Bəxtiyar Sadıqov prezidentə qarşı!

Bəxtiyar Sadıxov

Replika

 …Özgə gözündə çöp axtaranlar və ya Bəxtiyar Sadıqov prezidentin qərarlarını niyə bəyənmir?

 “Çox təəssüf hissi ilə demək istəyirəm ki, indiki müğənnilərin böyük əksəriyyəti saxta, ifa tərzi olmayan insanlardan ibarətdir. Onların arasında xalq artisti, əməkdar artist adını daşıyan müğənnilər də var”.

Bu fikirlər deputat (millət vəkili yox), “Azərbaycan” qəzetinin baş redaktoru hörmətli Bəxtiyar Sadıqova aiddir. O, qaynar.info saytına musiqi zövqü ilə bağlı verdiyi açıqlamada belə deyib. Bəxtiyar müəllim onu da deyib ki, yerli telekanallarda yayımlanan şou verilişlərinə qətiyyən baxmır: “Hətta ailə üzvlərim belə mənə görə, belə verilişlərdən imtina etməli olublar”.

Bəxtiyar Sadıqovun sözlərindən belə çıxır ki, prezident İlham Əliyev saxta, səsi, ifa tərzi olmayan müğənnilərə xalq, əməkdar artist adları verib. Yoxsa Bəxtiyar müəllim bilmir ki, bu ölkədə bütün vəzifə və titulları (həmçinin onun deputat mandatını) yalnız bir adam paylayır?!

Eybi yox, bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Biz yazaq, xatırladaq, bəlkə Bəxtiyar müəllim də öyrəndi, hələ ki, gec deyil.

Hörməli Bəxtiyar müəllim, illərdir bu xalq sizin mandatınızın saxta olduğundan, yazı yazmaq bacarığınızın olmadığı halda baş redaktor olmağınızdan danışır, siz isə 3-5 manısın saxtakarlıq etdiyini deyirsiniz. “Adımı sənə qoyum, səni də yana-yana” məsəli belə yerdə yaranıb, deyəsən.

Hər kəs öz ayıbına susub otursa, pismi olar? Heç sizin saxta xalq artisti titulu daşıdığını iddia etdiyiniz həmin müğənnilər deyirmi ki, Bəxtiyar Sadıqovun illərdir cibində gəzdirdiyi deputat mandatı saxtadır?! Heç onlar dilinə gətirirmi ki, Bəxtiyar Sadıqov heç kimin oxumadığı qəzetdə heç kimin anlamadığı yazılar yazır?! Demirlər. Ona görə ki, onlar “öz ayıblarına kor olmağı” bacarırlar. Ağsaqqal adamsınız, məsləhət deyilmi ki, hər kəs “öz ayıbına kor olmağı bacarsın?!”

Bir də, məgər sizə bəlli deyil ki, Xalq və Əməkdar artist adlarını həmin “saxta, ifa tərzi olmayan” müğənnilərə sizin cibinizdə daşıdığınız mandatı da həddiyə edən president İlham Əliyev verib?! Yoxsa yaşınızın bu ahıl çağında cavanlıq eşqinə düşüb, prezidentin qərarlarına etiraz etmək həvəsinə gəlmisiniz?

Nə deyək, bəlkə də haqqın yolunu bulmusunuz. Yeri gəlmişkən, saxtakarlıqlara etiraz etməyə başlamışkən, öz yaxın əzizlərinizin yer aldığı “qara siyahı”dan demirəm, heç olmasa, dünən ölkədə baş verən dərəbəyliyin növbəti qurbanı olaraq, dünyasını dəyişən gənc əsgər Eldardan da danışın, lütfən, rica edirik…

Sizlər və sizlərin bəslədiyiniz bu saxta rejim bizim əsgərlərimizin sifətini çürüdür artıq. Sizin boz qəzetləriniz kimi…

Allah amanında, Bəxtiyar müəllim!

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button