Bəxtiyar Sadıqovun yaydığı dezo!

Bəxtiyar Sadıqov

«Azərbaycan» qəzetinin baş redaktoru qəzetinin satış göstəricilərini artırmaq üçün yalana əl atır

 «Qafqazinfo» agentliyi dünən «Hansı qəzetlər çox satılır?» başlıqlı siyahı tirajlayıb. Həmin yazıda müxtəlif yayım firmalarının sözçülərinə əsasən qəzet bazarına aydınlıq gətirilməyə çalışılıb.

Yayım firmalarından bəzilərinin sözçüləri konkret ad çəkməkdən yayınsalar da, «Qaya» və «Metroservis» ən çox satılan qəzetlərin adını açıqlayıblar. Maraqlı iki maqam var. Birincisi, ad açıqlayan hər iki firma nümayəndələri siyahılarına «Azərbaycan», «Respublika», «Xalq qəzeti» (həmkarlarımızın nəzərinə çatdırırıq ki, «çox satılanlar» sırasında adını yazdıqları bu qəzetin adı «Xalq» deyil, «Xalq qəzeti»dir, necə ki, «525-ci» adlı qəzet yoxdur! – red.) adları ilə başlayıblar. Bu qəzetlərin satılmadığı, yalnız abunə yolu ilə büdcə təşkilatında çalışanlara abunə yolu ilə zorla sırındığı kimsəyə sirr deyil. Xüsusilə əl yayımında, metro keçidlərində bu qəzetlərin alıcısı olmadığını bilə-bilə, belə yanlış informasiyanı hazırlanması əlbəttə ki, sifarişdir. Kimlərsə guya təbliğat aparır, digər qəzetlərə qarşı qara PiaR qurur və belə hesab edirlər ki, bununla da ictimai rəy formalaşdıra bilərlər.

Məlumat üçün bildirək ki, son vaxtlar Bəxtiyar Sadıqovun «Azərbaycan» qəzetinin heç bir nüfuzu olmaması və sərbəst bazarda Oxucu qazanmaması ilə bağlı fikirlər səsləndirilir. Bu fikirləri media cameəsində çox böyük çəkiyə malik Mehman Əliyevin dilə gətirməsindən sonra isə qarşı tərəfin ciddi həyəcan və narahatlıq keçirdiyi sezilir. Bu həyəcanlarını belə isterik informasiyaya çevirənlər isə istehza hədəfi olduqlarının, görünür, fərqində deyillər. Elə güman edirlər ki, bu cür informasiyalar satışlarına təsir edə bilər.

Yanılırlar. Rəsmi xəbərlərin bülleteni kimi çap olunan «Azərbaycan» qəzeti hansı Oxucunun marağını çəkə bilər? Qəzetin satılması üçün həqiqətləri yazması və reallığı əks etdirməsi tələb olunur ki, bunu da «Azərbaycan» qəzetinin səhifələrində müşahidə etmək mümkün deyil. Bu qəzeti kim alacaq?

İkincisi, bu xəbər geniş Oxucu auditoriyasına malik «Qafqazinfo» saytında niyə yayımlanmalıdır? Biz dəqiqləşdirdik ki, bu informasiya «Qafqazinfo»nun öz məhsulu deyil, onlara da hazır formada göndərilib, amma kim?

Hörmətli həmkarlarımıza xatırladırıq ki, son illər Azərbaycanda mətbuatla bağlı «siyahı» tutan yalnız bir hökumət təşkilatı var – Dövlət Mətbuat Şurası. Bu siyahı da onların «ən əzizlərinə» layiq olan «qara siyahılarından» mahiyyət etibarilə heç nə ilə fərqlənmir və görünür ki, «siyahıların» hazırlanması eyni qara beyin mərkəzindən qaynaqlanır.

İnformasiya manipulyasiyasının alətinə çevrilməmək üçün daha diqqətli olmağımız günün reallığına çevrilib artıq.

Görünən odur ki, Bəxtiyar Hacıyev baş redaktorluq etdiyi qəzetinin oxunmaması və Oxucusu olmaması haqqında Mehman Əliyevin və qəzetimizin arqumentlərinin əsaslılığının qarşısında aciz qalıb və yalana əl atmalı olub.

Yalan Bəxtiyar Sadıqovun əsl peşəsidir, bizim olmamalıdır axı?

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button