Bakı kimindir?

Əvəz Zeynallı

 Bu, bizim Azərbaycan deyil…

 Uşaqlar həmişə gülürdülər mənə. Çünki coşanda «Azərbaycan bizimdir», «Bakı bizimdir» deyə çox hayqırtılar salırdım. Amma bir neçə il bundan əvvəl rəhmətlik Qeyrət Quliyev haray çəkə-çəkə «Xural»da Bakının artıq bizim olmadığını yazırdı. Qeyrət bəy bir neçə dəfə İçərişəhərə getmiş, orada sərbəst və rahat gəzə bilməmişdi. Binaları və hətta küçələri satın alan əcnəbilər oralarda vətəndaşlara sərbəst hərəkət etmək imkanları belə tanımırlar. Mən də bir neçə dəfə şəhərin tıxaclarından yaxa qurtarmaq üçün İçərişəhərdə avtomobilimi saxlamaq üçün qonaq olmuşam. 5 dəqiqə də olsa, 5 saat da – 2 manat giriş haqqı alırlar, mən heç bu dəhşətdən yazmıram. Amma İçərişəhərin qıvırmasından heç xoşum gəlməyib və daha oraya getməmişəm – işim olmadıqca. Əsəbi adamam, bir əcnəbi bir söz deyəcək, aləmi qatacağam bir-birinə, sonra deyəcəklər yenə dava saldı.

Onu deyirdim axı, mənim son sezintilərim faciə və kədər doludur. Tale bizi qarajlarda fəaliyyət göstərməyə məhkum edərkən, şəhərə az-az çıxırıq. Və… artıq hər şəhərə çıxanda bir az daha bu şəhərin bizim olmadığını, bu dəbdəbənin bizim olmadığını anlayıram. Yox, biz bu boyda tərbiyəsizliyə şərik ola bilmərik. İçərişəhərin böyük ofislərindənsə, elə Nərimanovun bu bədbəxt qarajları bizə xoşdur…

Son boks çempionatı bir daha məni düşünməyə vadar etdi. Bir neçə gün əvvəl «Xural» «Boksçumuzu erməniyə uduzdurdular!» deyə manşet atdı. Bu, dəhşətli bir hadisə idi. Söhbət ondan gedirdi ki, soyunma otağına girməyən Alayan adlı bir erməni tapşırıqla bizim boksçumuzu yenmək istəmişdi. Amma bizimkilər ona imkan verməmişdi. Bu zaman hakimlər göz görə-görəti qələbəni erməniyə vermişdilər. Hadisənin iştirakçısı olan və bizə danışan mənbənin dediyinə görə, bu hadisədən sonra hakimiyyətin qırğılarından biri, Qaradağ rayonunun Tanrıya bəndəlik etməyən icra başçısı Süleyman Mikayılov ortaya girmiş, etiraz etmiş və ona yaxınlaşan qara eynəkli adamlar «başını kəsib əzizlərinə göndədərik» demişdilər. Sonra da əlavə etmişdilər: «Bakını başınıza yıxarıq!» Bu hadisə bizi sarsıtmış, ehtiraslı bir yazı yazmışdıq. Düşünmüşdüm ki, ölkə dimdik ayağa fırlayacaq.

Amma… kimsədən çıt çıxmadı. Hətta informasiyanın yalan olduğunu dedilər. Doğrusu, elə mən də istədim ki, bu informasiya yalan olsun. Bu ağrını və bu biabırçılığı daşımağa bizdə ürəkmi qalıb? Hər ehtimalda məlumatı qəzetə gətirən mənbə ilə bir daha danışdım. «Min faiz doğrudur» dedi və əlavə etdi: «nə qalıb ki, özün görəcəksən, Alayanı çempion edəcəklər!» Doğrudan da, Alayan çempion oldu!

Bu, mənim üçün hər şey demək idi!

…İllər bundan əvvəl Ermənistanın bir müdafiə naziri vardı – deyəsən, adı Ohanyan idi. Hələ Ankarada oxuduğum zamanlarda bir açıqlama vermişdi o Ohanyan. Demişdi ki, «bizi əsəbiləşdirməyin, tanklarımızla Bakıya qədər gələrik». O zaman bizim Ankaradakı nazlı-qəmzəli səfirimizə çox israr etdim ki, Türkiyə səfirliyi olaraq buna sərt cavab verilməsi lazımdır. Vermədi səfir. Bir yazı yazdım, «bu alçağın dili kəsilib Azərbaycan prezidentinin masasının üzərinə qoyulmalıdır» deyə. Səfir məndən xarici işlər nazirliyinə şikayət məktubu göndərdi – «tələbələr arasında zorakılığı təşfiq edir» deyə. Mən o illərdən bu tərəfə heç dəyişmədim. İndi də elə fikirləşirəm. Bu ölkəyə, onun bayrağına, dövlət müstəqilliyinə, ali atributlarına, lap elə prezidentinin şərəf və ləyaqətinə, elə Süleyman Mikayılovun qara qaşına və gözünə söz söyləyən düşmənin gözləri çıxarılıb ovcundaca ölkəsinə qaytarılmalıdır.

Kimdir Bakını bizim başımıza yıxan o alçaq güc?! Niyə bu şəhərdə bir ermənini əvvəlcədən bildiyimiz halda çempion edə bilirlər? Hanı prezident? Hanı digər məsuliyyətli məmurlar? Hanı Azərbaycanı idarə edənlər?

Nə?! Hanılar onlar?!

Bizim israrlı yazılarımızdan sonra açıqlama gəlmədi. Mətbuat da mövzunun üzərinə getmədi. Yəqin təhlükəli mövzu olduğu üçün gedilmədi. Həm də axı əldə bir ipucu yoxdur. Nə etməliyik biz? Yazırıq və adam çempion olur! Cavab verilmirsə, deməli, həqiqətdir və biz doğruları yazmışıq!

Bu, mənim Azərbaycanım deyil! Mən tarixdə bu Azərbaycanın məsuliyyətini daşımıram. Bu, İlham Əliyevin və onun komandasının Azərbaycanıdır (nədənsə «İlham Əliyevin komandası» deyəndə ağlıma dərhal Vüqar Səfərli, Vüqar Rəhimzadə və Rövnəq Abdullayev gəlir:))) – Ə.Z.).

Mənim Azərbaycanıma Sarkozi kimi bir dılğır belə hörmətsizlik edə bilməz!

Bizim Azərbaycanımız başqa Azərbaycan olacaq!

Bir dünya dövləti!!

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button