Bəxtiyar Hacıyevin adından prezidentə müraciət yollandı

Həbsdə olan gənc fəal, ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevə dəstək qrupu Azərbaycan prezidenti İlham Əliyevə və ABŞ prezidenti Barak Obamaya kütləvi məktub kampaniyasına başlayıb. Bəxtiyara Dəstək Kampaniyasından “Media forum” saytına bildiriblər ki, əvvəlcə Qərb təhsilli gənclər adından imzalanan məktublar gənclərdən gələn çoxsaylı tələblər nəticəsində auditoriyasını genişləndirib. Gənclər ad, soyad, ixtisas, oxuduğu təhsil müəssisəsi və təhsil aldığı ili, xaricdə təhsil alanlar həm də iştirak etdikləri proqramları qeyd etməklə məktubları imzalayırlar.

Prezident İlham Əliyevə ünvanlanan məktubda gənclər prezidentin “Mən hesab edirəm ki, Azərbaycandan xaricə oxumağa gedənlərin hamısı qayıdacaq və öz ölkəsinin rifahı naminə işləyəcəkdir” ifadəsini xatırladaraq, təhsilini başa vurub ölkəsinə qayıdan Bəxtiyar Hacıyevin dəmir barmaqlıqlar arxasında saxlanmasının digər fərqli fikirli, yenilikçi gənclərin ölkəyə qayıdaraq təhsilini Azərbaycan dövlətinin inkişafı naminə istifadə etməkdən çəkindirdiyini bildirir və dövlət başçısından Bəxtiyar Hacıyevin azadlığa buraxılması, təhsilini davam etdirməsinə şərait yaradılmasını xahiş edirlər.

Barak Obamaya ünvanlanmış məktuba imza atanlar ABŞ-ın bütün dünyada demokratiya və insan haqlarını müdafiə etmək mövqeyi seçdiyini xatırladır və onu Azərbaycanda demokratik proseslərin inkişafına, Bəxtiyar Hacıyevin azad edilməsinə dəstək verməyə səsləyirlər.

Əvvəlcə “Facebook” sosial şəbəkəsində başlanan kampaniyaya 100-də çox gəncin qoşulduğu, ilk 125 nəfərin imzaları ilə məktubun Azərbaycan prezidentinə göndərildiyi bildirilir. Oktyabrın 18-nə qədər davam edəcək kampaniyaya qoşulanlar öz dəstəklərini “Facebook” şəbəkəsində müvafiq qeyddə verirlər. Bu şəbəkəyə üzv olmayanlar isə www.supportbakhtiyar.com/prezidente-mektub linkinə daxil olaraq məktubların şərh hissəsində məlumatları yazmaqla məktubları imzalayırlar.

Öz məlumatlarını ictimai şəkildə yaymaq istəməyənlər tələb olunan məlumatları justiceforbakhtiyar@gmail.com elektron poçt ünvanına göndərirlər. Bu ünvana göndərilən imzalar yalnız prezidentə göndəriləcək məktuba əlavə ediləcək.

Bəxtiyar Hacıyev martın 4-də tutulub. Mayın 18-də o, Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Gəncə Şəhər Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayıb.

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button