Badamdarda yüzlərlə dükanın sökülməsinə başlandı

Qəsəbədəki sahibkarlar etirazlara başlayacaq

 Dünən redaksiyamıza Bakının Badamdar qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup sakin müraciət etdi. Sakinlər qəsəbənin mərkəzi küçələrindən biri olan Zərifə Əliyeva küçəsindəki dükanlarının və ticarət obyektlərinin sökülməsinə başlanmasından şikayət edirdilər.

Obyekt sahiblərinin müraciəti əsasında qəsəbəyə yollandıq. Şikayətçilərin dediyi ünvana yetişəndə həqiqətən də əraziyə texnikanın gətirildiyinin şahidi olduq. Bizimlə söhbət edən sahibkarlardan biri dedi ki, cəmi iki gün əvvəl onlara dükanları boşaltmaqla bağlı xəbərdarlıq ediblər. «Biz onlara dedik ki, bu işi iki günə etmək o qədər də asan deyil. Bizə heç olmasa, bir həftə vaxt verin. Səbayel rayon İcra Hakimiyyətinin işçisi bizə qəti etiraz elədi. Dedi ki, axı biz sizə bir həftə əvvəl xəbərdarlıq etsəydik, gedib qəzetləri, televiziyaları tökəcəkdiniz bura. İndi biz bu dükanları boşaltmaq üçün daha iki gün də vaxt istəyirik» – deyə Mahir adlı həmsöhbətimiz bildirdi.

Həmən ərazidə aptek işlətdiyini deyən başqa bir sahibkar da vaxtın azlığından şikayətləndi: «Axı mən iki günə apteki necə boşaldım? Mənim işlədiyim onlarla firma var. Biri mənə pul verməlidir, o birinə isə mən pul verməliyəm. Belə çıxır ki, gərək mən on gün gəlib oturam bu uçurulmuş dükanın yerində, firmalardan gələnlərlə haqq-hesab çəkim? Axı, biz sahibkarıq. Dövlət başçısı da deyib ki, sahibkarlığın inkişafına kömək etmək hər bir məmurun borcudur. Bizə dedilər ki, sizin dükanlarınızı prezidentin göstərişi ilə sökürük. Guya ki, 1996-cı ildə tikilən bu dükanlar qəsəbənin baş planına uyğun gəlmir».

Adının çəkilməsini istəməyən başqa bir sahibkar isə replika ataraq : «Bəs deyirdilər «Zəfəran aptek» Mehriban xanımındır. Mən «Zəfəran aptek» işlədirəm. Amma mənim də obyektimi sökürlər» – dedi.

Sakinlər isə bildirdilər ki, ticarət obyektlərinin sökülməsinin əsl səbəbi küçənin sonunda Milli Təhlükəsizlik Nazirliyinin hospitalının inşası ilə bağlıdır. Belə ki, yaxın zamanlarda hospitalın tikintisi başa çatacaq və açılışa dövlət başçısının da gəlişi gözlənilir. Maraqlıdır ki, bu açılışla bağlı ərazidə hazırlıq işləri aparılır.

Söküntü işlərini aparan fəhlələr dedilər ki, iş icraçısı Bakı Şəhər İcra Hakimiyyətidir. Onlar sabahdan ərazinin hasarlanacağını və cəmi 450 metrlik yolun genişləndirilərək oktyabrın sonuna qədər təhvil veriləcəyindən başqa heç nə bilmirlər.

Onu da dəqiqləşdirdik ki, hazırda MTN-nin hospitalı kimi inşası başa çatdırılan tikilinin yerində heç də köhnə olmayan Səbayel Rayon Mərkəzi Xəstəxanası varmış. Bu xəstəxana 1992-ci ildə Həsən Kərimov rayonun icra başçısı olan zaman istifadəyə verilib. Öyrəndik ki, sovetlər dövründə yalnız təməli atılmış xəstəxana 1992-ci ilin yazından 1993-cü ilin yazına qədər, Qarabağ müharibəsinin qızğın vaxtında tikilərək istifadəyə verilibmiş. Ötən il isə heç bir rəsmi açıqlama verilmədən xəstəxana söküldü və sonradan məlum oldu ki, xəstəxananın yerində MTN işçiləri üçün hospital tikilir.

 Elvin

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button