Bəxtiyar Sadıqova səlahiyyət verin!

Əvəz Zeynallı

 Mətbuat Şurasına hüquq-mühafizə orqanı səlahiyyətləri verilməli, Şura mətbuat polisi yarada bilməli, jurnalistləri zirzəmisinə həbs etmək yetkisi almalıdır:)))

 Aldığım bütün məlumatlar onu təsdiq edir ki, Mətbuat Şurasında hakim iradə Əflatun Amaşovun deyil. Bunu açıq-açığına deyirlər artıq. Məsələn, Əflatun Amaşov Adil Mirnbaşıya Asif Mərzilinin məsələsində açıqca bəyan edib ki, məsələni Bəxtiyar Sadıqovla həll edin. Məlumatlara görə, Əflatunun başının üstündə dayanan «nadzor»dur Bəxtiyar Sadıqov. Başqa bir mənbə iddia edir ki, yox, əslində oranın indiki «nadzor»u Rövnəq Abdullayevin «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Kimin fikrinin əsas olduğunu bilmirəm, amma bildiyim odur ki, heç bir mübaliğəsiz Əflatun MŞ-da söz sahibi deyil. Niyəmi?

Qəzetin gündəliyə keçməsindən bu tərəfə MŞ-dan yazar oldum. Əvvəlcə Bəxtiyar Sadıqovla Vüqar Rəhimzadə başladı. Cavabları verildi və bir neçə gün susdular. Sonra Bəxtiyar Sadıqovun yarıtmaz idarəetməsi nəticəsində «Azərbaycan» qəzetində baş verən hadisələrdən xəbər tutduq. İndi də həmkarlarımız danışır. Bunların iç camaşırları tökülür və töküldükcə, ağızları daha köpüklənir, qəzəbləri gözlərinin ortasına çıxır. Biz bunların iç üzlərini insanların istifadəsi üçün meydana çıxardıqca, bunlar qəzəbdən partlamaq dərəcəsinə gəlirlər. İnsanda hansısa yolla başa düşmə qabiliyyəti olmalıdır. Yox, bunlarda bütün yollar bağlanıb.

Bəxtiyar Sadıqov mətbuata açıqlamasında Mətbuat Şurasının səlahiyyətlərinin artırılmalı olduğunu bildirib. Onun qənaətincə, Şuraya qəzetlərin bağlanması üçün məhkəməyə müraciət etmək səlahiyyəti verilməlidir. Elə son məqsədləri də budur. Zatən artıq Azərbaycan mətbəələrinin əksəriyyəti Əli Həsənovun bir telefon zənginə bənddir. Məsələn, Sərdar Əlibəylinin baş redaktoru olduğu «p.s.Nota» qəzeti Əli Həsənovun bir telefon zəngi ilə bağlandı. Yəni mətbəələr qəzeti çap etmədi. Vəssalam. O mənada, Bəxtiyar Sadıqovun Mətbuat Şurasına əlavə səlahiyyətlər tələb etməsinə gərək də yox. Onsuz da bunlar bir telefon zəngi ilə qəzetləri susduracaq qədər güclüdürlər. Bəxtiyar müəllim bir az daha irəli gedib və quşu tam gözündən vurub. Onun məntiqinə və sözlərinə görə, Kütləvi İnformasiya Vasitələri Haqqında Qanun həddindən artıq humanistdir və onun sərtləşməsi lazım. Bu, Mətbuat Şurasının ən güclü adamlarından birinin illərdir iddia etdiklərimizi birbaşa təsdiqidir. Bunlar hətta qanunlarla razı deyillər. Pərdənin arxasında Ramiz Mehdiyev və Əli Həsənov var – onlar da belə düşünürlər. Onların da arxasında İlham Əliyev dayanır – təbii ki, o da belə düşünür.

İşə keçmişik, bütün dünya qadağalardan qurtulmağa, daha sivilləşməyə, daha humanistləşməyə doğru gedərkən, iqtidar mətbuatının Bəxtiyar adlı qırğısı qanunların humanistliyindən şikayətlənir. Hər halda dünya tarixində bu nümunənin tayı-bərabəri yoxdur. İllərdir təyinatla parlamentdə oturmağın nəticəsi bu qədər fəlakətli olmalı idi. İndi anlaşılır ki, bu adamın seçki təbliğatı niyə uğursuzluğu ilə yaddaşlara qazınıb.

Əslində, bunlardan olsa, Mətbuat Şurasına hüquq-mühafizə orqanı səlahiyyəti verilər. Necə olsa da, Əflatun Amaşovun alnına mətbu mühafizəçi olmaq yazılıb. O, bir zamanlar İsa Qəmbərin müşayiətçisi idi, indi İlham Əliyevin 3-4-cü dərəcəli məmurlarının vasitəçisinə dönüşüb. Bunlardan olsa, Mətbuat Şurasının bir polis dəstəsini yaradarlar və ona jurnalistləri həbs etmək və zirzəmilərinə salmaq səlahiyyəti verərlər. Orada bir Müşfiq Ələsgərli var. Tam da polis kimi monstr olub keçmiş həmkarımız. Bunlardan olsa, heç bir qanun-qaydasız insanları və mətbuat vasitələrini mühakimə edər və indi olduğu kimi hər kəsin haqqında iblisanə qərarlar çıxararlar. Necə olsa da, bu ölkədə hərənin bir polis dəstəsi var – Vergilər Nazirliyinin, ARDNŞ-in, Nəqliyyat Nazirliyinin və s. və i. MŞ-nın niyə olmasın? Əslində, Bəxtiyar müəllim belə nümunələrdən cəsarət alıb danışır. Onu danışdıranlar var. Onlar ürəklərindən keçənləri danışırlar. Biz bunu bilirik.

Bu yarıtmaz və uğursuz komanda İlham Əliyevin sonunu gətirəcək. Bu son o qədər qaçılmazdır ki, gündə 5.000 ədəd Bəxtiyar Sadıqov yetişsə də, qarşısını almaq olmaz. İnsanlardan Elşad Abdullayev kimi istifadə edəndə, insanlar elə sonda Elşad Abdullayev olur. İnsanlardan Bəxtiyar Sadıqov yetişdirəndə insanlar elə Bəxtiyar Sadıqov olur. Dünən Elşad Abdullayevin qulluğanda dayan, pulunu mənimsə, çirkli pullarla mətbuata şər at, həmkarlarını tutdur, bu gün söy. Bunların əxlaqı, əqidəsi, düşüncə tərzi budur. Bu düşüncə dünyası ilə niyə Mətbuat Şurasına qəzetləri bağlamaq üçün məhkəməyə müraciət etmək səlahiyyəti verilməsin ki? Verilər də, o tərəfə keçilər də…

Amma çox istərdim ki, Bəxtiyar Sadıqovun arzuları çin olsun. Onun həyatının biabırçı səhifələri var ki, dərc olunmasının qarşısını alacaq qüvvə yoxdur. Ona görə də bir an öncə Bəxtiyar Sadıqovun tələbi ilə Mətbuat Şurasına bu qara səhifələri dərc edəcək bütün qəzetləri bağlamaq səlahiyyəti verilməlidir. Mətbuat Şurası məhkəməyə müraciət etmədən qəzetləri bağlaya bilməli, mətbəələrə birbaşa tapşırıq vermək səlahiyyəti əldə etməli, qəzetyayım məsələsi bunlara tapşırılmalıdır. Mətbuat Şurası onlara sərf etməyən qəzetin yayımına son verə bilməlidir. Bununla da yetinmək olmaz – KİV haqqında qanunun bütün humanist maddələri Bəxtiyar Sadıqovun arzularına müvafiq qaydada yenidən tənzimlənməli, mətbuatın bütün müqəddəratı Mətbuat Şurasının əllərinə verilməlidir.

Biz cavanıq. Biz nə zamansa demokratik ölkədə yaşacağımıza ümid edirik.

Amma Bəxtiyar Sadıqov sonuna qədər totalitarlaşmış və quldurlaşmış bir ölkədə ölmək istəyir!

Onun arzusunu yerinə yetirin!

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button