Bəxtiyar Hacıyevin vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir

Həbsinə etiraz olaraq 17 gündür aclıq aksiyası keçirdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyevin səhhətinin getdikcə ağırlaşdığı deyilir.

Yanvarın 25-də vəkillər Nemət KərimliRövşanə Rəhimli onunla görüşüblər.

Kərimlinin Azadlıq Radiosuna bildirməsinə görə, Hacıyevin vəziyyəti əvvəlki günlərlə müqayisədə daha ağır görünür:

“Bəxtiyar Hacıyev ayağa qalxanda müvazinətini itirir və az qalır yıxılsın. Təcridxana həkimi deyib ki, bu, beyinin qanla kifayət qədər təmin olunmaması ilə əlaqədar ola bilər”.

Onun sözlərinə görə, Hacıyev MRT (maqnit rezonans tomoqrafiya) və KT (kompüter tomoqrafiya) müayinələrinin aparılması xahişilə Penitensiar Xidmətə müraciət etsə də, hələlik cavab almayıb.

Hacıyev istintaq təcridxanasının tibb-sanitariya hissəsində saxlanılır.

Bu açıqlamya, hələlik, Penitensira Xidmət və başqa müvafiq qurumlardan münasibət almaq mümkün olmayıb.

Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Yanvarın 13-də isə Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı.

Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button