Bəs, Sarkozi Bakıya gələcəkdi?

Fransa prezidenti Nikola Sarkozinin İlham Əliyevə göndərdiyi səfərsonrası təşəkkür məktubunu informasiya olaraq ictimaiyyətə təqdim eləyib Azərbaycan iqtidarının təbliğatçıları. Guya bununla Sarkozinin Azərbaycana və prezident İlham Əliyevə etdiyi çox böyük hörmətsizliyi ört-basdır etdikləri qənaətindədirlər.

Adi protokol qaydasıdır – bütün prezidentlər səfərdən sonra qarşı tərəfə belə bir məktub göndərirlər. Bu vaxta qədər Azərbaycana səfər edən hansı prezidentin təşəkkür məktubu mediaya təmtəraqla təqdim edilib? Və yaxud bu heç kəsə gərək olmayan diplomatik qaydanın bizə nə dəxli var?

Amma bu məktubu yaymaqla da hakimiyyət ideoloqları növbəti biabırçılığa imza atmış oldular. Məktubdan görünür ki, Sarkozi «gəzib-görmədiyi» Azərbaycan haqqında bəlağətli və diplomatik tərifdən sonra… buyyy, növbəti səfəri haqqında heç nə demir ki! Əksinə, «gələcək səfərlərinizin birində Parisdə Sizi yenidən qəbul etmək ümidini» ifadə edir. Yəni gəlməyəcəyəm, siz gələrsiniz.

Bəs, Sarkozinin Bakı hörmətsizliyindən sonra pərt olmuş Azərbaycan hakimiyyəti nə deyirdi? Prezident Administrasiyasının beynəlxalq məsələlər şöbəsinə rəhbərlik edən dünya ranqlı siyasi xadim «Sarkozi Azərbaycana bir daha səfər edəcək» kimi gülünc bir açıqlamanı az qala dünən vermişdi ki! Nooldu, Novruz Məmmədov, sözünüzün havası qulaqlarımızın böyründən ötüşməmiş Sarkozi zibilini çıxardı?

Zatən bilirdik ki, gələn il Fransada seçkilər keçirilməlidir və son vaxtlarda fransızlar arasında reytinqi sürətlə aşağı düşən Sarkozinin prezident seçilmək imkanını siyasi müşahidəçilər çox aşağı qiymətləndirirlər. Onun Məzahir Pənahovu da yoxdur ki, seçkinin taleyini öz bildiyi formada həll etsin, əhalinin səsini qutuya doldurub dərə aşağı yuvarlasın və Sarkozini prezident çıxarsın. Ona görə də bir neçə aydan sonra başlayacaq seçki təbliğatında öz reytinqinə işləməli olan Sarkozinin hər şeyi buraxıb Azərbaycana səfər edəcəyinə inanmaq səfehlik olardı.

Yazmışdıq və demişdik ki, bu, Novruz Məmmədovun «Sarkozi təhqirinin ağrısını» yumşaltmaq üçün etdiyi çox uğursuz bir cəhddir. Amma N.Məmmədovun yalanının ömrünün 40 gündən də az çəkəcəyini düşünmürdük, doğrusu. Sarkozi həzrətləri öz məktubu ilə hətta yenidən Azərbaycana səfər etmək istəyində belə olmadığını bildirdi və növbəti dəfə hakimiyyəti təhqir etdi. Axı, adətən bu cür protokol məktublarında «növbəti ziyarət» ümid-arzu-istəyi də ifadə olunur. Nooldu?

Görəsən, Novruz müəllim buna aydınlıq gətirəcəkmi?

Niyə də aydınlıq gətirsin ki! Guya bunların aldığı nəfəsin belə yalan olduğuna şübhə edən qalıb?

 

Usubov İrəvanı titrətdi

 

Daxili İşlər naziri Ramil Usubovun ayağının İrəvan şəhərinə dəyməsi ilə Ermənistan seysmoloqlarının zəlzələ xəbərini yayması bir oldu. Cənab general hansı hikkə və hökmlə İrəvana ayaq qoyubsa, yer-yerindən oynayıb, şəhər bir-birinə dəyib, göy tutulub, torpaq əsim-əsim əsib…

Hələ bu bizim Daxili İşlər nazirimizdir. Düzdür, o da çox yekə kişilərimizdən biridir, amma hərb generalımız deyil. Gör, Səfər Əbiyevin ayağı İrəvana dəysəydi, o zəlzələnin gücü nə boyda olardı. Yəqin ki, Rixter şkalası üzrə tam 8 bal gücündə İrəvan silkələnəcəkdi.

Adını üçüncü yazdığıma görə üzr istəyirəm, axı, bizim daha yekə, daha nəhəng nazirimiz var: Azərbaycanın az qala yarısını alıb, qalan yarısını Avropaya daşımağa girişən və mətbu cameədə «fövqəlnazir» adlandırılan General Heydərov! Nazirlərimizin ayağı altından İrəvan fitilləyirsə, Fövqəlnazirimizi görəndə nə qayırar?

Alışıb yanmazmı, od tutmazmı, küllü-küf olmazmı?

Allaha yalvaraq, Ermənistanda MDB ölkələrinin hərb və fövqəladə hallar nazirlərinin də bir toplantısı, Şurası keçirilsin və Kəmaləddin Heydərovla Səfər Əbiyev İrəvana getsinlər… Daha bizə müharibə lazım olmaz.

Amma: Ramil Usubov təkcanına İrəvanı 4 balla silkələyirsə, yəqin ki, bu iki nazirimizin gücü 12 ballıq eləyəcək, yəni Ermənistan dağılacaq. Bəs, bizim nazirlər geri necə qayıdacaqlar? Axı, onlar əvəzedilməzdir, dahidir, böyükdür, fövqəldir, allahfason bir şeydirlər… məhz ona görə də 1500 ildir nazirliklərini sürdürürlər.

Onlar qayıtmasa, biz nağayracağıq?

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button