Babək Hüseynoğlunun ölümündən 5 il keçir…

Babək Hüseynoğlunu anarkən…

Birinci xatirə…

İllər əvvəl – 1996-cı il idi. Türkiyədə təhsil alırdım. Gəncliyimizin ən qaynar və iddialı vaxtları idi və Ankarada «Böyük Gələcək» jurnalını nəşr edirdim. İlk vaxtlar mənə elə gəlirdi ki, XX əsrin ikinci yarısından Türkiyədə və dünyada təhsil alan tələbələrin nəşr etdirdiyi ilk dərginin təşəbbüskarı olduğum üçün hamı tərəfindən təqdir olunacaq, dəstəklənəcəyəm. Təəssüf ki, elə olmadı və mən dəstək əvəzinə köstəklə qarşılaşdım.

Birinci sayını dərc edib Azərbaycana gəlmişdim. Təxminən yay ayları idi. Hər gələndə dostlarla görüşər, hal-əhval tutardım. Babək Hüseynoğlu da hal-əhval tutmalı olduğum siyahıda idi. Açığı, bir az da ümidsiz idim onunla görüşəcəyimdən. Çünki biz sıravi tələbə idik, amma Babək bəy Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin prezidenti. Dost dediyin və hər gün dərdləşdiyin adamlar vəzifənin meşin qapılarının ardından adamları görməz olur. Amma Babək bəy elə deyildi…

Televiziyanın girişindən keçib Babək Hüseynoğlunun kabinetinin ağzına qədər gəldim. Köməkçiyə kimliyimi və haradan gəldiyimi söylədim. Çox nəzakətlə Babək Hüseynoğlunun yerində olmadığını söylədi və sonra gəlməyimi xahiş etdi. Gəlmişkən, gətirdiyim «Böyük Gələcək» dərgisinin ilk sayından bir neçəsini qoyub televiziyanı tərk etdim. «Əgər imkanı olsa, sonra görüşərik» dedim. Bununla da məsələni bitmiş hesab etdim…

Axşam evdə tamam başqa bir mənzərə ilə qarşılaşdım. Atam hər zaman AzTV-nin axşam-ana xəbərlərinə baxardı. Mənə də hər zaman tövsiyəsi o olurdu ki, ölkədə baş verənlərə hakim olmaq üçün mütləq xəbərlərə baxmaq lazımdır. Nədənsə, digər kanalların xəbərlər proqramlarına olduğu kimi, dövlət televiziyasının əsas xəbərlərinə baxmaq da atamın adəti idi. Saat 20.00 xəbərləri yenicə başlamışdı ki, həyəcanla məni çağırdılar. Heyrət! Rəsmi xəbərlərdən sonra təxminən 7-8 dəqiqə AzTV-nin ana xəbərləri «Böyük Gələcək» dərgisindən və orada yazılan əsas yazılardan xəbər vermişdi. Bu, o zaman üçün də, elə indiki zaman üçün də böyük və görkəmli bir hadisədir. Bir gəncin ürək ağrısı ilə çıxardığı, böyük iddialarla yaşadığı gənclik illərində ona belə diqqət göstərmək hər dövlət məmurunun işi deyildi. Babək Hüseynoğlu tanımaya-tanımaya, görüşməyə-görüşməyə bu diqqəti etmiş, bizi qanadlandırıb göylərə uçurmuşdu…

Mən bu hadisəni heç unutmadım…

İkinci xatirə…

«Böyük Gələcək» jurnalının tanıtımından sonra Babək Hüseynoğlunun köməkçisi ilə əlaqə saxladım və Babək bəylə görüş aldım. Ankaradan və İstanbuldan bir neçə tələbə bir araya gəlib onunla görüşə getdik. Mənə münasibətinin yaxşı olacağını təxminən hamı bilirdi. Çünki AzTV-nin efirindən «Böyük Gələcəy»in təqdimatını görmüşdülər. İstanbuldan bir qrup tələbə yoldaşımız bir gəncin AzTV-nin Türkiyə üzrə müxbirliyi məsələsini xahiş etdilər və indi adı yadımdan çıxan həmin gənci də götürüb Babək bəyin yanına getdik. Bizi çox yaxşı qarşıladı. Xeyli söhbət etdik. Səyyad Ağbabalını çağırdı və bizimlə görüşdən bir reportaj hazırlanmasını xahiş etdi və dərhal Səyyad Ağbabalının tapşırığı ilə kameralar gəldi. Sonra bizi Qulu Məhərrəmliyə tapşırdı. Bizdən beynəlxalq məsələlərin şərhçisi kimi onun həftəlik proqramlarında çıxışımızın təmin olunmasını xahiş etdi. Hətta Qulu Məhərrəmli məni və bir tələbə yoldaşımı bir neçə dəfə çəkilişə çağırdı. Çəkildik də… Amma təbii ki, böyük ehtimalla yetərsiz olduğumuz üçün efirə çıxa bilmədik…

Hə… O zaman mən Babək Hüseynoğludan həmin İstanbulda təhsil alan o tələbənin İstanbul müxbiri təyin olunması xahişini etdim. Sonra həmin tələbə uzun illər İstanbuldan və Türkiyədən AzTV-yə reportajlar hazırladı (Deyəsən, indi də haradasa AzTV sistemindədir). Amma mən onu bir daha görmədim. Bir neçə dəfə Babək Hüseynoğlunun əleyhinə danışdığını, reportajlar verdiyini eşitdim. Çox sarsıldım… Hətta bunu bir dəfə Babək bəyin özünə də dedim. O tələbənin xahişini mənim etdiyimi və Babək bəyin onu işə düzəltdiyini… Babək bəyin yadından çıxmışdı. Mənim kimi…

Bu hadisəni də unutmuram…

Üçüncü xatirə…

Bir neçə say çıxandan sonra iqtisadi vəziyyətimiz gərginləşdi. Hər zaman olduğu kimi, maliyyə baxımından sıxışmağa başladıq. Ankara bahalı şəhər idi. Dövlətin rəsmi qurumlarının Türkiyədə yerləşən uzantıları tələbələrlə maraqlanmır, maraqlananlar da dərgi çıxarmağımızı həzm edə bilmirdilər. Amma biz Azərbaycan gəncliyini Ankaranın və Türkiyənin ən iri salonlarına daşıyır, gecə-gündüz demədən çalışırdıq. Oradakı Azərbaycan Dərnəkləri də bərbad iş rejimi ilə çalışırdılar. Hər kəs və hər şey ideoloji idi. Heydər Əliyevi dəstəkləyənlər Əbülfəz Elçibəy tərəfdarlarına düşmən kimi baxır, Əbülfəz Elçibəyi dəstəkləyənlər Heydər Əliyev tərəfdarlarına vətən xaini deyirdilər. Həm Elçibəyi dəstəkləyənlər, həm də Heydər Əliyev tərəfdarları müstəqil fikri olanları yaxın buraxmır, belə adamlara hər cür əngəl törədirdilər. Belə bir məqamda biz bir qrup gənc sadəcə Azərbaycan üçün «Böyük Gələcək» jurnalı dərc edirdik.

İqtisadi imkanların tamam tükəndiyi vaxtda bir ideya atdıq ortalığa. Ki, Azərbaycana gedək və ictimai-siyasi statuslu adamlardan dərginin gələcək saylarının nəşri üçün pul toplayaq. Rəsmi siyahılar dərc etdik. O siyahılarla Azərbaycana gəldik. İndi qarşımda olan bu siyahıda bizə kimin nə qədər yardım etdiyi yer alıb. Məsələn,

Sərdar Cəlaloğlu – 10.000 manat (yəni 1 «şirvan»);

Əli Kərimov 10.000 manat;

Nemət Pənahlı 20.000 manat;

Zərdüşt Əlizadə 10 ABŞ dolları;

İlyas İsmayılov 10.000 manat;

Etibar Məmmədov 150.000 manat;

Əli Nağıyev 20.000 manat;

İsa Qəmbər 50 ABŞ dolları və s.

Babək Hüseynoğlu siyahıya baxmadan – digərləri siyahıya baxır, əvvəlki rəqibindən çox pul verirdilər – 100 ABŞ dollar yardım etdi və təsirləndi. Ona bizim bu üsulla jurnal çıxarmağımız pis təsir etmişdi və təəssüflənirdi ki, vəzifədə olan zaman bizim ehtiyaclarımızdan xəbəri olmayıb…

Bu hadisəni də unutmuram… Unutmaram…

Xatirələr… Xatirələr…

Beləcə, zamanla biz Babək Hüseynoğlu ilə dost olduq. Artıq o xatirələr tək-tək deyil, onlarla, yüzlərlədir. Bəlkə bütün bunlar bir zaman iri yazılara da çevrilə bilər. Əsas odur ki, mən hər zaman Babək Hüseynoğlunu gəncliyimin ən yaddaqalan bu üç xatirəsi ilə tanıdım. O vəzifədə olanda da, vəzifədən çıxanda da dəyişməyən adamlardan idi. İndi elə adamlar azdır və təəssüf ki, Babək Hüseynoğlu öz ömrünü bu mənada tam yaşamadı.

Əsas odur ki, Babək Hüseynoğlunun nurlu xatirəsi həmişə mənim xatirəmdə yaşayacaq…

Əvəz Zeynallı

1996-1998-ci illərdə Ankarada nəşr olunan «Böyük Gələcək» dərgisinin naşiri,

«Xural» qəzetinin hazırkı baş redaktoru


“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

3 şərh

  1. Allah rəhmət eləsin.Onun TV-də sədr olduğu zamanda mən də işləmişəm,çox dəyərli İnsan idi.Ondan sonra neçə sədrlə işlədim,amma Babək müəllim kimi əxlaqlı,peşəkara qiymət verən sədr görmədim.Yeri behiştlik olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button