Babalıqla köhnə Kötüyün deyişməsi

babalıqBabalıq

Babalıq:
Köhnə kötük, təzə ilin mübarək,
Köhnə ili babat yola saldınmı?
İndiyəcə nə çalmışsan, bilirəm,
Bu arada nəsə yenə çaldınmı?

Köhnə Kötük:
Al cavabın, taykeş çarıq Babalıq,
Çox illəri yorub, yola salmışam.
“Çal” kəlməsi məndə əməl, səndə söz,
Sən dilinlə, mən əlimlə “çalmışam”.

Babalıq:
Axurun var sürü-naxır içində,
On beş ildir o mənsəbdə, o çində,
Sən işrətdə, xalq əkində-biçində,
Xırman vaxtı siftə-filan aldınmı?

Köhnə Kötük:
Öz mənsəbim öz belimdə çul olsun,
Naxır oldu, sürü oldu – pul olsun!
Nə bilmişdin, a başına kül olsun,
Gözüm dəyən nə görmüşəm, almışam.

Babalıq:
Doqquz yerdə sarayın var, köşkün var,
İqtidarsan, yaxşı payın-püşkün var,
Bu ölkədə doqquz milyon düşkün var,
Bir məzlumun qayğısına qaldınmı?

Köhnə Kötük:
Burax sən də məzlum, yoxsul deməyi,
Canı çıxsın, getsin çəksin əməyi,
Kim xəlq edib, o da olsun köməyi,
Mənsə mənəm, öz hayıma qalmışam.

Babalıq:
Səndə olan dövlətə bax, vara bax,
Qaçqın, köçkün daha gəlib zara, bax,
Sən gələndən işğaldadı Qarabağ,
Bu barədə heç xəyala daldınmı?

Köhnə Kötük:
Dostum, səndə şərəf yoxdu deyəsən,
İstəyirsən verdiyini geri sən?
Nə Qarabağ, nə intiqam, dəlisən?!
Heç demərəm xəyallara dalmışam.

Babalıq:
“Ulu öndər” çəksin səni yanına,
Layiqsənmi o kişinin şanına?!
Şeytansan, giribsən mələk donuna,
Ömründə bir dəfə adam oldunmu?

Köhnə Kötük:
“Ulu öndər” deyib salıram havar,
Yaltaqlıq etməsəm, xan işdən qovar,
Mən Köhə Kötüyəm, etirafım var;
Qulluq zəncirində cüdam olmuşam.

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button