Bakı kəndlərində “kupça” fırıldağı

“Bələdiyyə” MMC yüzlərlə vətəndaşı aldadıb

 Bakı kəndlərində yüzlərlə vətəndaş dələduzluğun qurbanı olub. Bu barədə redaksiyamıza Türkan qəsəbəsinin sakinləri məlumat verib. Onların sözlərinə görə, “Bələdiyyə”MMC-nin əməkdaşları qəsəbələri gəzərək əhalini aldatmaqla məşğuldur. Onlar vətəndaşları aldadaraq sənədsiz evlərə “kupça” ilə təmin edəcəklərini bildirirlər. Bu məqsədlə ev və həyətyanı torpaqlar ölçülür. Müvafiq qeydlər götürülür. Daha sonra hər vətəndaşdan 40 manat pul alınır. Pula görə hətta vətəndaşlara qəbz də təqdim edilir. “Bələdiyyə” MMC-nin əməkdaşları vətəndaşlara evlərin “kupça”larını bir ay ərzində yerli bələdiyyə vasitəsi ilə alacaqlarını söyləyirlər. Bir aydan sonra isə “Bələdiyyə” MMC yerli bələdiyyələrə evlərin və torpaq sahələrinin “Qiymətləndirilmə Aktı” təqdim edir. Əhaliyə isə “Qiymətləndirmə Aktı”ının “kupça”ya bərabər olduğunu bildirirlər.

Redaksiyamıza müraciət edən vətəndaşların bildirdiyinə görə, “Bələdiyyə” MMC bir gün ərzində Türkan qəsəbəsinin 100 sakinini bu yolla aldadıb. Bu hal Bakının digər kəndlərində də baş verib.

Dünən “Bələdiyyə” MMC ilə bağlı araşdırma apardıq.

İnternet araşdırması zamanı “Bələdiyyə” MMC-nin  “H2H”  internet saytında elanına rast gəldik. H2H saytının 132976 saylı elanına görə “Bələdiyyə” Məhdud Məsuliyyətli Cəmiyyəti Turizm Agentliyidir. Agentlik  Türkiyə, Gürcüstan və Rusiyanın müalicə sanatoriyalarına yollanışlar təklif edir. Biz şirkətlə telefon əlaqə saxladıq. Özünü “Bələdiyyə” MMC-nin direktoru kimi təqdim edən Mehman Vəliyev redaksiyamıza daxil olan məlumata münasibət bildirdi. M.Vəliyev şirkətin qanuni fəaliyyət göstərdiyini bildirdi: “Biz qeydiyyatdan keçən şirkətik. Bələdiyyələrlə müqavilə əsasında əhalinin daşınmaz əmlakının qiymətləndirməsini həyata keçiririk. “Kupça” barədə deyilənlər həqiqət deyil. Onu da deyim ki, evlərin qiymətləndirilməsi vacib məsələdir. Bu işin həm bələdiyyələrə, həm də vətəndaşlara böyük xeyri var. İlk növbədə onu qeyd edim ki, evlər qiymətləndiriləndən sonra bələdiyyələr əhalini əmlak vergisinə cəlb edə biləcəklər”. Biz M.Vəliyevin nəzərinə “Bələdiyyə” MMC-nin turizm şirkəti kimi qeydiyyatdan keçdiyini çatdırdıq. M.Vəliyev isə nizamnaməyə görə şirkətin evlərin qiymətləndirilməsinə səlahiyyəti çatdığını bildirdi: “Bizim evlərin qiymətləndirilməsini həyata keçirmək səlahiyyətimiz var”.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button