Bəylər Əyyubov yenidən hədəfə çıxdı

DİA Holdinqin Azərbaycandan çıxarılması prosesinə start verildi

 Bu günlərdə qəzetimizdə məlumat verərək bildirmişdik ki, yaxın günlərdə Azərbaycanda böyük bir əcnəbi investorla bağlı qərar veriləcək. Məlumat verərək bildirmişdik ki, yaxın zamanlarda türkiyəli iş adamı Abdolbari Gözəllə bağlı qərarın icrasına başlanacaq. Dünən redaksiyamıza bu məlumatların ardı olaraq əlavə faktlar daxil olub. Bildirilir ki, artıq Bakının Alatava qəsəbəsində dövlət başçısı üçün inşa edilən prezident iqamətgahı ilə bağlı da qalmaqal yaşanıb. Bildirilir ki, xüsusilə də iqamətgahın təhlükəsizlik sistemlərinin quraşdırılmasından, tikilinin hava nəqliyyatı ilə əlaqələrinin qurulması üçün kompleksin inşasında ciddi qüsurlara yol verilib. Məlum olub ki, bu işləri həyata keçirən Türkiyə şirkətlərindən biri işin əsas icraçısı olan DİA Holdinqlə müqavilə bağlayıb. Bu müqaviləyə əsasən təhlükəsizlik sistemlərini qurmalı olan şirkətin adı məlum olanda, böyük narahatçılıq ortaya çıxıb. Məlum olub ki, əslində, Türkiyədə qeydiyyatdan keçmiş və faktiki olaraq Çin Xalq Respublikasında fəaliyyət göstərən şirkət qardaş ölkədə heç bir ciddi layihədə iştirak etməyib. Məlum olub ki, bu şirkətin tapılmasında və Bakıda prezidentin iqamətgahının inşasına cəlb edilməsində iştirak edən azərbaycanlı məmurdur.

Mənbə bildirir ki, bu işlərlə bağlı bütün formalı müqavilələri Prezidentin Xüsusi Mühafizə İdarəsi araşdırmalıdır. Məhz Bəylər Əyyubovun araşdırmalı olduğu bu işin təşkilində də qüsurların ortaya çıxması generalın rəqiblərinin kompromat davasını bir qədər də intensivləşdirməli olub. Məlumat verən mənbə bildirir ki, bundan sonra dövlət başçısı səviyyəsində müzakirə olub və hətta DİA Holdinqin Azərbaycan təmsilçiliyinin rəhbəri PA-ya dəvət edilib.

Məhz bu səbəb DİA-nın Azərbaycanda həyata keçirdiyi böyük layihələrinin icrasını dayandırmaq məcburiyyətini ortaya qoyub. Məlumatlara əsasən, bu holdinqin Bakının Heydər Əliyev prospektində inşa etdiyi Heydər Əliyev Mərkəzi ilə bağlı da işlər durdurulub. Holdinqədki mənbələr məlumat verirlər ki, son bir neçə həftədir, işçilərin əmək haqqının verilməsində fasilə yaranıb. Öyrəndik ki, əslində DİA-da işləyən azərbaycanlı işçilərin əmək haqları dəfələrlə aşağı salınıb. Türkiyədən gələn işçilərə isə əmək haqlarının verilməsiylə bağlı olaraq müəyyən ertələnmə xəbərdarlığı edilib. Maraqlıdır ki, DİA Holdinq Azərbaycanda həm də Heydər Əliyev Hava Limanının Avtovağzal hissəsini də inşa etməkdədir. Daxil olan xəbərlərə əsasən, bu ilin fevral ayının 28-də «Azal» Dövlət Konserni ilə DİA Holdinq arasında sözləşmə olub. Mart ayının 18-də isə işin icrasına başlanması ilə bağlı müqavilə imzalanıb. Maraqlıdır ki, bu işlərin son tarix olaraq təhvil verilməsi üçün 2013-cü ilin may ayının 10-u göstərilib. Yəni mərhum prezident Heydər Əliyevin növbəti doğum günündə bu nəhəng layihə başa çatmalıdır. Lakin yenicə inşaat işlərinə başlanan bu layihənin də müəmmalı səbəblərdən durdurulduğu söylənilir. Məlumatlara əsasən, bu günlərdə foto görüntüləri mətbuata təqdim edilən nəhəng proje ilə bağlı olaraq Azərbaycan hökuməti tərəfindən müqavilə birtərəfli qaydada dayandırılıb.

Maraqlıdır ki, bu mövzuyla bağlı olaraq apardığımız araşdırmalar zamanı DİA Holdinqin Bilgəh qəsəbəsində inşa etdiyi premium villalar kompleksi ilə bağlı da çox müdhiş faktlar açıqlanır. Məlumatlara əsasən, «Amburan» İstirahət Mərkəzi, «Şahdağ» İstirahət və Turizm mərkəzlərinin inşası ilə bağlı olaraq xüsusilə dövlət adına sifarişçi olan məmurlar büdcədən tikinti üçün ayrılan pulları dayandırmaq qərarına gəlib. Konkret olaraq DİA Holdinqin hesablarına Azərbaycan tərəfindən ödənilməli olan pulların bir qismi dondurulub.

Bundan başqa, onu da öyrəndik ki, 1994-cü ildən etibarən neft sənayesində tikinti quraşdırma işləri aparan DİA Holdinq Construktionla da ARDNŞ arasında 2002-2004-cü illərdə bağlanmış və bu gün də davam edən müqavilələr də dayandırılıb. Bu barədə məlumat verən mənbə deyir ki, əslində ARDNŞ-də belə təmir tikinti işlərinə birbaşa olaraq Bəylər Əyyubov nəzarət edir. Və son zamanlar B.Əyyubovun sıradan çıxarılması məqsədilə həyata keçirilən bir sıra məqsədli kompromat savaşları da artıq yeni mütsəviyə keçməkdədir. Məlumat verən mənbə deyir ki, bir qədər əvvəl dövlət başçısı İlham Əliyevin Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması barədə bəyanatı artıq nəticə verməkdədir. Kifayət qədər nüfuzlu iqtidar məmurlarından biri bu məsələ ilə bağlı danışarkən deyib ki, əslində, ən qısa zamanda dövlət başçısının verdiyi açıqlama ilə bağlı olaraq konkret işlərin görülməsi nəzərdə tutulub. Maraqlıdır ki, dünən «Hüriyyət» qəzetində DİA Holdinqlə bağlı yazılan məqalədə də iddia olunur ki, DİA Holdinqin PKK ilə əlaqələri olduğuna dair faktlar var və yaxın zamanlarda şirkətin Azərbaycandan çıxarılması gözlənilir.

 Elvin Əfəndi

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button