BƏY

Mübariz Məsimoğlu

Şair

 

Başının üstündə sən doğulanda,

Zülmətin birə-beş keyfi çağıydı.

Çıraqlar nöyütsüz öləziyirdi,

Arzular, ümidlər göyqurşağıydı.

Havadan, bulaqdan, quşdan, ağacdan,

Axırdı içinə nur aram-aram.

Səni uşaq kimi öz köynəyindən,

Keçirə bilmirdi bulanıq dövran.

İlahi duyğular, sirli nəğmələr,

Ruhuna, sevginə can verirdi, can.

Azadlıq, hürrüyyət, ədalət eşqin,

Səni qoruyurdu hər cür bəladan.

Böyük mətləbləri başa çıxardıb,

Kiçik niyyətləri alt-üst edirdin.

Adlayıb üstündən cılız hisslərin,

Böyük məqsədlərə doğru gedirdin.

 

xxx

Bəyliyin göylərə bağlıydı sənin,

Yetimə,yesirə sən idin yiyə.

Sən sevə bilmirdin heç cürə qışı,

Əsgərlər səngərdə üşüyür deyə.

Zindanda, bayırda evdə, eşikdə,

Pərvanənin odu, haqqın şamıydın.

Tanrı qoruyurdu liderliyini,

Təpədən-dırnağa xalq adamıydın.

Toxuna bilmirdi əsən küləklər,

Mürid kamalına, mürşid halına.

Sən ac qalanda da, şah olanda da,

Könlünü vermirdin dünya malına.

Başına dönürdü qadınlar, qızlar,

Hamısı gözündə bacı, anaydı.

Sənə çamur atan adam deyildi,

Başını yaranlar öküz, danaydı.

xxx

Seçib söylədiyin şeir, hekayə,

Sözlərin ən duru yerindən idi.

Turan sevdasıydı ən böyük sevdan,

Bilirdin Türklüyün dərd-səri nədi.

Bişib bərkimişdi səbrü-qərarın,

Üzünü görmüşdün hər dönüklüyün.

Dadına yetirdin ləzginin, tatın,

Kimi kiçildərdi böyük türklüyün?

Sən olan məclisdə, sən gedən yolda,

İblisin, şeytanın halı fənaydı.

Qohuma, qardaşa, yada, yaxına,

Tənqidin, tərifin ağayanaydı.

Duruşun, baxışın, təbəssümlərin,

Yenirdi hər yerdə qəzəbi, hirsi.

Nura qərq olurdu sən girən zindan,

Dəyərə minirdi sən qalxan kürsü.

 

xxx

Necə sevinirdin, ilahi, necə,

Aldığın, verdiyin gül nəfəsiydi.

Nazirlər, məmurlar, vəzir, vəkil yox,

Millətin dövlətin əfəndisiydi.

İvanın belini qırmışdı xalqın,

Ölkə tam “Azadlıq” meydanı idi.

Millətlər içində ən ulu ad-san,

Sənin millətinin ad-sanı idi.

Əsirdin dövlətin qəpiyi üstdə,

Millətin halıydı sənin hər halın.

Şərin ayağına getmirdi daha,

Üzü ağarmışdı ziyalıların.

Sən elə mürşüdlər mürşüdi idin,

“Ya hu” söyləyirdi mürşüdlər “ya hu”.

Fikrinlə, sözünlə aydınlaşırdı,

Millətin şüuru, millətin ruhu.

xxx

Bulanıq adamlar daxildən, çöldən,

Bulanıq suları sulandırırdı.

Durula bilmirdi bulanıq dövran,

Hərə bir tərəfdən bulandırırdı.

Başları şeytanın əlində olan,

Dostlar bir-birinə əl yetirmirdi.

Tankın qabağında duran oğullar,

Pulun qənşərində tab gətirmirdi.

Kimini “əldəmir”, kimini ivan,

Kimini cem dayı xaltalayırdı.

Sapı özümüzdən olan baltalar,

Səni dörd tərəfdən baltalayırdı.

Qafillər üstünə gəlirdi sənin.

Kimi yıxdığını bilməyirdilər.

Başının üstündə haqq ağlayırdı,

Gözünün yaşını silməyirdilər.

 

xxx

Ucsuz-bucaqsız kartejlər

İndiki kimi

Gündə beş dəfə,

Elədən belə,

Belədən elə

Şütümürdü vıy-vıy,

Saatlarla yollar Sənə görə bağlanmırdı!

Kəmsavad tıxaclarda

Adamların istəyi, arzusu

Soyuqda, istidə

Çalın-çarpaz dağlanmırdı!

Doğrudur, o zaman

Vəzirin, vəkilin, məmurun

Təcrübəsiz idi,

Amma ən azından

İndiki kimi

Simasız quldur,

Harıın, azğın, sırtıq deyildı!

Dünya malında

Yox idi gözün,

Güclə xərcləyirdin qəpiyi

Şəxsi büdcən,

Dövlət büdcəsindən

Beş qat artıq deyildi.

Oğlu atanın, qardaşı qardaşın,

Bacını bacının, ananı qızın,

Uzağı yadın, yadı uzağın

Durğuzmurdular

Üzünə zorla,

Haqsız haqlını

Çıxılmaz dalana

Belə sıxmırdı!

Millətin, xalqın üzünə

Açıq idi sarayının qapısı,

Meşin qapıların arxasında,

Zalımlar min oyundan çıxmırdı!

Böyük ümidlərin vardı,

Kiçik imkanlar

Yerlə sürünən zamanda

İşıqlı arzulara doğru

Sən qaçırdın, yürüyürdün,

Amma çox heyf,

Qullar, quldurlar əlbir, dilbir olub

Səni yendirdilər şərə!

Aradan uzun bir vaxt keçib,

Haqq dünyasındasan indi sən

Həyat nə amansızdır, bəy,

İndi yerdə

Zorla iməkləyənlər

Böhtanlar yağdırırlar,

İradlar tuturlar sənə,

O zaman qanadlanıb

Göylərdə uça bimədiyinə görə!

 

xxx

Sənə çamur atanların,

Səni pula satanların

Hamısı cəzasını alıb.

Arzuların, ümidlərin

Sevdaların diri qalıb.

Qəbrin nurla dolsun, a bəy!

Ruhun da şad olsun, a bəy!

(Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button