Bahəddin Həziyev telekanallara şeir yazdı: “Telekanala müraciət”

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev növbəti şeirini paylaşıb. “Telekanala müraciət” adlanan şeirdə müasir televiziyamızın mənzərəsi öz əksini tapıb. Xural.com şeiri təqdim edir:

Telekanala müraciət

Sən evimə soxulmusan,
Baş köşədə yerin var.
Nə baxmağa fərli filmin,
Nə gerçək xəbərin var.

Düz deyirsən, çox lazımdır,
İlk top model onluğu.
Yaxud Çin səddinin eni,
Pitonun uzunluğu

Nepalda torpaq sürüşüb,
Unutdur Masazırı.
London birjasını göstər,
Görmə Təzə bazarı.

Beşayaqlı buzov doğan
Dördgöz düyə olmasın?!
Xaricdəki əjdəhadan
Bizdə niyə olmasın?!

Yanvarda qarpız bitirən
bir xiyar tağı göstər.
Üstündə “Allah” yazılmış
o balqabağı göstər.

Göstər harda gəmi tutur
Somalinin piratı.
Göstərmə necə dağıdıb
bələdiyyə Zabratı.

Göstər görək Everestə
Alpinist necə çıxır.
Amandır, kimsə görməsin
Neftimiz hara axır.

Göstər Bakı gecəsini,
Körpüləri, yolları.
Göstərmə düşən manatı,
Şahə qalxan dolları.

Göstər o Amazondakı
Qeyri-adi varlığı.
Görmə bizdə məmur necə
boğur sahibkarlığı.

Göstər bəbir antilopa
necə sancır dişini.
Görmə ətimizi didən
vergi müfəttişini.

Baxma, kababdan bahadır,
Bulvarda çay, ləbləbi.
Nə uçan xəstəxananı çək,
Nə dağılan məktəbi.

Nə işsiz-gücsüz qalandan,
Nə qaçqından xəbər ver.
Sən gəl , bizə Perudakı
O daşqından xəbər ver.

Nağıl danış, hamı yatsın,
“Biri vardı, biri yox…”
Ancaq sanma ki, səndən də
Allahın xəbəri yox.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button