Bakı metrosuna şəkil çəkən Fransa vətəndaşına 3 il həbs cəzası verilib
Yayımlandı: 10 Sentyabr 2024 21:44
Vəkil hökmü ədalətsiz hesab edir, apelyasiya şikayəti verəcəyini deyir
“Bakı Metropoliteni”nin deposunda qatarın vaqonunu boyamaqda – üstünə rəsm çəkməkdə ittiham olunan əcnəbi turislər – Fransa vətəndaşı Teo Klerk (Clerc Theo), Yeni Zelandiya vətəndaşı İsmael De Sent-Kvent (Ismael De Saint Quent) və əslən Cənubi Koreyadan olan, Avstraliya vətəndaşı P.Han Paulun Bakıda keçirilən məhkəməsi yekunlaşıb.
Sentyabrın 10-da Nərimanov Rayon Məhkəməsində onlara hökm oxunub.
Hakim Gültəkin Əsədovanın sədrliyilə çıxarılan hökmə əsasən, hər üç əcnəbi turist Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə – ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinib. Lakin onlara verilən cəzalarda fərq olub.
1986-cı il təvəllüdlü fransız qraffiti rəssamı Teo Klerk 3 il azadlıqdan məhrum edilib.
1994-cü il təvəllüdlü İsmael De-Sent Kvent 1992-ci il təvəllüdlü P.Han Paula isə 6800 manat cərimə cəzası verilib.
Əcnəbilərin vəkili Elçin Sadıqov hökmü qanunsuz və ədalətsiz hesab edir, apelyasiya şikayəti verəcəyini deyir.
“Halbuki, zərər də tam ödənilmişdi. İlk dəfə idi ki, zərərin içərisinə əldə çıxmış fayda, yəni qatarın işləmədiyi vaxta görə əldə ediləcək gəlir də əlavə edilmişdi. Buna baxmayaraq, zərər tam ödənilmişdi. Təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hallar içində mülliyyətlərindən başqa heç bir fərq yox idi. Amma belə cəza verildi”, – Elçin Sadıqov bildirib.
Vəkil məhkəmədə də bildirib ki, təqsirləndirilən turistlər metro vaqonuna rəsm çəkməklə vurduqları ziyanı da, əlavə 25 faizi də – ümumilikdə 11 min 755 manat dövlət büdcəsinə pul ödəyib.
Vəkil onu da bildirib ki, ekspertiza keçirilib, vaqonun üstünə çəkilmiş rəsmlərin silinməsinin mümkünlüyü yoxlanmalı idi.
Müdafiəçi vurğulayıb ki, qraffiti bütün dünyada məşhurdur.
Gənclərin küçələrdə divarlara, müxtəlif obyektlərin, qatarların üstünə rəsm çəkməsi adi hərəkət kimi qəbul olunur. Buna görə şəxsi həbsdə saxlamaq əsassızdır.
İttihama əsasən, onların hərəkəti nəticəsində metropolitenə maddi ziyan dəyib, qatarı xətdən çıxarmaq məcburiyyətində qalıblar və nəticədə metronun hərəkət qrafikində problem yaranıb, sıxlıq olub və s.
Xarici vətəndaşlar isə özlərini təqsirli bilmirlər.
Onlar məhkəmədə bildiriblər ki, üç dost olaraq, müxtəlif ölkələrə səyahət edirlər. Başqa yerlərdə də qraffiti ilə məşğul olublar. Düşünməyiblər ki, Azərbaycanda vaqonun üstündə rəsm çəkməyə görə xuliqanlıqda ittiham edilib, cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
38 yaşlı Teo Klerk bildirib ki, o, cinayət törətməyib və zərər vurmaq niyyəti də olmayıb.
Hesab edir ki, Azərbaycan Fransa ilə münasibətlərdəki gərginliyə görə onu cəzalandırır: “Fransa ilə münasibətlərə görə məni cəzalandırmaq düzgün deyil axı. Mən adi turist kimi dostlarımla buranı gəzməyə gəlmişdim. Mən Fransanı təmsil etmirəm. Sadəcə, Qafqaz ölkələrindən Azərbaycanda olmamışdıq, ona görə bura gəldik”.
Adları çəkilən üç nəfər xarici vətəndaş martın 30-da hadisədən dərhal sonra saxlanılıb.
Onların hər biri haqqında inzibati xəta protokolu tərtib edilib və Nərimanov rayon Məhkəməsində hakim qarşısına çıxarılıblar.
Onların hər birinə İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsilə 9832 manat cərimə cəzası kəsilib.
İddia olunub ki, vaqonun üstünə rəsm çəkilməsi nəticəsində Bakı metrosuna 4916 manat ziyan dəyib.
Məhkəmə də ziyanın iki misli qədər cərimə təyin edib.
Elə hadisə günü – martın 30-da məhkəmə qərarı ilə inzibati qaydada cəzalandırılmalarına baxmayaraq, sonradan eyni əmələ görə onların haqqında cinayət işi başlanıb.