Bəylər Əyyubov fəhlələrin pulunu yeyir?!

Əmək haqqını ala bilməyən usta “Xalq Bank”ı “yağladı”

 “Xalq Bank”ın Lənkəran şəhərində inşa edilən yeni filialında çalışan usta və fəhlələrin əmək haqları verilmir. Aylarla binanın inşasında işləyən fəhlə və ustalar süründürməçiliklə üzləşir. Süründürməçilikdən bezən ustalardan biri “Xalq Bank”dan çox ilginc bir qisas alıb.

Lənkəran şəhərində ezamiyyətdə olarkən yerli sakinlər bizə hadisə barədə ətraflı məlumat verdilər. Sakinlərin sözlərinə görə, binaya daş üzlük qoymaq üçün Cəlilabaddan usta dəvət edilib. Usta bütün yayı qızmar günəşin altında binanın üzlüyünü quraşdırıb. Lakin ona çatası əmək haqqını verməyiblər. Sentyabrın 10-da usta uşaqlarının məktəbə gedəcəyini bildirib və əmək haqqını tələb edib. Lakin onun tələbi qulaqardına vurulub. Sentyabrın 15-də usta iş yerinə işlənmiş maşın yağı gətirib. Daha sonra su vuran nasos vasitəsi ilə “Xalq Bank”ın yeni binasını “yağlayıb”. Maşın yağı bahalı üzlük daşına hopub və binanın fasadı yararsız vəziyyətə düşüb. Daha sonra tikintiyə rəhbərlik edən iş icraçısı ustanın hərəkətindən polisə şikayət edib. Usta dərhal saxlanılaraq Lənkəran Şəhər Polis İdarəsinə aparılıb. Orada ustadan binaya dəymiş zərərin ödənilməsi tələb olunub. Usta tələb olunan məbləği ödəyə bilməyəcəyini söyləyib. İş icraçısı isə dəymiş zərərin ustaya çatası əmək haqqından tutulacağını bildirib.

Biz hadisəni dəqiqləşdirmək üçün “Xalq Bank”ın Lənkəranda yeni inşa edilən binasında olduq. Lakin orada usta və iş icraçısı ilə görüşə bilmədik. Onu da qeyd edək ki, Lənkəran şəhərində H.Əliyev meydanının yaxınlığında inşa edilən binada son tamamlama işləri görülür. Binanın fasadına oyma naxışlı nəfis daşla üzlük çəkilib.

Qeyd edək ki, “Xalq Bank”ın prezidentin şəxsi mühafizə dəstəsinin rəisi general  Bəylər Əyyubovun olduğu bildirilir.  

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button