Bəxtiyar Sadıqova səlahiyyət verilərsə…

Əvəz Zeynallı

Dünən yazdığım yazının mürəkkəbi qurumamış Bəxtiyar Sadıqov yenə açdı gül ağzını. Sanki səlahiyyət verilmişdi adama. Bu adam qoca yaşlarında özünü çox gücə salır və inanmıram ki, bu güc ona xeyirli nəticələr versin. Mehman Əliyevin haqqında danışıb indi də. Nə danışdığı önəmli deyil. Bəxtiyar Sadıqov adlı adamın özü və mövcudiyyəti önəmli deyil, amma mütləq arxasında Ramiz Mehdiyevin və Əli Həsənovun dayandığı üçün cavabı verilməlidir. Şikayət edənlər, etiraz bildirənlər var. Haqlı olaraq önəmli adam olmadığı üçün Bəxtiyara tez-tez yazı həsr olunmasını qəbul etmir ciddi Oxucu. Amma mən elə düşünmürəm. Bu adamlar hələ Mətbuat Şurası adlı bir killerxanaya ilk yığışdıqları zamanlar dəfələrlə xəbərdar etmiş, yazmışdım ki, bu qurum ciddi mətbuatı sıradan çıxarmaq üçün yaradılmış bir mexanizmdir. Çox təəssüf ki, zamanında mətbuatın başbilənləri bir yerə toplaşa bilmədi və bu şər-böhtan yuvasının zəhərli gələcəyinə son qoymaq imkanları ortadan qalxdı. İndi bunlar gələcəkdə nə edəcəklərsə, onun açıqlamalarını verirlər. Diffamasiya qanununu jurnalistlərin burnundan gətirmək planlarının qurulduğu aydınca görünür. Qanunu qəbul edəndən sonra jurnalistin yazılarına görə həbs olunmaq ehtimalı ortadan qalxır. Ona görə də qanunun yanından yan keçmək, bir növ qanuna qarşı hiyləyə baş vurmaq lazımdır. Nə etmək? Qanunun yanından ötəcək mexanizmlər hazırlamaq…

O mexanizmlərin hazırlanma mexanizminin anonsunu Bəxtiyar Sadıqov artıq qara xəbərlərin qəbiristanlığında – Vüsaləylə Kəmaləddinin lent.az-ında verdi. Görünən odur ki, bunlar diffamasiya qanununun qəbul olunmasından dərhal sonra Mətbuat Şurasını Azərbaycanın senzor təşkilatına çevirəcəklər. Yəni lənətə gəlmiş «Qlavlit» dirilir. Bunun üçün Azərbaycan tarixində olmayacaq şəkildə bir araya gəlmiş senzorlar var. Sadəcə bu isimlərin bir araya gəlməsində yaranan assosiasiya bəsdir – Vüqar Rəhimzadə, Vüqar Səfərli (bu iki mübarəkin adlarını çəkəndə adamın yadına nədənsə Rövnəq Abdullayev də düşür…), Bəxtiyar Sadıqov, Aydın Quliyev, Müşfiq Ələsgərli… Siyahını uzatmaq da olar. Amma Vüsalə Mahirqızı, Rəşad Məcid, Aqil Abbas (Allah hamının keçənlərinə rəhmət eləsin) və s.-lərin adlarını yuxarıdakılarla bir yerdə çəkmək ona görə hələ olmaz ki, ikincilərdə proses təzə başlayıb. Onlar bu gedişlə bir azdan sonra Vüqar Rəhimzadə, Vüqar Səfərli kimilərlə bir yerdə dayanacaqlar və onlardan bir az da kəskin olacaqlar – çünki bu tərəfdəkilərdə bir azca vicdan vardı. Əvvəllər…

Bəxtiyar Sadıqov Mehman Əliyevi hədəf götürüb. Bu, çox absurd görünür. Çünki Bəxtiyar Sadıqovun Mehman Əliyev ola bilməsi üçün onun qalan ömrü kifayət etmir. Mehman Əliyev bugünkü jurnalistikanın abidələşmiş adamlarındandır və təkcə mətbuatın deyil, Azərbaycanın qalan ən nəhəng simalarından biridir. O, təkcə Redaktorlar Birliyinin yox, bütün Azərbaycanın liderlərindən biridir və şəxsən məndən olsa, bütün yerdə qalan düşərgələr 2013-cü il prezident seçkilərində vahid namizəd kimi Mehman Əliyevin ismi üzərində dayanar. Bu, başqa məsələdir və yəqin ki, zaman-zaman üzərinə gələcəyik. Ona görə də bəxtiyar sadıqovların, vüsalə mahirqızıların əndişələrini anlamaq bəlkə də mümkündür. Onlar Azərbaycanda gedən proseslərdən xəbərdardırlar. Özlərinin başları çıxmasa da, Kəmaləddin Heydərovdan, Ramiz Mehdiyevdən eşidiblər… Eşidərlər…

Bu hakimiyyəti bir də ona görə bağışlamaq olmaz ki, bu hakimiyyət Vüsalə kimi, Bəxtiyar kimi mətbu cücələri Mehman kimi mətbu fillərin qarşısına çıxarır və pul gücünə, texnika gücünə, dövlət gücünə onun məğlub görüntüsünü yaradırlar. Bunlar hər zaman namərdlərin qulluğunda dayanıblar. Bunlar hər zaman mərdlərə problem yaradıblar. Bunlar qarışqaları fillərin üzərinə salıb qarışqaları qalib çıxaran zehniyyətdir və hələ utanmaz-utanmaz bu biabırçılıqlarına təkəbbürlə vurğunluqlarını da bildirirlər.

Bəxtiyar Sadıqov iqtidarın mirzəsidir. Bəxtiyar bircə gün özbaşına və öz gücünə qəzet çıxara bilməz. Bəxtiyar Sadıqov dövlət çapında reketdir. Və onun reketliyini bilməyən və anlamayan yoxdur. Bu adam günahsız insanların həyatları ilə oynayıb və indi onun üzə çıxmaması üçün özünü xara-kiri etməklə məşğuldur. Ona görə də onun Mehman Əliyev haqqında dedikləri özünün yox, ağalarının – Ramiz Mehdiyevlə Əli Həsənovun düşüncəsidir. Bəxtiyar kimdir ki, Mehman Əliyevə dil uzatsın. Mehman Əliyev onun prezidentinin məsləhətləşməyə ehtiyac duyduğu adamdır. Bəxtiyara isə heç «Azərbaycan» qəzetinin işçilərinin və redaksiyanın qapısının ağzında gözlərinin yaşı sel olan günahsız qadınların da ehtiyacı yoxdur.

Diqqətli olmaq lazımdır!

Diffamasiyanın qəbulundan sonra bu mətbuat qatilləri daha ciddi fəsadlara hazırlaşırlar…

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button