Babək mövzusu ilə əsas problem gündəmdən çıxarıldı

Fəxrəddin Hacıbəyli
15.01.2012

Rafiq Tağının qətl edilməsiylə bağli məlum bəyanat ətrafındakı müzakirələr “Babək sapıqdı, ya deyil” polemikalarına çevrildi. Buna “Bəyanatımız Babək mövzusunun muzakirəsinə təkan verdi” demək mümkün deyil, çunki bizim məqsədimiz Babəki, onun mübarizəsinin tarixi əhəmiyyətini, onun şəxsiyyətini ümumi müzakirəyə təqdim etmək deyildi. Bəyanat – adından da görsəndiyi kimi, Rafiq Tağının qətl edilməsiylə bağlı bir qrup intellektualın narahatlığının ifadəsi idi. İndi isə qətl, onun doğuran səbəb və ya arxasında duran qüvvə tamam bir tərəfdə qalıb, bəyanat çox ustalıqla başqa məcraya yönəldilib.
Babəkin “sapıqlıgı” məsələsi Azərbaycan insanı üçün müzakirə predmeti deyil. Bunu, adının on əsrdən çox qadağan edilməsi, ərəb mənbələrində adının küfrlə, aşağılamayla çəkilməsinə baxmayaraq, bu gün onminlərlə insanın onun adını daşıması, Babək adına rayon, küçə olması, ona insanlarımızın, hətta dindarların da – çox cüzi faizini çıxmaq şərtiylə – sevgisi sübut edir. Babək bu millətin yadelli işğala, qəsbkarlıga qarşı mübarizəsinin, azadlıq eşqinin rəmzidir. Babək milyonların ruhunda özünə yer etmiş bir qəhrəmanlıq simvoludur, onun bu şəkildə aşağılanaraq müzakirə predmetinə çevrilməsi ancaq barmaqla sayılacaq qədər azlığı sevindirə bilər. Çoxluğun belə bir problemi yoxdur. Bəs, nədən Rafiq Tağının qətl edilməsinə etiraz edən bəyanat mövzu ilə yaxından-uzaqdan əlaqəsi olmayan məcraya yönəldi? Məqsəd bəyanatda ifadə olunan narahatlığı ustalıqla gündəmdən çıxarmaq, bəyanatı imzalayan və onunla həmfikir olan intellektual kəsimi provokasiyaya çəkib, fərqli mövzu üzərinə qovmaq idi və bu baş tutmuş sayıla bilər. Müəyyən mənada istəklərinə nail ola, İran ayətulalarını rahatca gündəmdən çıxara bildilər.
***
Bəyanatda Babəkdən başqa Axundovun da adı çəkilir, nədən ondan heç yapışmadılar? Axı, Babəkdən fərqli olaraq Axundov daha yaxın, hətta az qala müşahidə edə biləcəyimiz qədər yaxın tarixdir, onunla manipulyasiya etmək, üzərinə qara örtük çəkib, sonra bu “qaranlığa kösöv bulamaq” çətindir. Nə də olsa, bizi onunla elə də uzun zaman məsafəsi ayırmır. Yazdıqları, duşüncələri ortada, yaşamı, kimliyi gün kimi aydın, sağlığında və ölümündən sonra ona bizlərin münasibəti də bəlli. Nə yaradıcılığına, nə də yaşamına qarayaxmaq mümkün deyil, ona “sapıqlıq”, “əxlaqsız yaşam”, “xain” damğası vurmaq istəsən də yapışmaz. Həm də Axundovu intellektual müstəvidə “saf-çürük” etmək “söyüşçü-obıvatel” səviyyəsi deyil, keçmişinə qara yaxan, islamdan öncəki tarixini inkar edib “cahiliyyə” deyə bir qələmlə rədd edən kompleksli diletant yanaşma Axundov şəxsiyyətini aşağılamağa, zədələməyə yetməz. Yel qayadan nə aparar?
Amma Babək, babəkçilik, xürrəmilik hərəkatı, deyəsən, bunların dişinə yumşaq gəldi. Ona görə də günümüzdə, gözümüzüm qarşısında baş vermiş bu biabırçılıqdan yaxa qurtarmaq, məsuliyyətdən qaçmaq üçün 10 əsr öncənin kifayət qədər mübahisəli tarixinin yaxasından yapışdılar. Sanki Rafiq Tağını min ilin o tayından əlini uzadıb Babək öldürüb. Sanki insanları dini dünyagörüşünə görə üz-üzə qoyan,”bizdən olan-bizdən olmayan” kimi sortlaşdırıb, birinə digərini öldürməyi əmr edən Babəkdir. Sanki ayaq basdiğı yerdə bir daha ot bitməyə qoymayan, fəlakət və geriliklərin səbəbkarı xürrəmilikdir.
***
Bizim məqsədimiz heç də təqdim edildiyi kimi nə kiminsə dini inancına hücum etmək, nə də öz inancını saf-çürük etməyə dəvət etmək deyildi. Bizdən “xoxan” qayırmağa, cəmiyyəti üzərimizə qaldırmağa gərək yoxdur. Nə etmək istədiyimiz, məqsədimiz onsuz da ortadadır – belə ki, həyəcan təbili çalmağın zamanıdır. Bunu elə bəzilərinin hay-küylü qaragüruh cıxışları və bu çıxışlar qarşısında az da olsa imzasından qaçanların olması sübut edir. Biz də elə bunu demək istəyirdik ki, Rafiq Tağı terroru cəmiyyətdə qorxu yaradıb, bu terrorun məqsədi göz qorxutmaq, xof yaratmaq, İranın və islamçıların gücünü göstərmək idi və buna müəyyən qədər nail oldular. Əgər bir aydın təzyiq və ya qınaq qarşısında bir gün öncə atdıgı imzadan geri çəkilməyə məcbur olursa, demək, terror öz məqsədinə çatıb, gözlənən xof effekti yaradıla bilib. Bizim istəyimiz elə bunu gündəmə gətirmək idi. Digər tərəfdən, bu xof qarşısında az da olsa səsini qaldirmaga hələ də cəsarəti çatan, artıq öldürməyə girişmiş bir ideologiyanı intellektual müzakirələrə çəkə, onu polemika mövzusuna çevirə biləcək insanların olduğunu göstərmək idi. Bu dirənişimiz qarşısında bundan sonra hətta ən sərt tənqidlərə qarşı belə İran ayətulalarının bizlərdən kiməsə ölüm fətvası verməsi ən azı bir neçə il gecikdirilmiş oldu. Bu reaksiyadan sonra onların tezliklə özlərinə gəlib, yeni bir ölüm hökmünü cıxarmaları gözlənən deyil.
Rafiq Tağının qətlə yetirilməsinin kimin əliylə baş verməsinin (hələ ki) ortada olmaması və bu işin arxasında İranın durduğuna dair iddiaların sübuta yetirilə bilməməsi hüquqi müstəviyə çəkilir, təqsirsizlik prezumpsiyası əsas gətirilərək İran sudan quru çıxarılır. Əslində yazıçını öldürənin, ona kürəyindən bıcaq saplayanın kimliyi məsələnin ikinci tərəfidir. Bu qətl bəlkə də bıçağıyla özünə cənnət qazanmaq sevdasında olan bir ayətullasevər avanturist “təşəbbüskar”ın işidir. Axı bəs Rafiqi ÖLDÜRMƏK İSTƏYİndə olan və QƏTLI İCRA EDƏN necə olsun?! Hələlik öldürənin kimliyi bizə məlum deyil, bu istintaqın işidir. Amma bu istəkdə olan, Rafiqi hədəfə çevirənin kimliyi (və teraktın motivi!) ortadadır – İran ayətulaları. Bu ki, danıla bilməz! Bu məsələdə ki, Tağı Əhmədov demiş “burcutmaq” mümkün deyil.
***
“Bu bəyanata imza atanın Müsavatda nə işi var?” kimi məsuliyyətsizlik hesabına “İrankeşlik” etməyin səbəbi nədir? Niyə bəzi adamlar bu qədər canfəşanlıq edirlər? Əgər bəyanata imza atmaq müsavatçılığa ziddirsə, bəs dini hökmləri dünyəvi qanunların fövqunə qaldıranların Musavatda nə işi var?
Nə oldu, Rəsulzadənin tarixi “Əlhəzər, ruhaniləri siyasətə qatmayın!” məzmunlu vəsiyyət kimi çıxışının stenoqramı ortaya cıxandan sonra bəzilərinin səsi quyu dibinə düşdü. Bayraqdakı yaşıl rəngin miqyasını və əhəmiyyətini şişirdənlər indi niyə istinad etdikləri şəxsin bu fikrinə də münasibət bildirmirlər? Bayraqda islam ifadə olunub (lap tutaq ki, yaşıl rəng islamı simvolizə edir), olsun, daha bu, o rəngə “keç yuxarı başda əyləş, barmağını sox, gözümüzü cıxart” da deyilməyib ki? Və nəhayət, bu dəyər keşikçiləri bir aydına ölüm hökmü çıxarılanda nədən ziyalı mövqeyi nümayiş etdirmədilər? Yoxsa ancaq bəlli məhdud mövzularda “təəssübkeşlik” icazəlidir?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button