Bakı deyir ki, həbslər ayrı, COP29 ayrı…

Avropa İttifaqı (Aİ) Azərbaycanı “əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan” bütün şəxsləri buraxmağa, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti təmin etməyə çağırır.

Aİ mayın 29-da yaydığı bəyanatında prezident İlham Əliyevin mayın 25-də əfv sərəncamı imzaladığı, ancaq əvvəlki illərdən fərqli olaraq bu dəfə sənədin fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslərə şamil olunmadığı vurğulanır.

“Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi BMT İqlim Dəyişikliyi Konfransının (COP 29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. COP29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiq etmək və azad, müstəqil vətəndaş cəmiyyətinin işinə şərait yaratmaq imkanıdır. Bu, həm də… Şərq Tərəfdaşlığının üzvü kimi Azərbaycanın öhdəliklərinə uyğundur.”, – Aİ Diplomatik Xidmətinin açıqlamasında bildirilir.

+++

“Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi.. iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir”, – Azərbaycan Xarici İşlər Nazirliyinin Aİ-nin bəyanatına şərhində bildirilir.

Vurğulanır ki, təhqiqatların, məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad olunması üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlara ziddir.

+++

Mayın 25-də prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam ümumilikdə 154 nəfərə şamil edilib. Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Sərəncamda ölkədə siyasi məhbus sayılan şəxslərdən birinin də adı yoxdur.

Son altı ayda Azərbaycanda aralarında ToplumTV, habelə “Abzas Media” nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button