Azay Quliyevin müəmmalı ünvanı

Və ya bir ünvanda necə olur ki, bir neçə təşkilat «yerləşir»?

Eynilə Vüqar Səfərli KİVDF-ni necə idarə edirsə, necə dövlət tərəfindən müstəqil mətbuata ayrılan pulları dağıdırsa, bir qədər mədəni, bir qədər ağıllı formada bu işi Azay Quliyev edir. V.Səfərlidən fərqli olaraq Azay Quliyev öz sahəsinin illərdir ki, təcrübə toplamış adamı və həm də millət vəkilidir. Dövlət vəsaitlərinin istifadəsində şəffaflıq məsələsi ilə bağlı bütün növ araşdırmaları, bütün növ faktları davamlı olaraq dərc etməklə, bəlkə Azərbaycan Respublikasının Prezidentinə az da olsa yardımçı ola biləcəyimizi zənn edir və zənnimizcə də yazırıq…
Beləliklə, 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiqlənib. Prezidentin 16 aprel 2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri təyin edilib və bununla da Şura fəaliyyətə başlayıb.

Fəaliyyətə başladığı dövrdən indiyə qədər Şura 6 dəfə ümumi məbləği 30 milyon manata bərabər olan layihələrin maliyyələşdirilməsi üçün qrant ayırıb. Bu barədə bir qədər sonra. Yaradılmasından indiyə qədər olan müddətdə dövlət büdcəsindən ayrılan vəsaitlərin 10 milyon manatdan çoxu Şuranın saxlanılmasına sərf edilib. Maraqlıdır ki, bu günə qədər Şura ümumi saxlanılma xərcləri barədə kommersiya sirri adı altında mətbuata heç bir bilgi vermir. Lakin araşdırmalarımız zamanı məlum oldu ki, əslində, Şuranın istifadə etdiyi ofisi də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova məxsusdur. Bir qədər də konkretləşdirsək, Şuranın istifadə etdiyi mövcud bina Əli Həsənovun ailə üzvlərindən birinin mülkiyyəti olaraq rəsmiləşib. Şura ilə mülkiyyətçi arasında icarə müqaviləsi isə mövcud deyil. Hər halda əlimizdə olan məlumatları dəqiqləşdirən zaman biz icarə müqaviləsi barədə heç bir rəsmi və ya qeyri–rəsmi məlumatlara rast gələ bilmədik. Bununla yanaşı, xəbərlərə əsasən, Əli Həsənovla Şura arasında centlemen anlaşması olub və bu anlaşmaya əsasən də icarə müqaviləsi tamam başqa ünvanda başqa bir mülkiyyətçi ilə imzalanıb.

Hər halda bizimlə söhbətində Şura əməkdaşlarından biri bildirdi ki, Bakı şəhəri, Fikrət Əmirov 1 ünvanı rəsmi olaraq göstərilsə də, əslində, bu ünvanda onlarla şirkəti icarə müqaviləsi ilə fəaliyyət göstərir. Apardığımız araşdırmalar nəticəsində eyni binada, eyni mərtəbədə və eyni otaqlarda həm də «Asnaf Alkon» şirkəti icarədar olaraq fəaliyyət göstərir. «Asnaf Alkon»un əlaqə telefonları ilə (479 01 20) əlaqə saxlamağa çalışsaq da, həftə boyu telefonumuza cavab verən olmadı.

Qısa bir araşdırma nəticəsində «Asnaf Alkon» şirkətinin fəaliyyəti və sahibi ilə bağlı əldə etdiyimiz məlumatlarda bizi çox heyrətləndirdi. Rəsmi olaraq «Asnaf Alkon» Şirkətlər qrupu 90-cı illərin əvvələrində dövlət qeydiyyatından keçib. 2009-cu ildə Bakının müxtəlif yerlərində 2 çoxmərtəbəli ofis-ticarət mərkəzinin tikintisinə başlayıb. İnzibati binaların əsaslı təmiri sahəsində də, şirkət böyük həcmli işlər görür. Nümunə olaraq Bakı Dəniz Vağzalının binası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 mərtəbəli inzibati binasını, Kapital Bankın əsas inzibati binasını, Retro istirahət kompleksini, Türkiyənin Antalya şəhərində inşası tamamlanmış 5+2 ulduzlu Mardan Palace Otel kompleksini və s. göstərmək olar. Göründüyü kimi şirkətlər qrupunun fəaliyyəti kifayət qədər böyük miqyaslıdır və həm də Türkiyədə yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun ortaqlarındandır. Bu şirkətin sahibi isə baş nazirini sabiq birinci müavini Abbas Abbasovun yaxın qohumlarından biridir. Bu qədər böyük bir şirkətin Bakı Şəhəri Fikrət Əmirov küçəsində yerləşməsi və həm də QHT-lərə DDŞ ilə eyni ofisdə necə yer tapıb yerləşməsi böyük şübhələrə səbəb oldu. Və şübhələrimizin ardınca araşdırma apararaq əmin olduq ki, artıq bu ünvanda xeyli sayda şirkət icarə müqaviləsi bağlayıb. Və hamısını da Əli Həsənovun mülkiyyətində olan ərazi olaraq. Ortaya «niyə» sualı çıxdı və onun cavabını araşdırmağa çalışdıq. İstər «Asnaf Alkon», istərsə də QHT-lərə DDŞ-nin bu ünvanda vergi ödəyicisi olaraq qeydiyyata düşüb-düşmədiyini araşdırdıq. Nə Maliyyə Nazirliyinin, nə də Vergilər Nazirliyinin informasiya bazasında bu ünvanda yerləşən hansısa hüquqi və ya fiziki şəxsin qeydiyyatı ilə rastlaşmadıq. Bundan əlavə, apardığımız araşdırmalar nəticəsində daha bir ehtimalla da rastlaşdıq. «Asnaf Alkon» şirkətlər qrupu əslində Diaspora Komitəsinin rəhbəri Nazim İbrahimovun da binasını inşa edib. N.İbrahimovun qardaşı İbrahim İbrahimov da kifayət qədər böyük bir biznes sahəsinə başçılıq edir. Həmçinin Əli Həsənovun özü da zamanında tikinti sektorunda işləyib. Bir qədər də konkretləşdirsək, Ə.Həsənov sabiq millət vəkili Hüseyn Abdullayevin yanında tikinti materiallarının satışı ilə məşğul olub. Hər halda ortada olan böyük bir bağın çox əhəmiyyətli məqamları da burada ortaya çıxır.

Biz bu mövzu ilə bağlı Bakı şəhəri, Fikrət Əmirov 1 ünvanında Aslanovlar ailəsinin qeydiyyatda olduğunu müəyyən etdik. Mərkəzi Seçki Komissiyasının seçicilər siyahısında bu ünvanda yaşayan ailənin ən yaşlı üzvü 1939-cu il təvəllüdlü Aslanova Cəvahir Rəhim qızıdır. Digər ailə üzvləri olan Aslanovların hamısı kişidir və onların da ardıcılğlıqla doğum tarixləri 1981-ci ilə qədər davam edir. Yəni 64, 70, 77, 81-ci illərdə anadan olan ailə üzvlərinin kimliyini dəqiqləşdirməyə çalışdıq. Məlum oldu ki, bu ünvanda qeydiyyatda olan Aslanovlar ailəsinin başçısı Qəşəm Aslanov zamınında kifayət qədər nifuzlu adamlardan biri olub. Onun oğlu Xəzər Aslanov isə hazırda Yardımlı rayonunda icra başçısı vəzifəsində işləyir. Maraqlıdır ki, QHT-lərə DDŞ Fikrət Əmirov küçəsi 1 ünvanını konkret olaraq yazır, amma evin ünvanı göstərilmir. Məhz bu gizlilik də bizim araşdırma aparmamızı bir qədər çətinləşdirdi.

QHT Şurası ilə bağlı araşdırmalarımız davam edir. Gələn saylarımızda Şuranın idarəedilməsi zamanı kadr siyasəti barədə yazacağıq. Bu şuranın baş mühasibinin, icraçı direktorunun Azay Quliyevlə necə yaxın qohum olmaları, dövlət qulluğu olan Şura işçilərinin necə seçilməsi barədə araşdırmalarımız davam edəcək. Bundan başqa, biz Şuranın sədri olmamışdan əvvəl Azay Quliyevin rəhbərlik etdiyi Milli QHT Forumunun üzvü olan təşkilatlara hər dəfə QHT Şurası qrant müsabiqələri elan edəndə maliyyəni hansı formada ayırdığını da araşdıracağıq. Həmçinin redaksiyamıza daxil olan məlumatlara görə, Gənclər və İdman Nazirliyinin, «İrəli» İctimai Birliyinin də hər müsabiqə qalibləri elan ediləndə 10-15 yeri əvvəlcədən saxlanılır. Şura əməkdaşı bizimlə söhbətində bu nazirlik və ictimai birliyə verilən layihələrin maliyyə hesabatlarının da şuranının mühasibləri tərəfindən tərtib edildiyini dedi. Hər halda bütün bunların yazılması kifayət qədər əhəmiyyətli olan məqamlardır.

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button