Bəzi deputatlar və məmurlar qoçu dəstəsi saxlayır!

Fərid Şahbazlı: «Vəzifə Kəmaləddin Heydərovu irəli aparmır, Kəmaləddin Heydərovun özü vəzifəni irəli aparır…»

Fərid Şahbazlı gənc sayt sahiblərindən biridir. «Qaynar.info» onun baş redaktorluğunda işıq üzü görür. «Qafqazinfo»nun sahibi Elbrus Əruddan sonra redaksiyamıza telefon edən Oxucular belə gənc qələm sahiblərinin fəaliyyətlərinin işıqlandırılmasını bizdən xahiş etmişdilər. Biz də bu xahişə əməl edərək Fərid Şahbazlını redaksiyamıza dəvət etdik.

Gənc və vətənpərvər Fərid Şahbazlı Azərbaycan mediasının ən gənc nəslinə sahib gənclərdən biridir. Onunla bir çox məsələlərdən danışdıq. Əlahəzrət Oxucu oxuyub qiymətini verəcək.

Beləliklə, Azərbaycan mətbuatının ən gənc və perspektivli qələm sahiblərindən və sayt rəhbərlərindən biri qonağımızdır – Fərid Şahbazlı…

– Çünki bir neçə gün informasiya agentliklərinin yazılarını oxumaq kifayət edir ki, onların kimin kursunu dəstəklədiyini dərk etmək mümkün olsun. Sizin informasiya agentliyiniz kimin kursunu həyata keçirir?

– Kiminsə siyasi kursunu həyata keçirmək üçün mütləq şəkildə onun maddi dəstəyini də almalıyıq. Əgər biz heç kimdən maddi dəstək görmürüksə, demək, öz siyasi kursumuzu həyata keçiririk, heç kimin yox.

– Səhv etmirəmsə, parlament seçkiləri dönəmində bir «oyun»un içərisinə düşmüşdünüz. Gülər Əhmədova haqqında bir informasiya yaymışdınız. Nə məsələ idi?

– Bizə bir informasiya göndərmişdilər, orada ad çəkilmədən bildirilirdi ki, qadın millət vəkillərindən biri hansısa bir iş adamına pul atıb. Mən həmin adamdan bu qadın millət vəkilinin adını soruşanda mənə tamamilə başqa bir deputatın adını söylədi. Yəni xəbəri yaymağımıza baxmayaraq, bizim özümüz həmin qadın millət vəkilinin kim olduğunu bilmirdik. Nəticə etibarilə o oldu ki, gözləmədiyimiz halda xəbər çox böyük rezonans doğurdu.

– Kim idi bu informasiyanı yayan?

– Onun kimliyi artıq mətbuatda açıqlandı, o baxımdan bir daha təkrarlamağın mənası yoxdur. Bir şey demək istəyirəm. Bəzi məmurlar, iş adamları, bəzi deputatlar elə hesab edirlər ki, onların tutduqları post səlahiyyətlərinə dəxli olmayan xüsusi imtiyazlar verir onlara. Onların yanlarında hətta qoluzorlu dəstələr də fəaliyyət göstərə bilər. Artıq kənardan nə cür təsir bağışladıqları, səlahiyyət hədlərini aşdıqları onları maraqlandırmır. Bu mənada onlar başqalarının üzərinə getməmişdən əvvəl, öz fəaliyyətlərinə də nəzər yetirməlidirlər. Başqalarının buraxdıqları səhvləri onlar buraxmamalıdır. Əgər bir başqası səhv addım atıb belə bir hərəkətə yol veribsə, deputat və yaxud da üzdə olan hər hansı bir ictimai xadim həmin adamın buraxdığı səhvi buraxaraq o səhvi təkrarlaya bilməz. Əks təqdirdə o adamla onların heç bir fərqi olmayacaq. Bu mənada artıq yaşının az və ya çox olmasından, tutduğu vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq hər iki tərəf bərabər balans yaradır. O baxımdan, elə mənim özüm də yaşımın az olmasına baxmayaraq, həmin həddi gözləməyə çalışıram və bu məsələdə də öz sözümü deməkdən çəkinmədim və prinsipial mövqe nümayiş etdirərək bir xəbər işlədim, onu da saytımıza yerləşdirib həmin adamların cavablarını verdim və sübut etdim ki, bu cür hərəkətləri, bu cür mövqeləri heç nəyə yaramır.

Bəzi adamlar var ki, – onların adlarını indi çəkmək istəməzdim – onlaran adları bu gün də mətbuatda qalmaqallarla hallanır.

– Qoçu dəstəsi…

– Bəli, qoçu dəstəsi. Özü də ölkənin elə strateji qurumlarının adlarından istifadə edirlər ki, o qurumlarn rəhbərləri əslində mətbuata ən normal, ən yaxşı münasibət göstərən adamlardır. Amma onların adlarından istifadə edən adamlar tək bu ad altında öz işlərini görmürlər, həm də həmin qurumun rəhbərliyinin adına xələl gətirirlər. Bu cür hallara son qoymaq lazımdır. Əgər mətbuatda hər hansı bir məqalə dərc olunubsa və bu, kimlərinsə xoşuna gəlməyibsə, o zaman qoluzorlu hərəkət etmək əvəzinə, həmin məqalənin cavabını verə biləcək ikinci bir yazı hazırlamalıdır və «cavab haqqı» olaraq həmin mətbu orqanda bu yazıların dərc olunmasını tələb etməlidir. Bunun alternativi yoxdur. Bu gün hansısa vəzifədə oturan hansısa bir şəxsin ola bilsin ki, keçmişində heç də yaxşı olmayan nümunələr olub. Heç olmasa onlara görə hərəkətərinə diqqət etməlisən və normal davranmalısan. Amma özlərini elə aparırlar ki, elə bil bu ölkəni bunlar yaradıblar, müstəqilliyimizin qazanılmasında bunların əvəzolunmaz xidmətləri olub. Mən hər zaman bu cür yanaşmalara etiraz etmişəm. Düzdür, mənə tutduğum mövqeyə görə bəzən «iqtidarın adamı» adını da verirlər, amma mən belə hallarda öz mövqeyimi bildirəndə məmurların narazılığı ilə qarşılaşıram. Onlar elə bilirlər ki, tutduqları yoldan asılı olmayaraq, yaxşı və ya pis, ağ və ya qara bütün əməllərini dəstəkləməliyəm. Ayrı-ayrı adamlar var deyirlər ki, nə ehtiyac var idi bunu yazmağa, deməyə… Amma mən də deyirəm ki, əgər dövlət başçısının özü ortada olan problemlərin adbaad səsləndirilməsinin lehinədirsə, o zaman bunları gizlətməyin heç bir mənası yoxdur. Cənab prezident bütün çıxışlarında ölkədə gedən müsbət proseslərlə yanaşı, həm də neqativ hallara toxunur. Korrupsiyaya qarşı mübarizə də cənab prezidentin əmri il həyata keçirilir. İndi bəzi məmurlar var ki, şəxsi mənafelərinə toxunulmaması naminə bütün mübarizə vasitələrindən istifadə edirlər. Müstəqil fikir yürüdən adamlara da «müxalifətçi» damğası vururlar. Mən belə fikirlə razılaşmıram, əslində hesab edirəm ki, tərəfimizdən elə materiallar hazırlanır ki, bu hakimiyyətin ən yüksək eşalonunda çox müsbət qarşılanır. Ancaq hakimiyyəti kənardan-kənara müdafiə edən adamlar adama «müxalifətçi» damğası vuraraq zərərsizləşdirməyə çalışırlar. Mənim üçün əsas olan siyasi iradədir. Siyasi iradəm də ondan ibarətdir ki, Azərbaycan bu gün demokratik inkişaf yolunu tutub və həmin inkişafda mətbuatın da inkişafı nəzərdə tutulub. Mətbuatın inkişafı da azad və müstəqil sözdən keçir.

– Cənab prezidentin özü haqqında yazmaq olar, yoxsa olmaz?

– Niyə olmur? Siz özünüz o qədər tənqid etmisiniz ki…

– Mən tənqid etmişəm, amma sizdə tənqidi fikirlərə rast gəlməmişəm…

– Hərənin bir yanaşması var də… Siz bütün problemlərin kökündə prezidentin durduğunu iddia edirsiniz, amma mən hesab edirəm ki, problem harada varsa, o sahəyə rəhbərlik edən şəxsdə qəbahətləri axtarmaq lazımdır. Bu gün təhsil ən çox qayğı ilə əhatə olunmuş sahədir. Hətta H.Əliyev Fondu da birbaşa olaraq bu sahənin inkişaf etdirilməsi üçün əlindən gələni etməyi əsirgəmir. Amma bu gün təhsil nazirinin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, təhsil sahəsi bərbad vəziyyətdədir.

– Yəni deyirsiniz ki, əgər qurum bərbad vəziyyətdədirsə, demək, onun başında duran adam yarıtmaz fəaliyyət göstərir?

– Bəli. Məsələn, biz bu yaxınlarda Kəmaləddin Heydərovun 50 illiyi münasibətilə bir yazı hazırlamışdıq və orada qeyd etmişdik ki, vəzifə Kəmaləddin Heydərovu irəli aparmır, Kəmaləddin Heydərovun özü vəzifəni irəli aparır. O, hələ Gömrük Komitəsinin sədri işlədiyi dövrdə də o komitə digərlərindən daha nüfuzlu komitə idi. Bu gün Fövqəladə Hallar naziridir, yenə də bu sahə digərlərindən inkişaf etmiş sahədir və mən inanıram ki, əgər sabah Kəmaləddin Heydərov təhsil naziri olarsa, o sahəni də digərləri kimi çox nüfuzlu bir sahəyə çevirəcək.

– Bu gün Kəmaləddin Heydərovun yalnız müsbət məziyytlərini görmək və onun haqqında yalnız müsbət danışmaq, müsbət yazmaq çox asandır. Amma onun fəaliyyətini tənqid etmək, daşıdığı vəzifədən sui-istifadə edərək bir monopolist kimi iqtisadiyyatda monopoliya yaratdığını, ölkəni talayan adamlardan biri olduğunu sübut etmək və bütün bunları yazmaq daha çətindir…

– Yox, çətin deyil. Bu sizin fikirlərinizdir. Amma mən hər zaman elə hesab edirəm ki, mətbuatda yazılan bütün fikirləri doğru, göstərilən sübutları da həqiqət kimi qəbul etmək düzgün deyil. Mən özüm illərlə qəzetlərdə işləmişəm, mətbuatda olan adam kimi o yazıların çoxunun nə cür yazıldığının şahidi olmuşam. Qəzet çapa gedərkən manşet yazı tapa bilməyəndə bir çox hallarda jurnalistlər bu adamlar haqqında özlərindən xəbər uydurublar. O baxımdan, mən heç də hər zaman bu xəbərlərə inanmıram.

– Mən ciddi jurnalistikadan bəhs edirəm. Qeyri-ciddi jurnalistikada nələrin baş verdiyini biz də eşitmişik, bilirik. Gəlin yazaq. Yazaq ki, Kəmaləddin Heydərov çox gözəl bəstəkardır, gözəl mahnıları var, bu mahnılar onun incə qəlbinin olmasından xəbər verir. Amma müsahibə bitəndən sonra mən sizə bir şəkil göstərəcəm və bunun da şəxsən Kəmaləddin Heydərovun əmri ilə edildiyini biləcəksiz (XuralTAC-a daxil odan bu dəhşətli şəkil yaxın günlərdə manşetdən Oxuculara təqdim olunucaq – Red.). Məsələn, onu etmək olmaz. Onu etmək vəzifə səlahiyyətini aşmaqdan xəbər verir və bu dövlətin insanlarına kölə kimi yanaşmanı sübut edir. Kəmaləddin Heydərov tikdirdiyi növbəti villalarından birinin 6 metrəlik hasarından daha yüksəkdə duran iki 9 mərtəbəli binanın onun evinə baxan hissəsindəki eyvanlara açılan pəncərələrin hamısını daşla hördürtdürüb. Bunu etmək olarmı? Özü də fövqəladə hallar nazirinə…

– Mən bu hadisədən məlumatlı deyiləm. Amma bildiyim odur ki, çox vaxt elə adamların adından istifadə edən adamlar da çox olur. Bəzən elə xırda məsələlərdə elə böyük adamların adları çəkilir ki, ümumiyyətlə, onun o işi görə biləcəyinə inanmırsan. Azərbaycan ictimaiyyəti elədir. Əgər bir adam haqqında söz-söhbət gəzirsə, o da buna qoşulur. Bu da düzgün deyil. Ən yaxşı halda elə ola bilərdi ki, bu anlaşılmazlıqlara Kəmaləddin Heydərovun özü şəxsən cavab verəydi.

– Buyurun, özündən müsahibə götürün.

– Kimdən?

– Kəmaləddin Heydərovdan…

– Özünə müraciət etməmişik. Əgər müraciət etsək, inanmıram ki, vaxtı olduğu müddətdə bizə müsahibə verməsin. O, mətbuata müsahibə verməkdən çəkinən adam deyil. O, mətbuata kifayət qədər yaxşı yanaşması olan adamdır. Kimin haqqında bu qədər mətbuatda olan və olmayan şeylər yazsaydılar, yəqin ki o adam Kəmaləddin Heydərov qədər səbr və dözüm nümayiş etdirməzdi.

– Bəs Kəmaləddin Heydərov haqqında müsbət yazı yazmaq sərbəstdirmi? Çünki eşitdiyimə görə onun haqqında müsbət yazı yazmaq monopoliyası da Vüsalə Mahirqızına məxsusdur?..

– O monopoliyadan xəbərim yoxdur. (Gülür…) Ancaq mən kiminsə haqqında hansısa materialı yazanda mənə qadağa qoymurlar.

– Ola bilsin ki, hər hansı materialı yazanda qadağa qoymasınlar, amma deyirlər, Kəmaləddin Heydərovu tərifləməyin yolu APA-dan, Vüsalə Mahirqızıdan keçir. O icazə versə, bəlkə nəsə yazmaq olar. İcazə verirmi?

– Yazı yazmışam, amma icazə almamışam. (Gülür…) Mən belə bir münasibətin şahidi olmamışam.

– Nüşabə Ələsgərli ilə də böyük qalmaqal yaşadınız. Onun nəticəsi nə oldu?

– Nüşabə Ələsgərli telefonla bizimlə əlaqə saxladı və üzv istədi.

– Hadisədən sonra?

– Bəli. Dedi ki, hadisədə əsəbi olmuşam və nə dediyimi bilməmişəm. Amma bu hadisədə Nüşabə Ələsgərlinin bizdən üzr istəməsindən daha çox, hadisəyə DİN orqanlarının münasibəti məni məmnun etdi. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan müəllim bizi qəbul etdi. Tək bizi yox, həmin hadisədə iştirak edən yol polisi əməkdaşlarını da… Hətta mənim bildiyim qədərincə həmin əməkdaşların bir neçəsinə töhmət də verilmşdi. Bilmirəm nə üçün, amma verilmişdi. Ola bilsin ki, onlar daxili qaydaları pozduqları, yaxud da haradasa yanlışlığa yol verdikləri üçün töhmət aldılar. Yəni DİN-in münasibəti çox qaneedici oldu. Bundan sonra Nüşabə Ələsgərlinin də hüquqazidd hərəkət etdiyi ortaya çıxdı və o bizdən üzr istədi. Biz Bakı Şəhər DYPİ ilə birlikdə əyləşdik və onlarn təkidi və istəyilə kompromis variantla razılaşdıq. Həmin vaxt o da ortaya çıxdı ki, Nüşabə Ələsgərlini hadisə yerindən buraxdıran adam da orta səviyyəli DYP əməkdaşı olub və onun səlahiyyət həddini aşaraq yol verdiyi qanunsuzluq, onun özünə baha başa gəldi. Onun kimliyini açıqlamaq istəməzdim, çünki bu bizim daxili söhbətlərimizə aiddir. Amma buradan aydın oldu ki, orta səviyyəli bir əməkdaşın özbaşına atdığı bir addım, yol verdiyi qanunsuzluq, böyük bir sistemin, strukturun adına ziyan gətirdi. Nəticə etibarilə də ictimaiyyət həmin strukturlar haqqında pis rəyə sahib olurlar və onlarda bu qurumlara qarşı bir etimadsızlıq, güvənsizlik yaranır. O mənada mən bayaq da qeyd etdiyim kimi, bəzi xırda adamlar böyük adamların adından stifadə edərək, onları da çıxılmaz vəziyyətə salırlar. O mənada, həm də iqtidar tərəfdə olduğunu nümayiş etdirən adamlar öz fəaliyyətlərinə nəzər yetirməlidirlər və atdıqları hər addıma diqqət etməlidirlər. Onlar öz fəaliyyətlərini iqtidarın fəaliyyəti ilə paralel şəkildə qurmalıdırlar və ona uyğunlaşdırmalıdırlar. Əks halda onların fəaliyyəti hakimiyyətə xeyirdən çox ziyan vuracaq. Elə bu hadisənin özü də göstərir ki, hər bir sahəyə rəhbərlik edən məmur mənfi və ya müsbətilə həmin sahəyə cavabdehdir. O yaxşı rəhbərdirsə, həmin sahədə qüsurlar az, pisdirsə, çox olur.

– Yəni o məsələ bitdi?

– Bitdi, bəli.

– Kim idi Nüşabə Ələsgərlinin müdaifəsinə qalxan?

 – O, DİN-də aşağı vəzifə daşıyan əməkdaşlardan biri idi. Amma o, kifayət qədər qanunsuz hərəkətə yol verdi, baxmayaraq ki, həmin vaxt orada mətbuat nümayəndələrinin iştirak etdiyini bilirdi, ancaq onlara məhəl qoymadı, Nüşabə Ələsgərlini buraxdı. Bir şey təəssüf doğrurur ki, bu gün Azərbaycanda şou sahəsində pul qazanan adamlar, qanun keşikçiləri, ictimaiyyət qarşısında layiq olmadıqları iddianı ortaya qoyurlar. Təəssüf ki, kifayət qədər ciddi nüfuza malik adamlar var ki, çox vaxt belələrini müdafiə edirlər. Onların bir-biriləri ilə nə kimi əlaqələri olduğunu bilmirəm, ancaq onu bilirəm ki, şou-biznesdə olan bu adamlar ictimaiyyətdə birmənalı qarşılanmırlar. Vəzifəli şəxslərlə ölkə ictimaiyyəti arasında bir təbəqələşmə yaradır. Təsəvvür edin ki, ziyalı bir adam deyir ki, nə üçün mənim işim düşəndə mənə hansısa müğənniyə olunan hörmət qədər hörmət olunmur? Mən də hər zaman onun tərəfində olmuşam ki, əgər dövlət tərəfindən kiməsə xüsusi imtiyaz varsa, birinci, ona layiq olan adamlara verilməlidir. Yox, əgər imtiyaz yoxdursa, o zaman heç kim xüsusi hörmətlə seçilməməlidir. Bir daha təhsilimizlə bağlı bir məsələyə keçmək istərdim. Məsələn, mən elə hesab edirəm ki, attestat almaqla bağlı keçirilən test imtahanları ləğv olunmalıdır. Bu, həm dövlət büdcəsindən əlavə pulların izafi olaraq xərclənməsinə gətirib çıxarır, həm də şagirdlərin özünəinamını azaldır. Bu, şagirdlərə əlavə psixoloji zərbədən başqa bir şey deyil. Ortada doğru olan bir məntiq var. Əgər şagird 11-ci sinfə qədər gəlib çıxıbsa, demək, məktəb hər il bu şagirdi sinifdən-sinfə keçirməklə onun təhsilində qane olduğunu sübut edib. Şagird 11-ci sinfi bitirir və attestat almaq üçün test imtahanı verir. Əgər o, bu imtahandan lazım olan balı toplamırsa, demək, burada əsas günahkar məktəb və müəllimlər, nəhayətində onlara rəhbərlik edən təhsil naziridir. Bir şagirdin 11 il müxtəlif fənnlərdən təhsil alması üçün dövlət külli miqdarda vəsait xərcləyir. O zaman şagirdləri bu qədər ağır psixoloji duruma salmaq nəyə xidmət edir? Bu il 6 min şagird attestat imtahanlarından kəsildi. Bunun özü göstərici deyilmi? Ya həmin uşaqları 9-cu sinifdən çıxarıb hansısa peşə məktəbinə istiqamətləndirmək olardı, ya da əgər heç bir şərtə cavab vermirdisə, vaxtında məktəbdən xaric olunmalı idi. Bunların heç biri edilməyib. Artıq belə məqamda məsuliyyəti şagird və onun valideynləri deyil, təhsil nazirinin özü daşıyır. Onu da nəzərə alsaq ki, attestat imtahanı verən şagirdlərin 80 faizi repititor yanına gedir və heç də təhsil nazirliyinin göstərdiyi xidmətlərdən lazımınca yararlanmır, o zaman nazirliyin nə dərəcədə yarıtmaz bir işlə məşğul olduğunu daha yaxşı görərik. Təhsil naziri əgər öz səlahiyyətlərini yerinə yetirə bilmirsə, deməli, vəzifədən getməlidir.

Yəni hesab edirsən ki, bu gün təhsil naziri vəzifəsindən istefa versə, sabah təhsilimizdəki bütün problemlər öz müsbət həllini tapacaq?

– Bəli, hesab edirəm ki, bu gün təhsil nazirinin universitet rektorlarının, hətta elə məktəb direktorları var ki, onların yanında sözü keçərli deyilsə, o zaman hansı strukturdan və idarəetmədən söhbət gedə bilər? Bu gün Azərbaycanda prezident tərəfindən 2010-2015-ci illər üçün Gənclər proqramı təsdiqlənib. Bu da dövlətin gənclərə olan münasibətinin göstəricisidir. Amma bəzi nazirlər, rektorlar hesab edirlər ki, hər hansı gənc təşkilatların onların rəhbərlik etdikləri qurumlarda tədbirlər keçirməsi mümkünsüzdür, çünki onların həmin gənc təşkilatın rəhbəri ilə şəxsi tanışlıqları yoxdur. Halbuki biz də dövlət proqramının həyata keçirilməsi üçün əlimizdən gələn köməkliyi göstərməyə çalışırıq. Çalışırıq ki, bu işdə az da olsa, bizim də payımız olsun. Bu gün gəncliyimizin dövlət problemlərindən uzaq olması, çıxış yolları axtarmaqda maraqlı olmaması və digər laqeyd yanaşmalarının hamısı da məhz məktəblərdən qaynaqlanır. Onlar elə şəraitdə təhsil alıb böyüyürlər ki, şəxsi mənafelərindən başqa ümummilli məsələlər yadlarına belə düşmür. Təsəvvür edin, bu gün 700 balla prezident təqaüdü alan elə tələbələrimiz var ki, ölkənin problemlərindən tam xəbərsizdir. Biabırçılıqdır və bu cür gəncliklə heç bir iş görmək olmaz, onlar tam faydasızdırlar. Bizim təşkilatımızın da məqsədi odur ki, dövlət proqramına qoşulaq və öz töhfəmizi verək. Amma bir sıra təhsil ocaqları var ki, bizə imkan vermirlər. Düzdür, Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, «Odlar Yurdu» Universitetinin rektoru Əhməd Vəliyev gənclərin fəaliyyəti üçün tam açıqdırlar, amma elə yaşlı rektorlar var ki, onların rəhbərlik etdikləri təhsil sahələrində hər hansı tədbir keçirmək qeyri-mümkündür. Nəzərə alsaq ki, hələ iqtidaryönlü gənclərə münasibət bu cürdür, görün, indi müxalifətçilərə, müstəqillərə münasibət necə qurulub. Bütün bunları İlham Əliyevin adına bağlamaq düzgün olmazdı. Elə tədbirlərimiz olur ki, tənqidi fikirlərimizi də sərbəst şəkildə bildiririk. Universitetlərdə gənclər təşkilatları universitet rəhbərliyinin tam nəzarəti altındadır, istər fəaliyyət, istərsə maddi baxımdan. Çox yaxşı olardı ki, bu sahədə gənclərə müstəqillik və sərbəstlik verilsin. Tələbə Həmkarlar Təşkilatları, Tələbə Gənclər Təşkilatları mütləq şəkildə sərbəst olmalıdır. Gənclərin əl-qollarını hansısa qadağalarla bağlamaq olmaz…

– «Qaynarinfo» ilə bağlı nə planlarınız var?

– Sentyabr ayında saytın dizaynında dəyişiklik edəcəyik. Yeni əməkdaşlar dəvət etmək fikrimiz də var. Bununla yanaşı, gənclərlə bağlı yeni dərgi nəşr etdirmək niyyətindəyik və onun regionlarda, bölgələrdə yayımlanmasını yaxşı təmin etdiyimiz halda böyük bir axın yaratmaq olar. Gənclərin mədəni tədbirlər həyata keçirməsi və müzakirələr aparması üçün də bir məkanın yaranmasına cəhd göstərəcəyik. Gənclərin siyasi aktivliyini artırmaq üçün bir tədris məkanı olmalıdır. «Qaynarinfo»nun əsas fəaliyyət sahələrindən biri də odur ki, Azərbaycanla bağlı beynəlxalq aləmdə baş verən siyasi hadisələrə öz mövqeyimizi nümayiş etdirək. Bir mətbu orqanın rəhbəri olmazdan əvvəl bir vətəndaş olmalıyıq. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, 11 martla bağlı hadisələr oldu. Gənclər etiraz aksiyası keçirməyi planlaşdırdılar. O zaman bu hadisələrlə bağlı bir yazı yazdım və orada məni çox ağrıdan bir məqama toxundum. Məni ağrıdan o oldu ki, hakimiyyətin mandat verdiyi, maşın, ev, vəzifə verdiyi gənclərin hamısı qaçıb gizləndi. Ortada 1-2 nəfərdən başqa heç kim qalmadı və onların da gətirdikləri arqumentlər lazımi effekti vermədi. Bəzən müxalifətlə bağlı kəskin mövqe qoyanda mənə etiraz edirlər ki, sən bu hakimiyyəti aşırı müdafiə edirsən, hətta məni yaltaqlanmaqda ittiham edənlər də olur. Ancaq söhbət tək yaltaqlanmaqdan getmir, söhbət ortaya konkret mövzu qoyub, onu müdafiə etməkdən gedir. Mən inanmadığım bir məsələdə necə dirəniş göstərə bilərəm? İnanıram ki bütün bu işləri də görürəm də… Ancaq görünür hakimiyyəti müdafiə etməkdə nümayəndə seçilən gənclər hakimiyyətə inanmadıqları üçün onu müdafiə edə bilmirlər.

Kimləri nəzərdə tutursunuz?

– Cəmiyyətimiz onları yaxşı tanıyır, ad çəkmək istəmirəm – hakimiyyətin seçdiyi əksər gənclər. Azərbaycan ictimaiyyəti tərəfindən tanınmayan, adlarını belə eşitmədiyimiz gənclər bir də görürsən ki, ölkənin siyasi stabilliyinə zərər gətirəcək işlərlə məşğul olurlar. Təbii ki, bunların məqsədi ölkənin tərəqqisinə nail olmaq deyil, xaricin sifarişlərini yerinə yetirməkdir və cəmiyyət bunu görür. Siyasi etikadan əvvəl hər bir insanda «kişilik gərəyi» olmalıdır. Elə gənclər var, özlərini bitərəf kimi göstərirlər ki, bəlkə vəziyyət dəyişər, vəziyyətlə bərabər hakimiyyət də dəyişər, o zaman hakimiyyətə  kim gəlsə onun tərəfindən çıxış etsinlər. Tam biabırçılıqdır. Bir şeyi bilirəm ki, o gənclər həm müxalifət, həm də iqtidar üçün çox təhlükəlidir. Belə problemlər mxalifət düşərgəsində də mövcuddur. Məsələn, mənim şəxsən, çox yaxından tanıdığım bir ənfər var ki, səhərlər radikal müxalifətçidir, axşam isə tam olaraq hakimiyyəti müdafiə edir.

Sizin anonim danışmağınızın nəticəsidir ki, bütün problemlər həll olunmamış qalır

– (Gülür)… Mən konkret ad çəkməyəcəm, amma ipucu verəcəm. Konkret AXCP-nin üzvü olan jurnalistlər var ki, onlar AXCP sədrinə parlamentdə «üzdəniraq» deyən bir icra başçısı ilə axşamlar görüşür, yeyib-içir, hətta ondan pul alıb ciblərinə qoyurlar. Əgər bu hakimiyyət müxalifətin dediyi kimi pisdirsə, xərclədiyi pullarda çirkli pullardırsa, o zaman niyə icra başçısından çox rahatlıqla pul alırlar? Onlar səhər tənqid etdikləri adamlara axşam deyirlər ki, çarəm yoxdur, ona görə belə deyirəm.

Sən şəxsən bunun şahidi olmusan?

– Bəli, mən şəxsən bunun şahidi olmuşam. Qardaşı hansısa məmuru tənqid edir, sonra da parlamentdə özü o deputatla qol-qola gəzir. Biz belə adamlara nə cür inana bilərik? Bu cürləri bir qədər fərqli formada iqtidarda da var. Onlar sadəcə başa düşürlər ki, bunu açıq şəkildə edə bilməzlər. Digər tərəfdən, əgər hakimiyyət bu gənclərdən hər hansınasa etimad göstərərək deputat qoyubsa, həmin gənc mütləq şəkildə hakimiyyətin mövqeyini ortaya qoymalıdır…

Kim?

– Ad çəkmək istəmirəm. Mən bunu onların özlərinə də demişəm. Bu gənclərin etdikləri hərəkət hakimiyyətə qarşı etimadsızlıq yaradır ki, nə oldu bizim adamlarmız, niyə lazım olanda ortaya çıxmırlar? Məni tanıyan adamlar çox gözəl bilirlər ki, hakimiyyəti dəstəkləməyim tam səmimidir və buna görə heç bir vaxt hakimiyyətdən nəsə almamışam. Vəziyyətimi bilənlər yaxşı bilirlər ki, sıradan biri kimi həyat tərzi sürürəm.

Topdan yox, demək, pərakəndə dəstək alırsan?

– Yox, söhbət müdafiəyə görə verilən dəstəkdən gedirsə, mən hər zaman olduğum yerdən – bu gün də əlimizdəki saytla hakimiyyətə dəstək vermişəm, rəhbərlik etdiyim gənclər təşkilatı adından da bunu edirəm. Özü də tam səmimi şəkildə. Söhbət ondan gedir ki, istər Mətbuat Şurası, istərsə də KİVDF tədbirlərinə elə adamları çağırırlar ki, buna onların haqqı çatmır. Biz hər zaman hakimiyyəti müdafiə edirik və edəcəyik. Burada söhbət mənəvi tərəfdən gedir. Həmin tədbirlərdə iştirak edib-etməməyimiz xüsusi əhəmiyyət kəsb etmir, sadəcə bu qurumlar da hakimiyyətə kimlərin dəstək verdiyini yaxşı bilməlidirlər. Biz məcbur oluruq ki, daha ali instansiyalara şikayətimizi bildirək. Demək istəyirəm ki, hakimiyyəti uzun illər müdafiə edən adamlar var ki, bu cür laqeydliyin və etinasızlığın qurbanı olduqları üçün narazı düşüblər. Məsələn, Elşad Musayev 17 saylı Seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Bu adam Azərbaycanın kifayət qədər radikal, sərt müxalifətçilərini susdura biləcək qədər böyük istedad və fikrə sahibdir. Nə oldu? Nə iqtidar ona sahib çxdı, nə də müxalifət. Azərbaycan bu gün elə prinsiplər üzərində yaşayır ki, sədaqət o prinsiplərə aid deyil. Bu gün həqiqi sədaqətli olan insanlar aktiv fəaliyyətdən kənarda qalır, üzdə bir, arxada başqa cür olan adamlar isə əksinə, hakimiyyət tərəfindən dəstək alırlar. İqtidar belə adamlarla çox da uzağa gedə bilməz. Çalışmaq lazımdır ki, belələri hakimiyyət tərəfindən əslində pis günlərin dostu olan sədaqətli insanlarla əvəz edilsin. Yəqin ki, belə də olacaq, çünki zaman göstərəcək ki, belə adamlardan heç bir halda yol yoldaşı olmaz.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button