MSK bu adı qeydə almamalı idi: “Bələdiyyə”

Avqustun 20-də Mərkəzi Seçki Komissiyası (MSK) bir qrup bələdiyyənin təşəbbüsü ilə “Bələdiyyə” referendum üzrə təşviqat qrupunu qeydə aldığına dair informasiya yayıb.  Bu məlumat bir hüquq adamı kimi məni şoka saldı.

Azərbaycan Konstitusiyasında IX fəsil “Bələdiyyə” adlanır və idarəetmənin yerli əhəmiyyətli funksiyası məhz Konstitusiya ilə bu quruma həvalə edilib. Konstitusiyanın 144-cü maddəsi ilə bu qurumun səlahiyyətlərinin çərçivəsini dəqiq sayaraq məhdud müəyyən edib. Yəni bu səlahiyyət çərçivəsindən kənara çıxmaq Bələdiyyələr üçün Konstitusiyanı pozmaqdır.

Ayrıca, Seçki Məcəlləsində seçkiləri idarə edən qurum kimi nəzərdə tutulan komissiyaların məhz bu bələdiyyələrlə sıx əməkdaşlıq etməsi nəzərdə tutulub. Yəni bələdiyyələr seçki və referendumların keçirilməsi prosesində inzibati orqan funksiyası da daşıyır.

Konstitusiyada müəyyən səlahiyyətlər verilən Prezident institutu, Baş Nazirlik, məhkəmə qurumları kimi bələdiyyələr də konstitusion qurumlardır. Seçki və referendumlarda bunlar təşəbbüskar kimi çıxış edə bilməzlər. Bunların səlahiyyət çərçivəsi Konstitusiya ilə məhdudlaşdırılıb. Konstitusiyada isə 144-cü maddədə səlahiyyətlər 9 bənd üzrə aydın göstərilib. Bu səlahiyyətlər içərisində referendumda tərəf kimi təşəbbüs göstərmək konkret nəzərdə tutulmayıb.

“Qanunla qadağan olunmayan hər şey sərbəstdir” – prinsipi vətəndaşların hüquq və azadlıqların həyata keçirilməsində tətbiq oluna bilər. Lakin konkret səlahiyyət dairəsi Konstitusiya ilə müəyyən edilən qurumların, Milli Məslisin, Məhkəmələrin, Bələdiyyələrin səlahiyyəti müəyyən edildiyi sərhədlərlə məhduddur. Bu qurumlara verilməyən səlahiyyətləri icra etməyə təşəbbüs göstərsələr, başqa sahələrə qanunsuz müdaxilə etmiş olarlar.

Konstitusiyanın IX fəslindən aydın göründüyü kimi, bələdiyyələr qurum kimi təşəbbüs göstərə bilməz, prosesdə onların tərəf kimi çıxış etməsi qanunla qadağandır. Bələdiyyə üzvləri də, bələdiyyə vəzifələrində olan şəxslər də bu qurumda olmalarını üstünlük kimi təqdim edib, referendum üzrə təşəbbüs qrupunun təsisçisi ola bilməzlər.

Təşəbbüs qrupunun adının “Bələdiyyə” olaraq seçilməsi təşəbbüskarların vətəndaş olması halında belə yolverilən deyil. MSK bu adı qeydə almamalı idi. Çünki Bələdiyyə konstitusion qurumdur. Eynilə “Prezident”, “Milli Məclis”, “Ali Məhkəmə”, “Konstitusiya Məhkəməsi”, “Baş Nazir” kimi adlar altında təşəbbüs qrupunun yaradılması necə mümkünsüzdür və buna təşəbbüs edənlər qeydə alınmırlarsa, “Bələdiyyə” adı da məhz konstitusion qurum olduğundan həmin addan sui-istifadəyə MSK yol verməməli idi.

Seçki Məcəlləsinin 61-ci maddəsi təşəbbüs hüququnu sadəcə vətəndaşlara verir. Lakin bunların da dairəsini məhdudlaşdırır. Məsələn, Seçki Məcəlləsinin 69.3-cü maddəsində bildirilir ki, bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər. Təsadüfi deyil ki, 69.5-ci maddədə açıq şəkildə bildirilir: “…bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılması təşəbbüsçülərinin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır”.

Sonda onu da vurğulamaq istərdim ki, Bələdiyyələr Seçki Məcəlləsinə əsasən seçici siyahılarının formalaşması, habelə komissiyaların harada formalaşmasına görə müəyyən səlahiyyətlər icra edir. Yəni seçicilərin şəxsi məlumatlarına malikdirlər. Belə olan halda, təşəbbüs qrupunda yer alan bələdiyyənin, onun vəzifəli şəxslərinin imza  toplaması zamanı əlində tutduğu  həmin şəxsi məlumatlardan qanunsuz istifadəsi necə önlənə bilər?

Bu, özlüyündə hüquq pozuntusuna birbaşa dəvətnamə vermək deyilmi?

Göründüyü kimi, MSK Konstitusiyaya zidd olaraq, “Bələdiyyə” adlı təşviqat qrupunu qeydə alıb. Bu, Referendumun nəticələrinin bəri başdan şübhə altına düşməsi ilə qiymətləndiriləcək.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button