”AzTV-nin rəhbərinə görə məni “banditizm”də ayağımdan asdılar”

Arif Alışanov

“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə təqsirləndirilən şəxslər də DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən şikayətlənirlər. Bildirilər ki, bu idarədə iyirmi gün ərzində işgəncələrə məruz qalıblar, ayaqlarından asılıb döyülüblər.

A.Alışanov, qızı Nigar Alışanova və bacısı oğlu Dəyanət Cədərova qarşı sui-qəsddə, AzTV sədrinin 4,6 milyon manatlıq əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəməsi martın 30-da davam edib.

Cinayət işində Ş.Əkbərov sui-qəsd planını həyata keçirmək üçün yaradılan dəstənin başçısı kimi təqdim olunub. O, ötən məhkəmədə ifadə verərək, ittihamı rədd etmiş, yazılanların şər-böhtan olduğunu bildirmişdi. Onun sözlərinə görə, A.Alışanovun müəyyən qaranlıq əməllərini bildiyi üçün onu aradan götürmək istəyir. Bu səbəbdən də şərləyib həbs etdirib. Təqsirləndirilən Ş.Əkbərov konkret A.Alışanovu özü ilə Şamaxıya gətirdiyi gəns qızın ölümündə ittiham edir.

Martın 30-da keçirilən məhkəmədə isə bildirib ki, AzTV sədri ilə münasibətləri həmin ölüm hadisəsindən sonra pozulub.
Prosesdə A.Alışanov və yaxınlarının nümayəndələri təqsirləndirilən Ş.Əkbərova suallar veriblər. Lakin o, zərərçəkmişlərin vəkillərinin suallarını cavablandırmaqdan imtina edib. Bildirib ki, A.Alışanov şəxsən özü məhkəməyə gələnə qədər onun nümayəndələrinin suallarına cavab verməyəcək:
“Çağırın, gəlib burada mənimlə üzləşsin. O, sualını versin, mən də cavabımı…”

Ş.Əkbərov öz vəkillərinin suallarını isə cavablandırıb. Bildirib ki, onun heç vaxt silahı olmayıb, maşınından tapıldığı iddia olunan silah da ora atılıb:

“Onu ora atan adam hazırda sərbəst şəkildə gəzir”.

A.Alışanov və yaxınlarını öldürmək planı olmadığını, AzTV sədrinin ölümünün ona heç bir xeyir gətirməyəcəyini vurğulayan Ş.Əkbərovun sözlərinə görə, bu məqsədlə dəstə yaratması barədə yazılanlar da yalandır:

“Onu öldürmək istəsəydim, onunla dağlarda, dərələrdə görüşəndə özüm öldürərdim, indiyə qədər tapılmazdı da. Daha Müsabili, Qoçalını neynirdim? Onun ölümündən nə qazanacaqdım ki? Daha da yaxşı, onunla işləyib, pul qazanırdım”.

Hakim Əfqan Hacıyev
Hakim Əfqan Hacıyev.

Ş.Əkbərov tutularkən əvvəlcə Şamaxı Rayon Polis Şöbəsinə, oradan da Bakıya DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını bildirib:

“İyirmi gün “Bandotdel”də məni döydülər ki, Alışanovu öldürmək istədiyimi deyim”.

Təqsirləndirilən Qoçalı Cəbiyev də məhkəmədə ifadə verib. O da işgəncə gördüyünü deyib. Q.Cəbiyevin sözlərinə görə, ona Ş.Əkbərovun əleyhinə ifadə verməsi, onun sui-qəsd planı hazırladığını deməsi üçün işgəncə verilib:

“Məni “Banotdel”də döyürdülər ki, Şücayətin üzünə durum. Ayağımdan asmışdılar. İyirmi gün orada zülm verdilər”.
Q.Cəbiyev bildirib ki, o, Şücayətlə eyni kənddəndir, aralarında pul söhbətinə görə mübahisə yaranıb, ona görə hər ikisini polisə aparıblar, oradan da Bakıya gətiriblər. O, A.Alışanovu tanımadığını, heç vaxt görmədiyini deyib: “Hamısı yalandır, şəxsən mən heç kim heç bir göstəriş verməyib”.

Q.Cəbiyevin istintaqa ifadəsində Ş.Əkbərovun AzTV rəhbərini öldürmək üçün ona və digərlərinə tapşırıq verdiyi yazılıb.
İttihama görə, təqsirləndirilən şəxslər AzTV sədrini öldürməyə bir neçə dəfə cəhd göstəriblər, amma baş tutmayıb. Bir dəfə A.Alışanov bacısı oğlu ilə birlikdə Şamaxıya gələrkən onların maşınını dərəyə aşıqmaq istəyiblər. Bilərəkdən qəza törədilsə də, maşın aşmayıb. Növbəti dəfə A.Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onları güllələmək nəzərdə tutulub, yenə alınmayıb. İddia olunur ki, Ş.Əkbərov bu planın icrasına görə dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Ş.Əkbərovun AzTV sədrini niyə öldürmək istəməsinə gəlincə, iş materiallarında etiraf olunur ki, A.Alışanov Ş.Əkbərovun vasitəsilə Şamaxının müxtəlif kəndlərində dəyəri milyonlarla olan hektarlarla torpaq sahəsi alıb. İttihama görə, o, torpaq sahələrinin alınması zamanı Alışanovu qiymət məsələsində aldadıb, onların bir hissəsini onun yaxınlarının adına keçirməli olsa da, bunu eləməyib.

Ş.Əkbərov isə ittihamda yazılanların tamamilə yalan olduğunu bildirir.

A.Alışanovun vəkili də onun gənc qızın ölümündə ittiham olunmasıyla bağlı deyilənlərin şər-böhtan olduğunu deyir.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button