Bəşər Əsədə məktub

Bəydadaş Cəfərli

Haqqın istəyənləri gülləbaran edirsən,

Özünü çökdürəcək hiddətin, Bəşər Əsəd.

Ölkəni qorumağa Qurana and içmisən,

Vəzifənə ləkədir nifrətin, Bəşər Əsəd.

Topladığın qızıllar məxsusdu zəhmətkeşə,

Neftin, qazın buruğu Suriyada bir meşə,

Qatmaginən başını cəncələ, keşməkeşə,

Istefaya yetərmi cürətin, Bəşir Əsəd.

Səni belə alova atan atıb gedibdi,

Yuyulmaz günahlara özü batıb gedibdi,

Misir, Tunis arzuya, şükrə çatıb gedibdi,

Çünki onlar düşündü millətin, Bəşir Əsəd.

Ölkə ibarət deyil axı sənin tayfandan,

Təkcə ətrafın qalıb indi razı səfandan,

Millətin inildəyir çəkdirdiyin cəfandan,

Yaşına uyuşmayır mürvətin, Bəşir Əsəd.

Azadə qədəm qoyur dünyaya gələn insan,

Məhbəsə döndərmisən ölkəni bəsdi, usan!

Heyf ki, azadlığın yolu deyildi asan,

Heç olmasa az eylə şiddəti, Bəşir Əsəd.

Vəzifənin sonudur yapışsan da beş əlli,

Istefalar səslənir günü-gündən sürəkli,

Əməllərin ölkəndə, həm də dünyada bəlli,

Səddam taleyi olar qismətin, Bəşir Əsəd.

Vəzifə verilməyib axı sənə paytəki,

Miras qalıb atandan, barı etmə zaytəki,

Millət dolur meydana aşıb-daşan çay təki,

Istefaya etginən hörməti, Bəşir Əsəd.

Hər nə olursa olsun qədəri olsun gərək,

Rəhm eləmək rəhbərin şakəri olsun gərək,

Millətə zillətlərin təhəri olsun gərək,

Asıb-kəsmək olubdur niyyətin, Bəşir Əsəd.

Get deyirsə millətin eşitginən milləti,

Verməginən xalqına, həm özünə zəhməti,

Vaxtında çıx aradan fövtə vermə fürsəti,

Tükənibdi qalmağa taqətin, Bəşir Əsəd.

Almaginən millətin azadlığın əlindən,

Qəriblikdə qalarsan ayrı düşsən elindən,

Xalqa qənim olanın Tanrı vurar belindən,

Unutma yaradanın qüdrətin, Bəşir Əsəd.

Yeddi arxa dönənə bəs eləyər yığdığın,

Axı sənin deyildi öz adına çıxdığın,

Sənin vətəndaşındı evlərini yıxdığın,

Çəkdirmə qalanlara həsrəti, Bəşir Əsəd.

Neçə vaxtdı səhnədən salacaq bu qasırğa,

Neçə başlar düşəcək taclarından qırağa,

Demokratiya çəkir paytaxtları sınağa,

Başa çatmaq üzrədir, möhlətin Bəşir Əsəd..

Dünya belə tələb edir getməli Bəşir Əsəd,

Səbəbdir suriyalı haqqına çəkir həsəd,

Insaf et, azadlığa zindanlardan çəkmə sədd,

Qazanmısan xalqının nifrətin Bəşər Əsəd.

Ylğdığını əlindən dünya tutub alacaq,

Taleyini Səddamın taleyinə salacaq,

Adın elin yadında qatil kimi qalacaq,

Ayaqlara düşəcək şöhrətin, Bəşir Əsəd.

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button