Bəxtiyar Hacıyev Ərdoğana məktub yazdı

Həbsdə olan gənc fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev Türkiyə Cumhuriyyətinin Baş Naziri cənab Rəcəb Tayyip Erdoğana məktub yazaraq, son dövrlərdə Türkiyə dövlətinin və onun şəxsində “ərəb baharı” ölkələrinin sadə vətəndaşlarına verilən dəstəkdən məmnunluğunu ifadə edərək, Ərdoğana təşəkkür edib və onu Azərbaycanın demokratikləşmə prosesinə dəstək verməyə çağırıb. Azərbaycanda fəaliyyət göstərən Türk Özəl Liseylərinin məzunu olan Bəxtiyar Hacıyev, Erdoğanın oğlu Necmettin Bilal Erdoğanın da məzunu olduğu Harvard Kennedy School-da İctimai Siyasət magistr dərəcəsinə (MPP) yiyələnib.

BMT Baş Assemblyasının 60-cı sessiyasında Azərbaycanın gənc təmsilçisi olan Bəxtiyar Hacıyev 2010-cu il parlament seçkilərində millət vəkillliyinə namizəd kimi apardığı uğurlu seçki kampaniyasının ardından noyabr ayında sərhəddə saxlanılıb və onun ölkədən çıxmasına qadağa qoyulub.

Bu ilin martin 4-də ərəb ölkələrindəki inqilabların təsiri ilə gənclərin başlatdığı online aksiyalara verdiyi dəstəkdən dərhal sonra həbs edilib və may ayında barəsində hərbi xidmətdən yayınma ittihamı ilə 2 illik həbs qərarı verilib.

Bəxtiyar Hacıyev özü, yerli və beynəlxalq insan hüquqları müdafiəçiləri gənc fəalın həbsinin siyasi motivlərlə olduğunu deyir və ona qarşı irəli sürülən ittihamların əsassız olduğuna inanır.

Bu günə qədər ABŞ Dövlət Departmenti, Avropa Birliyi, ATƏT kimi siyası təşkilatlar onun həbsindən narahatlıqlarını ifadə edib və Azərbaycan hökümətini fərqli fikirliliyə dözümlü yanaşmağa səsləyiblər. Amnesty İnternational, Freedom House, Human Rights Watch və digər uluslararası insan hüquqları müdafiəçisi olan təşkilatlar Hacıyevin həbsinin siyasi motivli olmasına dair narahatlıqlarını ifadə edərək, Azərbaycanı insan hüquqlarını pozmamağa çağırıblar.

Hal-hazırda Azərbaycanda 14 saylı Cəzaçəkmə müəssisəsində saxlanan Bəxtiyar Hacıyevin 20.09.2011 tarixində Erdoğana yazılmış məktubunda deyilir:

Hörmətli Baş Nazir,

Son zamanlar “ərəb baharı” ölkələrinin sadə vətəndaşlarına həm şəxsiniz, həm də Türkiyə dövləti tərəfindən verilən dəstəyi böyük diqqət və fərəhlə izləyirəm. Bu dəstəyi digər güclərin verdiyi dəstəkdən fərqli edən isə tutulan mövqenin haqlılığından əlavə, ortada səmimiyyətin də olmasıdır. Cənab Baş Nazir, Xalqların azadlıqlarını dəstəkləmək, sadəcə öz xalqını qətl edən diktatorları hakimiyyətdən salmaqla dəstəkləmək olmamalıdır. Əsas məsələ, diktator və avtoritar xarakterli liderlərin öz xalqlarını qıracaq qədər güclənməsinin və qəddarlaşmasının qarşısını almaq, vaxtında önləyici tədbirlər görməkdir. Vətəndaşı olduğum və hazırda həbsdə saxlandığım Azərbaycanda demokratikləşmə prosesinin qarşısını almaq istəyənlər bəzən bizim müsəlman olmağımızı, bəzən də ölkəmizin gənc dövlət olduğu üçün demokratiyaya hazır olmadığını bəhanə edirlər. Zənnimcə, birinci mövqe İslama, ikincisi isə xalqımıza həqarətdir.

Hörmətli Baş Nazir,

Azərbaycan xalqı da ən az ərəb xalqları qədər azadlığa layiq və hazırdır. İnanıram ki, qısa zamanda xalqımızın azad, demokratik, ədalətli idarə edilən cəmiyyətdə yaşamaq kimi neməti dadması üçün bizim yanımızda olacaqsınız. Sizdən özümün həbsdən çıxmağıma yox, xalqımın azadlığa çıxmasına kömək etməyinizi xahiş edirəm.

Dərin hörmətlə, Bəxtiyar Hacıyev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button