Bərdədə kəndlilər becərdikləri məhsulu sata bilmədiklərini deyir

Yayımlandı: 26 Fevral 2024 21:43

“Kəndlinin dərdini heç kim anlaya bilmir”

Bərdənin Soğanverdilər kəndində əhalinin çoxu tərəvəz yetişdirməklə dolanır. Bu mövsümdə məhsullarını sata bilməyən kəndlilər dolanışıq səbəbindən rayon mərkəzinə, yaxud Bakıya üz tuturlar. Kəndlilər deyirlər ki, məhsul boldur, amma alıcı yoxdur, tonlarla məhsul əkin sahələrində qalıb. Məhsulları soyuducu anbarlarda da saxlamaq sərf etmir. Fermerlərdən Vüqar Cəfərov Meydan TV-yə deyib ki, o da dədə-babaları kimi uzun illərdir kələm, kök, göy-göyərti əkməklə dolanır.

İmkanı olan məhsulunu Bakı bazarlarına çıxarır, imkanı olmayan kəndli isə elə kəndin küçələrində alıcı axtarışına çıxır.

“Şaxtalı-qarlı havalarda da əkin sahələrində işləyirik. Çoxuna asan gələ bilər, amma kök sahələrində işləmək əziyyət tələb edir. Şumlama, malalama, tirə çəkmə, daha nə qədər işlər görülür”,- fermer söyləyib.

Onun sözlərinə görə, artıq 1-2 ildir toxum, suvarma, dərmanlama, gübrələmə, daşınma, məhsulun yuyulması xərcləri artıb. Min bir əziyyətlə yetişdirdikləri məhsullarını satmağa alıcı tapa bilmirlər. 7-8 kisə yer kökünü satıb 1 tay un, 2-3 kilo ət almağa çətinlik çəkənlər də var.

Digər fermer isə deyib ki, yerkökü, kələm Soğanverdilərin qazanc yeri olub. Amma indi vəziyyət dəyişir. Göyərtini 3-5 qəpikdən, kələmi 25-30 qəpikdən təklif edirlər. Kökün sortundan, irili-xırdalı olmasından asılı olaraq 20-60 qəpik arasında satırlar.

Soğanverdilər kəndində bir neçə ildir əksəriyyət “türk sortu” kimi tanınan kök sortuna üstünlük verir. Bu sortun məhsuldarlığı digərlərindən üstün olduğundan toxum yerli sortlardan bahadır. Fermerlər deyirlər ki, son vaxtlar məhsul yığmaq üçün günəmuzd işçilik haqqı da artıb. Fermerlər son bir neçə ilə qədər məhsulları Rusiya bazarına çıxara biliblər. Son 2-3 ildir Rusiya bazarına çıxış məhdudlaşıb.

“Bakı bazarlarına məhsul çıxarmaq çox da sərfəli deyil. Bazarda yer haqqı, yol xərci, gündəlik yemək pulu səbəbindən qazanc əvəzinə xərcə düşürük. Kəndə gələn alıcılar isə uzaqbaşı 100-150 kilo məhsul aparır. Heç olmasa xaricdən yer kökü, kələm gətirilməsinə məhdudiyyətlər qoyulardı. Bu qədər yerli məhsullar olduğu halda, üstəlik xaricdən də tərəvəz gətirilir. Kəndlinin dərdini heç kim anlaya bilmir”,- fermerlərdən biri danışıb.

Emal müəssisələri olmadığından məhsulların bir hissəsi xarab olur. Kəndlilər ümid edirlər ki, emal müəssisələri yaradılarsa, onlar da sərfəli qiymətə məhsullarını bazara çıxara bilərlər.

Kəndin bələdiyyə sədri Hidayət Məmmədov Meydan TV-yə bildirib ki, kəndlilərin əksəriyyəti tərəvəzçiliklə ailələrini dolandırır, amma alıcılıq qabiliyyəti zəifdir. Kələmi 25-30, yerkökünü ondan bir qədər baha təklif edirlər:

“Əvvəlki illərdə istehsal bu qədər deyildi. Hamı türk kökü əkir, bu sortun isə məhsuldarlığı yüksəkdir. Bakı bazarına məhsul çıxaran azdır, Rusiya bazarına da çıxış çətinləşib. Buna görə də fermerlərin çoxu çətinlik çəkirlər”.

Bələdiyyə sədri onu da deyib ki, alıcı qıtlığını görmək üçün kəndin küçələrinə baxmaq kifayətdir. Əksəriyyət məhsulunu bu vasitə ilə satmağa çalışır. H.Məmmədovun sözlərinə görə, iş üçün digər ərazilərə gedən var, amma kənddən kütləvi köç yoxdur.

Bu il Soğanverdilər kəndində 265 hektardan çox ərazidə yerkökü əkilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button