Bəşir Süleymanlı BMCMİ-dən çıxıb

Saat 18:00 radələrində Bəşir Süleymanlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən (DİN BMCMİ) çıxıb.

O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, ona dindirmənin guya “Azərbaycan Beynəlxalq Bankı”nın həbs edilmiş sədri Cahangir Hacıyevi siyasi məhbus kimi tanımağa hazırlaşması ilə bağlı olduğunu deyiblər.

Öz növbəsində, Süleymanlı bildirib ki, məlumat həqiqəyə uyğun deyil.

Süleymanlının sözlərinə görə, ümumilikdə onun hüquq müdafiə fəaliyyətinə heç bir irad olmayıb və ona qarşı nəzakətli münasibət göstərilib.

Sonda başqa sualları olmadığını bildirərək, Süleymanlını buraxıblar.

Bir müddət əvvəl Yevlax rayonunda fəalın atası polisə çağırılıb. Süleymanlı hesab edir ki, bu da polisin yuxarıda qeyd edilən ehtimalı ilə bağlı ola bilərdi.

Süleymanlı siyasi məhbus siyahılarının vətəndaş cəmiyyətinin işçi qrupu tərəfindən kollektiv şəkildə və dəqiq və konkret meyarlar əsasında hazırlandığını izah edib.

Bununla belə, bu mövzunun DİN-də maraq doğurmasının səbəbi aydın deyil. -06B-

*   *   *

Bəşir Süleymanlı bir neçə saatdır DİN BMCMİ-də dindirilir

Hüquq müdafiəçisi Bəşir Süleymanlı itkin düşüb, bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

“Ondan bir neçə saatdır xəbər yoxdur. Telefonu söndürülüb. Bir neçə gün əvvəl B.Süleymanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıbmış”.

“Ötən cümə biz Bəşirlə maşınla Səbail rayon məhkəməsindən qayıdarkən bizi yol polisi saxlamışdı”, deyə hüquq müdafiəçisi Samir Kazımlı Turan-a bildirib.

“Polis Bəşirə dedi ki, maşını saxlamağının səbəbini özü də bilmir, o, kiməsə zəng etdi və maşında iki nəfər olduğunu dedi. Bundan sonra bizi buraxdılar. Bu zaman maşını ağ “cip” izləyirdi”.

Bu gün Bəşir yenə elə həmin “cip”in onu izlədiyini görüb.

Sonuncu dəfə Bəşir saat 14:05-də həyat yoldaşı ilə telefonla danışıb və gəlməyəcəyini deyib, dostlara xəbər verməyi xahiş edib. Bundan sonra telefonu söndürülüb. Amma, buna baxmayaraq, o, whatsapp-da onlayn-dır, mən zəng etdim, məşğula atdılar. 40 dəqiqə əvvəl o, facebook-da onlayn olub. Çox güman ki, onun sosial şəbəkələrini başqaları yoxlayır”, deyə Kazımlı qeyd edib.

“Vətəndaş Cəmiyyəti Platforması platformanın yaradıcılarından biri, hüquq müdafiəçisi Bəşir Süleymanlının yoxa çıxmasından narahatdır”, deyə hüquq müdafiəçisi Akif Qurbanov bildirib. “Biz hakimiyyət orqanlarından onun yeri və səhhəti barəsində məlumat verməyi tələb edirik.

Vəkil Elçin Sadıqovun bəyanatı, Süleymanlının telefonla həyat yoldaşına dediyi sözlər onun polis orqanları tərəfindən saxlanıldığını güman etmək üçün əsas verir. Buna görə biz DİN-dən onun yeri barədə məlumat tələb edirik”, deyə Qurbanov vurğulayıb.

DİN-dən Bəşir Süleymanlının yoxa çıxması ilə bağlı şərh almaq mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button