi öndə olub. O zamanın da gəncliyi onlar idi. Və onlar bu millətin, bu tarixin qarşısında heç bir dövrün gəncliyinin olmadığı kimi alnıaçıq, üzüağ çıxdılar.

Biz Zeynalı dəmir yol tətillərində, sonra isə Şuşanın müdafiəsində görürük. Şuşanın müdafisində, Rahim Qazıyevin vurulmasında, başqa hadisələrin içərisində də Zeynal Məmmədov olub və onunla “Azadlıq Salnaməsi”ndə görüşmək istəməyimiz də bu səbəbdəndir.

Uzun zamandır planlaşdırdığımız müsahibəni Zeynal Məmmədovun az danışan olduğu və ya heç müsahibə verməməsi səbəbindən ala bilmirdik. Amma onun danışarsa çox şey deyə biləcəyini də düşünürdük. Budur, Zeynal Məmmədov danışdı və elə danışdı ki, bu müsahibədə çox şeylər üzə çıxdı.

Zeynalı nə müxalifət, nə də iqtidar hesab etmək mümkündür. Zeynal Azərbaycanın indi var olan və çürüməyə tərk edilən ən bədbəxt və böyük kəsiminə – üçüncü cəbhəyə mənsubdur. Ona görə də müsahibəsi hər iki tərəfin etdiklərindən kənarda qalan bir adamın təsbitləridir. Bir nəslin nisgilinin, ağrı-acılarının fəryadı kimi danışır Zeynal və sonda, sonuncu “Bütün bunlara dəyərdimi” sualıma verdiyi cavab artıq heç bir sözə və şərhə yer buraxmır: “Dəyməzdi!”

İllər boyu aparılan mübarizənin nəticəsi, verilən bu qədər əməklərin sonu belə olmamalı idi. Amma bütün hallarda Zeynalın müsahibəsi çox maraqlı olacaq hamı üçün. Zeynal Şuşanın getməsinin dəhşətli səbəblərini açıqlayır. Onun dediyi çox şeylər var ki, ilk dəfədir eşidirəm. Şuşanın icra başçısı Mikayıl Gözəlovun, Ramiz Qəmbərovun öldürülməsi, Rahim Qazıyevin Şuşada güllələnməsi Zeynalın təqdimatında çox qəti səslənir: “Şuşanı müdafiə etmək istəyən, Şuşanı qoruyan hər kəs öldürülürdü!” Elə də olub! Sonrakı hadisələr də göstərdi ki, Şuşanı qorumaq istəyən hər kəs ya yoldan götürülüb, təmizlənib, ya da ləkələnib – həm də Şuşanın satılması iddiası ilə! Bu, dəhşətlidir! Bu Vətənin balalarının başına açılan bir iblis oyunudur bu!

Şuşanın təslim edilməsindən çox-çox əvvəldən Şuşanın veriləcəyini xeyli adam bilib. Hətta Şuşanın öldürülən Mikayıl Gözəlovdan sonrakı icra başçısı Nizami Bəhmənovun xeyli əvvəl Şuşanı müdafiə edən döyüş batalyonlarının rəhbərlərinə paketdə xeyli pul payladığını və Şuşadan gedib istirahət etmələrini danışır Zeynal Məmmədov. Ramiz Qəmbərov Nizami Bəhmənovun pulunu almır və “siz Şuşanı təslim etmək istəyirsiniz, bunu görməyəcəksiniz” deyir. Nizami Bəhmənov isə onu hədələyir və çox keçmir ki, Ramiz Qəmbərov öldürülür.

Elə bil bu millətin içində özündən böyük bir düşmən qrupu işləyib.

Hamının Şuşanın getdiyini, gedəcəyini bildiyi halda, niyə addım atılmayıb? Niyə Şuşanın verilməsində əli olan adamların, zabitlərin hamısı sonradan çox ciddi vəzifələrə irəli çəkib? Nədir bu mənhus tale?!

Zeynal Məmmədovla hərəkatdaxili münaqişələrdən, sabiq nəqliyyat naziri Ziya Məmmədovla onun möhtəşəm müavini Cavid Qurbanova qədər çox şeydən danışmışıq. Artıq Ziya Məmmədov da tarixdir və Zeynal Məmmədovun onun haqqında dedikləri bu qaranlıq adam haqqında bir nəbzə bəzi şeyləri bəlkə yaddaşlarda yeniləyə.

Beləliklə, “Azadlıq Salnaməsi”nin 14-cü qonağı “Dəmiryolçu Zeynal”dır. İndi Zeynal Məmmədov danışır…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

III-sonuncu hissə

Zeynal Məmmədov III-sonuncu hissədə nə dedi:

– Mən bu kişinin haqqını necə danım?

– Dadaş-zad, onların hamısı primitiv alkaşlardı

– Biz Şuşa məsələsini yox, bütövlükdə Qarabağ məsələsini həll edirdik

– Yaqub Məmmədov əmr vermişdi ki, atmayın

– Bizdə heç bir zaman – Elçibəyin dövrü istisna olmaqla – hücum planı olmayıb

– 1992-ci il aprelin 20-25-i arası Nizami Bəhmənov bizi yığdı və bizə pul payladı ki, lazım olar, evinə gedənlərə verin

– Ramiz Qəmbərov pulu götürmədi və mən də götürmədim

– Ramiz Qəmbərov dedi ki, Şuşanı verməyə hazırlaşırsınız, amma bilin ki, sizi özümlə burada saxlayacağam, Nizami Bəhmənov qayıdıb ona dedi ki, adam yolla gedəndə başına kərpic düşüb öldürə bilir

– Etibar Məmmədova dedim ki, Şuşanı verməyə hazırlaşırlar, dedi, elə şey ola bilməz

– Şuşanın rəhbərliyi Şuşanı verməyə hazırlayırdı

– Rahim Qazıyevə demədim ki, Etibar Məmmədovun yanına getmişəm

– Rahim Qazıyevə dedim ki, saatlar içində Qarabağ məsələsini həll edə bilərik

– Çox qısa müddətdə Qarabağ məsələsini elə həll etmək olar ki, elə bil heç olmayıb

– Rahim Qazıyev, Tahir Əliyev və Rövşən Cavadov Yaqub Məmmədovun yanına getdilər

– Rövşən Cavadovda, Tahir Əliyevdə böyük səhlənkarlıqlar oldu – Şuşada 800 nəfər OMON-çu olub, hamısı da indi veterandır

– Etibar Məmmədovdan heç danışmaq istəmirəm, İsa Qəmbər deyəcək ki…

– Pənah Hüseyn İxtiyar Şirinovun və Çingiz Qənizadənin yanında mənə dedi ki, sən yaxşı oğlansan, amma heyf ki, “yeraz”san

– Etibar Məmmədova görə mənə iş vermədilər

– Şuşanın getməsi Mikayıl Gözəlovun ölümündən başladı

– Əslində, Rahim Qazıyev milli qəhrəmandır

– Heç kimi özümə kumir saymıram

– Şuşanı müdafiə edənlərin hamısını öldürürdülər

– Etibar Məmmədov Şuşaya gəlmək istəyirdi, qarşısını aldım. O, Şuşaya gəlsəydi, Şuşanı verib onun üstünə atacaqdılar, mən də qalıb orada öləcəkdim

– Polis rəisi belə olsaydım, Elçibəy hökumətini saxlayardım. Düzdür, sonradan yenə məni vurub öldürəcəkdilər…

 – Etibar Məmmədovun Laçına nə dəxli var idi?

– AXC-nin dövründə məni yaxına buraxmadılar, hamısı prezident olmaq istəyirdi

– Elçibəyi Kələkidən Bakıya müxalifət buraxmırdı, Heydər Əliyevdən olsaydı, Elçibəy daha tez gələrdi Bakıya

– Guya İsa Qəmbər istəyirdi ki, Əbülfəz bəy Bakıya gəlib lider olsun?

– Heydər Əliyevi hər zaman vurub öldürə bilərdilər

– Heydər Əliyevi istəməyən adamların hamısına gətirib iş verdilər

– Ziyad Səmədzadə Heydər Əliyevə dedi ki, sən kimsən, sənin nə təhsilin var

– Azərbaycanda ən çətin şey odur ki, adamı öldürürlər, sonra da gedib cənazəsinə girirlər

– Ziya Məmmədovla görüşmək istəyərdim

– İllər sonra Pənah Hüseynə dedim ki…

– Azərbaycandan dəfələrlə çıxıb getmək istəmişəm, amma çıxıb gedib nə edim?!

– Oğlumu tutub saxladılar, evimi verib çıxartdım, qalan əmlakımı da icra başçısı Xaləddin İsgəndərov sökür

– Əmlakı olmayanın Vətəni olmaz

– Dəyməzdi…!!! Heç dəyməzdi…!!!

SON

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button