Bəxtiyar Hacıyevin son sözü

“Məni zindana ata bilərsiniz, amma azadlığımı əlimdən ala bilməzsiniz, çünki azadlıq insanın ruhunda, mənəviyyatında, düşüncəsindədir – onları isə həbs etmək mümkün deyil”…

Gəncədə mühakimə olunan və dövlət ittihamçısının 2 il azadlıqdan məhrum etmə cəzası istədiyi Bəxtiyar Hacıyevin məhkəmədə deməli olduğu son sözün mətni:

“Hörmətli hakim və proses iştirakçıları!
Mənə elan edilən ittihamla bağlı münasibət bildirmək istəmirəm. Bu həbsin qanunsuzluğu məhkəmənin gedişində həm özüm, həm də vəkillərimin çıxışlarında, çoxsaylı şikayətlərdə, vəsatətlərdə yetərincə əsaslandırılıb. Hesab edirəm ki, bu məhkəmə prosesi barəmdə qaldırılan cinayət təqibinin qondarma olduğunu, günahsız olduğumu sübuta yetirməklə yanaşı, həm də yadfikirliliyi, fərqli düşüncəni boğmaq üçün hüquq-mühafizə orqanlarından, məhkəmədən bir vasitə kimi istifadə olunduğunu bir daha təsdiqlədi.

Fürsətdən istifadə edib, bu məhkəmə prosesi zamanı öz təcrübələri, bilikləri ilə müdafiəmi çox uğurla qurmuş müdafiəçilərim İntiqam Əliyevə, Əlayif Həsənova, Elçin Namazova, Səadət Seyidliyə təşəkkür edirəm. Bundan başqa, müdafiəmdə iştirak etmiş hər bir şəxsə, ziyalılarımıza, ictimai xadimlərə, siyasi qurumlara, jurnalistlərə, tələbə yoldaşlarıma, gənc dostlarıma təşəkkür edirəm. Xüsusi olaraq hər zaman yanımda olan ailəmə minnətdarlığımı bildirirəm.

Bu iş üzrə məhkəmənin hansı qərar verəcəyi məndə, vəkillərimdə və çox güman ki, prosesin gedişini diqqətlə izləyən hər bir kəsdə artıq heç bir şübhə doğurmur. Böyük ictimai təhlükə törətməyən cinayətdə ittiham olunduğum halda heç bir əsas olmadan həbs edilməyim, həbs müddətinin heç bir əsas olmadan bir neçə dəfə uzadılması, ölkənin 30-dan çox nüfuzlu şəxsinin məni zaminliyə götürmək barədə müraciətlərinin, o cümlədən işin ədalətli həlli baxımından əhəmiyyətli olan halların araşdırılmasına yönələn bütün vəsatətlərimin əsassız olaraq rədd edilməsi, hakimin dövlət ittihamçısının diqtəsi ilə qərarlar qəbul etməsi və prosesin gedişində yol verdiyi çoxsaylı maddi və prosessual pozuntular az-çox bu proseslərdən xəbəri olan hər kəsdə yekun qərarın hansı məzmunda olacağına proqnoz verməkdə çətinlik yaratmır.

Bu sifariş sahiblərinin iki əsas məqsədi var: ölkədəki azad düşüncəli, vicdanlı, təhsilli, ictimai maraqları öz maraqlarından üstün tutan, dəyişikliklər uğrunda çalışan gənclərdən ibarət yeni dalğanın qarşısını almaq üçün xüsusi fəallığı ilə seçilənlərin bəzilərini saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməklə digər gəncləri qorxutmaq.
Lakin 2009-cu ildə gənc fəallar Emin Milli və Adnan Hacizadənin həbsi bunun əksinin baş verdiyini göstərdi. Həbsin sifarişçiləri ölkə və beynəlxalq ictimaiyyət qarşısında özlərini nüfuzdan saldılar, kəskin tənqidə məruz qaldılar. Bu həbslər azadlığı əlindən alınmış gənc fəallara ictimai simpatiyanı artırdı. Emin və Adnanın həbsi gəncləri qorxutmadı, əksinə, onları yeni enerji ilə mübarizəyə ruhlandırdı.

Onları həbs edəndə mən ABŞ-da idim və Azərbaycana qayıdıb seçkilərdə iştirak etməyin çox riskli olduğunu, hər an həbs oluna biləcəyimi, professional karyeramda, maddi vəziyyətimdə, şəxsi həyatımda əhəmiyyətli geriləmə və itkilərin mümkünlüyünü dərk edirdim. Lakin Emin və Adnanın həbsi bir çox digər gənclər kimi mənim də üzərimə mənəvi bir yük qoydu: onların ölkədə ictimai maraqlar naminə, dəyişikliklər uğrunda apardıqları mübarizəni davam etdirmək.

Bizlərin – yeni nəslin nümayəndələri olan gənclərin əsas məqsədi Azərbaycanda qanunun aliliyinə, insan hüquqlarına hörmət edilən, ədalətli, vətəndaşların azad və firavan yaşadıqları bir cəmiyyət qurmaqdır. Bu gün dünyada inkişaf etmiş bütün cəmiyyətlər bu yolu keçiblər. Həmin ölkələrdə də ədalətə çağırış edənləri, azadlıq tələb edənləri həbs və ya sürgün ediblər, bir çoxlarını öldürüblər. Həmin ölkələrdə müsbət dəyişikliklər cəsarətli insanların davamlı mübarizəsi nəticəsində baş verib. Bu insanlar öz adlarını tarixə və ölkələrinin sadə vətəndaşlarının qəlblərinə yazıblar.

Hörmətli hakim və proses iştirakçıları!

Siyasi sifariş olan bir işdə ədalətli nəticəyə inamım az olsa da, bu fikirləri səsləndirməyi vacib saydım. Sifarişin icrasından imtina etməklə siz həmkarlarınızı bu cür təhqiramiz duruma etiraz etməyə ruhlandıra bilərsiniz, bu addım məhkəmələrimizin müstəqilliyi yolunda çox ciddi hadisəyə çevrilə bilər. Bu addım həmçinin sovet təfəkkürü ilə ölkəni idarə edənlərin Azərbaycan Ordusundan opponentlərinə qarşı cəza aparatı kimi istifadə etməsi praktikasına ciddi zərbə vura bilər. Məndən əvvəl də bir çox şəxsləri müvəqqəti və ya davamlı zərərsizləşdirmək, mənəvi baxımdan sındırmaq, yaxud məhv etmək üçün hərbi xidmətdən vasitə kimi istifadə edilib, buna etiraz edənləri, müqavimət göstərənləri rəsmi təbliğatın köməyi ilə ictimai qınaq obyektinə çeviriblər, ictimai rəydə qeyri-vətənpərvər kimi təqdim ediblər.

Biz, fərqli düşünən gənclər belə hesab edirik ki, vətənpərvərlik yalnız Vətənin torpağını, daşını yox, həm də vətəndaşını, onun hüquqlarını qorumaqdır. Məhz buna görə də gənclərimizin daha keyfiyyətli təhsil almasına, vətəndaşlarımızın maariflənməsinə, hüquq dövlətinin qurulmasına, ölkəmizin maraqlarını beynəlxalq aləmdə qorumağa çalışırıq.

İttiham olunduğum maddə üçün Cinayət Məcəlləsində iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Siz mənim qollarımı qandallı ictimaiyyət qarşısına çıxara bilərsiniz, məni zindana ata bilərsiniz, amma azadlığımı əlimdən ala bilməzsiniz. Çünki azadlıq insanın ruhunda, mənəviyyatında, düşüncəsindədir. Onları isə həbs etmək mümkün deyil”.

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button