“Azpetrol”u almış iri oliqarxın ölümü rəsmən açıqlandı

Erdoğan Demirörənin müalicə olunduğu “Florence Nightingale” xəstəxanası bundan əvvəl verdiyi açıqlamanı geri çəkərək iş adamının öldüyünü təsdiqləyib.

Türkiyə KİV-ləri xəbər verir ki, xəstəxananın tibb direktoru Özgür Şamildil mətbuat konfransı keçirərək “bütün səylərə baxmayaraq” reanimasiya həkimlərinin Demiröreni xilas edə bilmədiklərini, onun yerli vaxtla saat 11.53-də keçindiyini açıqlayıb.

*   *   *13:29

“Azpetrol”u da almış iş adamı, Türkiyənin ən iri oliqarxlarından biri və mediamaqnatı Erdoğan Demirörənin ölümünü onun müalicə olunduğu xəstəxana təsdiq etməsə də bu dəqiqələrdə “TRT Haber” telekanalı iş adamının öldüyü barədə rəsmi press-relizi yayıb.

Məlumatda 79 yaşlı Demirörənin “bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi” bildirilir.

*   *   *13:15

Erdoğan Demirörənin müalicə olunduğu xəstəxana onun öldüyü barədə Türkiyə KİV-lərinin az əvvəl yaydıqları məlumatı təsdiq etmir.

Virtualaz.org xəbər verir ki, İstanbul Florence Nightingale xəstəxanası xərçəngdən müalicə olunan iş adamının hazırda reanimasiya bölməsində “kritik vəziyyətdə” olduğunu açıqlayıb. “Sayğıdəyər iş adamı Erdoğan Demirörən bir müddətdir xəstəxanamızın reanimasiya şöbəsində yatmaqdadır. Durumu kritik olaraq qalır”-xəstəxananın tibb direktoru Özgür Samilgil bəyan edib.

*   *   *12:42

Türkiyədə “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib.

Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Onun adı Türkiyənin gündəminə sonuncu müstəqil media şirkəti olan “Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.

Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin “Milliyet”, “Vatan” kimi iri qəzetləri, o cümlədən “Doğan Medya” qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-“Hürriyet”, “Posta”, CNN Türk, Kanal D və digərləri birləşib. Habelə “Demirören Holding” otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.

Türkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır.(Görünür söhbət “Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir-red.)

Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin “Rupert Merdoku” (amerikalı mediamaqnat) da deyirdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button