AZTV sədrinin 5 milyonluq özünüifşası – II YAZI

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) sədri Arif Alışanovun təkcə Şamaxıda ümumi dəyəri 5 milyon manata yaxın olan hektarlarla torpaq sahəsi almaq istədiyi barədə məlumat vermişdi. Həmin məlumat Arif Alışanovun da adının keçdiyi cinayət işinin materiallarından götürülüb. Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin tərəfdindən araşdırılan cinayət işi Əkbərov Şücaət Allahverdi oğlu barəsindədir. Arif Alışanov isə bu işdə zərəçəkmiş kimi tanınıb.

Cinayət işinin materiallarına əsasən Şücaət Əkbərov dəfələrlə Arif Alışanova Şamaxının müxtəlif kəndlərində hektarlarla torpaq sahələri təklif edib. Hər dəfəsində də Arif Alışanov təklif olunan torpaq sahəsinin almaq arzusunda olduğunu bildirib və Şücaət Əkbərova toplam olaraq 5 milyon manata yaxın pul verib. Alışanovun iddiası əsasında başlanılıan istintaqın gəldiyi ilkin qənaətə görə, AzTv sədri ilə uzun müddətdən bəri yaxınlıq edən bu şəxs ona sədrinə “atıb”. Ötən yazıda hadisə ilə bağlı bəzi təfərrüatları oxucuların diqqətinə çatdırmışdıq. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, baş ədliyyə müşaviri Kamal Talıbovun icraatında olan 171900030 saylı cinayət işinin materiallarına əsasən hazırladığımız araşdırmaya qaldığımız yerdən davam edirik.

İstintaqın gəldiyi ilkin qənaətə görə, Şücaət Əkbərov Arif Alışanovun təxminən 3 milyon manata yaxın pulunu mənimsəyəndən sonra yenə də ona torpaq shələri təklif edib və AzTv sədri nədənsə hər dəfə ona inanıb.

Məsələn, Arif Alışanov Şamaxının Qəleyibuğurd və Mədrəsə kəndlərində 400 min manat ziyana düşməsinə baxmayaraq növbəti dəfə bu kəndlərdən torpaq sahələri almaq üçün Şücaət Əkbərova toplam olaraq 800 min manat pul verib. Amma bu dəfə də niyyəti baş tutmayıb. İstintaq materiallarına əsasən Şücaət Əkbərov bu pulu da mənimsəyib. Lakin Arif Alışanov naməlum səbəblərdən köhnə tanışına inanmaqda davam edib. Şücaət Əkbərov da öz nöbsəində AzTv sədrinə Şamaxıda yeni torpaq sahələri tapmaq üçün axtarışa çıxıb və bu dəfə Arif Alışanova Qəleyibuğurd kəndi yolunda “3 Tala” deyilən ərazidə ona 75 min manata 3.5 hektar , Çuxuryurd kəndində “Soyuq bulaq” deyilən ərazidə 160 min manata (ölçüləri istintaqa məlum deyil), Şamaxının Kərkənc kəndində 75 min manata (ölçüləri istintaqa məlum deyil), Mədrəsə kəndində 30 min manata (ölçüləri istintaqa məlum deyil), Şamaxının Talışnuru kəndində 130 min manata (ölçüləri istintaqa məlum deyil) torpaq sahələri təklif edib. Bundan başqa, Şücaət Əkbərov Mədrəsə qəsəbəsindəki gölü 35 min manata Arif Alışanova təklif edib. AzTv sədri təklif edilən bütün torpaq sahələrinin və gölün pulunu verib.

Nəhayət, Şücaət Əkbərov Mədrəsə qəsəbəsində öz evini və həyətyanı sahəsini Arif Alışanova 100 min manata təklif edib. AzTv sədri bu məbləği də ödəyib.

AzTv sədrinin ödədiyini pullar 5 milyona yaxınlaşanda Şücaət Əkbərov onu aradan götürmək istəyib. İstintaq materiallarına əsasən o, Arif Alışanova qarşı iki dəfə sui-qəsd planlaşdırıb. Lakin heç biri baş tutmayıb. İstintaq materillarından sui-qəsd cəhdlərinin baş tutmama səbəblərini oxuyanda AzTv sədrinin iddialarının az inandırıcı olduğu görünür.

Məsələn, birinci qəsddə sifarişi qəbul edən Müsabi Namazov adlı şəxs son anda tapşırığı yerinə yetirməkdən imtina edib. İmtanın səbəbi bəlli deyil. Hətta bu barədə heç kimə məlumat verməyib.

İkinci qəsddə isə Müsabi Namazov baş verənlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Beləliklə, Arif Alışanovu aradan götürmək mümkün olmayıb.

Bu məsələdə AzTv sədrinin dəfələrlə aldadılmasına baxmayaraq Şücaət Əkbərova iri məbləğdə pullar verməsi də bir qədər şübhəli görünür. Bu halda ağla gələn ilk versiya Arif Alışanovun bu məsələdə hansısa qaranlıq məqsədlərinin olmasıdır. Yaxud da AzTv sədri çox sadəlövh adamdır. Amma bu versiyaya inanmaq üçün Arif Alışanovdan da sadəlövh olmalısan.

24saat.org saytının əldə etdiyi məlumata görə, Şücayət Əkbərovun həbsindən sonra Alışanov üçün çalışan şəxslər onun bütün mal-mülkünü adlarına keçiriblər. Bu zaman Əkbərovun həyat yoldaşını aldadaraq “notariusda sənədlərə imza atsan Şücayət buraxılacaq” yalanından da yararlanıblar. İş o yerə çatıb ki, Ş. Əkbərovun ərdə olan qızının avtomobilini belə Alışanov adına rəsmiləşdirib. Və bundan sonra onlara hədə-qorxu gəlinib ki, heç bir yerə şikayət etməsinlər.

Ardı var…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button