Bəyanat

“Monitor” jurnalının 2005-ci ildə qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovla bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin

BƏYANATI

02 mart 2011-ci il

Biz – vətəndaş cəmiyyəti nümayəndələri “Monitor” jurnalının 2005-ci ildə yaşadığı binanın blokunda odlu silahdan açılmış atəş nəticəsində öldürülmüş baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmamasından narahatıq. Artıq 6 il keçməsinə və Prezident İlham Əliyevin qətlin üstünün tezliklə açılacağı ilə bağlı verdiyi açıqlamaya baxmayaraq, nə qətlin sifarişçiləri, nə də icraçıları tapılmayıblar.

Hesab edirik ki, qətlin üstünün açılmamasına görə siyasi məsuliyyət hazırkı hakimiyyətin üzərindədir. Belə ki, aparılan istintaq barədə nə Elmar Hüseynovun ailə üzvlərinə, nə də vətəndaş cəmiyyətinə ətraflı məlumatlar verilmir. Hadisənin araşdırılması üçün istintaqın işinə cəlb edilmiş Türkiyədən, ABŞ-dan olan müstəntiqlər sonradan işdən kənarlaşdırılmışlar. Qətldə iştirakı olan iki şəxsin – Teymuraz Əliyev və Tahir Xubanovun adları rəsmilər tərəfindən səsləndirilsə də, onların tapılaraq məsuliyyətə cəlb edilməsi üçün heç bir praktiki addım atılmır. Onların İnterpol xətti ilə axtarıldığı elan edilsə də, bu şəxslərin adları İnterpolun veb-səhifəsində axtarılanlar siyahısında yoxdur. Hüseynovun qətlini araşdırmaq istəyən həmkarlarına isə təzyiqlər başlanılıb. Nəticədə qətlə bağlı jurnalist araşdırmasına başlayan və bu məqsədlə Gürcüstana səfər edən “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev məhz Gürcüstan səfərindən sonra hədələnməyə başlandı. Bir müddət sonra isə o, əsassız ittihamlarla həbsə atıldı və indiyə qədər də Avropa İnsan Haqları Məhkəməsinin bəraətverici qərarına baxmayaraq, Fətullayev hələ də həbsdə saxlanılmaqdadır.

Elmar Hüseynov “Monitor” jurnalındakı məqalələri və ictimai çıxışları ilə Azərbaycanda hazırda mövcud olan hakimiyyətin siyasətini və hakimiyyəti təmsil edən yüksək çinli məmurları kəskin tənqid edən jurnalist olmuşdur. Hələ sağlığında hakimiyyət dözümsüzlük nümayiş etdirərək ona qarşı ən müxtəlif vasitələrlə (hədələr, əsassız məhkəmə iddiaları) təzyiqlər göstərmişdir. Təəssüflə qeyd edirik ki, ölümündən sonra da bu dözümsüzlük davam etmişdir. Son bir neçə ilə ərzində vətəndaş cəmiyyəti nümayəndələrinin mütəmadi müraciətlərinə baxmayaraq, Hüseynova abidənin qoyulması məsələsi süni şəkildə uzadılmışdır. Müvafiq dövlət qurumları qarşılıqlı şəkildə bu işin onlara aid olmadığını və digər dövlət qurumlarına müraciət edilməli olduğunu bildirərək faktiki olaraq bu məsələyə biganə münasibət göstərmişlər.

Biz Azərbaycan hakimiyyətindən aparılan istintaqın təfərrüatları barədə məlumat verməyi, qatilləri və sifarişçiləri dərhal taparaq cəzalandırmağı, Elmar Hüseynovun xatirəsini əbədiləşdirməyə yardım göstərməyi və jurnalist Eynulla Fətullayevi dərhal azadlığa buraxmağı tələb edirik.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button