BAKI POLİQON OLDU!

 

Bakir Həsənbəyli

Türkiyə məhz özünə aid olan dünyanın alt yapısını qurmaqla məşğuldur. Fələstinin müdafiəsi ilə bu projesinə start verən qardaş ölkə, müsəlman təəssübkeşi obrazında hələ ki, ərəb düzəninə stilistlik edir. Ədalət naminə söyləyək ki, Ərdoğan hökuməti Türkiyəni məhz özlərinin görmək istədikləri nöqtəyə daşımağı bacarır. “Ərəb baharı”na türk donu geyindirməklə məşğul olan baş nazir, hələlik dövlət səviyyəsində olmasa belə, xalq diplomatiyası ilə ölçüləri düzgün götürməyə nail oldu. Müasir dünya jandarmeriyasına iddialı olan Fransa prezidenti və Böyük Britaniya baş nazirinin öncələmə Liviya səfərinin ciddi fiaskosu Ərdoğana sadəcə yürümək üçün açdığı cığırı genişləndirmək şansı da verdi.

Seçki sonrası AKP liderinin öncə problemli Kiprə, ardınca problemli Azərbaycana səfərinin əsl məqsədi dünya liderlərinə “mən hər zaman problemin nüvəsindəyəm” mesajını vermək idi. Türkiyə bu jestləri ilə həm də böyük Avropanı küncə sıxışdırmaq istəyindədir. Əslində, Qərb siyasətinin min üzlü tərəfi nəzərə alınmasa, AKP hökuməti bu gün haqlı mövqedədir. Ermənistanla qarşılıqlı sərhədlərin açılması da daxil, Konstitusiyasında etdiyi kardinal dəyişikliklər, hərbçiləin mövqeyinin ciddi şəkildə zəiflədilməsi və s. Türkiyəni Avropanın üzərinə məsuliyyət qoya biləcək hala gətirdi. Məhz Türkiyənin bu haqlı tərəflərini görən Qərb özünün məkrli təbliğat maşınını işə salıb. Fransanın, Almaniyanın, Böyük Britaniyanın dövlət və hökumət başçıları dünyaya anti-türk siyasəti sərgiləməkdədirlər.

Türkiyə Avropa Birliyinə qəbul istəklərinin sadəcə arzudan o yana keçməyəcəyini gözəl bilir. Əslində, AB-nin bugünkü iqtisadi durumunda hətta Türkiyənin ora mümkün hesab olunacaq qəbulu belə normalda arzu olunan deyil. Ciddi maliyyə sıxıntıları dəyişməz qalan ölkələrin bu üzvlük məsələsinin reallaşması müqabilində Türkiyəyə yüklənməsi, bu ölkənin iqtisadi fəlakətini qaçılmaz edə bilər. Türkiyənin məhz bugünkü AB-yə girişi Türkiyənin çöküşü ola bilər. Əslində, xristian ittifaqının ən böyük səhvi də elə budur.

Türkiyənin çökdürülməməsi məsələsində bu gün ən maraqlı tərəf məhz Amerika Birləşmiş Ştatlarıdır. ABŞ hələ ki, Türkiyədən ona kafa tutan müttəfiqlərinə təzyiq vasitəsi kimi istifadə edir. Türkiyə-İsrail münasibətlərinin kəskinləşməsində və hələ də düzəlməməsində ABŞ-ın müstəsna rolu var. ABŞ göy muncuğu hər iki dövlətə verib. Dünyanın super gücü bu gün üçün məqbul hesab etdiyi böyük siyasətdə daha çox istifadə edilən uzaq məsafədən qapalı oyuna üstünlük verir.

Əslində, pis də alınmır. Əzələ nümayişi Türkiyənin də işinə yaramaqdadır. Lakin Azərbaycan da daxil, Orta Asiya türk xalqlarının diktaturaya meylli hakimiyyətlərinin xaotik gedişləri qardaş ölkənin planlarına qətiyyən uyğun deyil. Türkiyəni dünya düzəninə əl gəzdirməkdə zorluqlarla üzləşməyə məcbur edən hələ ki, məhz bu ölkələrdir. Rusiya və Qərblə öz aləmlərində oyun oynayan bu ölkələrin başçıları çoxtərəfli siyasi gedişlə yalnız bir məqsədə xidmət edirlər – nə olursa olsun hakimiyyətlərinin ömrü mümkün olan qədər uzansın. Bu isə hazırkı Türkiyə hökumətinə sərf etmir. Türkiyə dünya düzəninin dəyişilməsində aldığı rolda ABŞ və Avropadan fərqli həm də enerji daşıyıcıları baxımından marağının təmini deyil, yalnız demokratiya tərəfdarı kimi görünmək istəyir. Ərdoğan Liviyaya səfəri zamanı “Liviyanın sərvəti liviyalılara məxsusdur” deməklə özünün və ölkəsinin mövqeyini açıq şəkildə ortaya qoydu.

Qırğızıstan istisna olmaqla, yerdə qalan bütün türkdilli ölkələrin liderləri sövet dönəmindən qalanlardır. Düzdür, Qazaxıstan və Özbəkistan prezidentlərindən başqa digər iki – Azərbaycan və Türkmənistan dövlət başçıları sövetlər dönəmində hər hansı partiya vəzifəsində olmayıblar. Lakin hər iki ölkədə hakimiyyət varislik yolu ilə davam etdiyi üçün heç də dəyişilmiş hesab olunmur. Qırqızıstan isə Atunbayevanın timsalında Rusiyanın təsir dairəsinə qayıda bildi. Davamlı inqilablar bu ölkəni ciddi maliyyə sıxıntısına salmaqla Rusiyanın bir neçə il öncə itirilmiş Qırğızıstan mövqeyini bərpa etdi.

Türkiyə ABŞ və Avropadan fərqli olaraq inqilab olan ölkələrə hərbi müdaxilə etmir. Nəinki etmir, hətta buna şiddətlə qarşılıq göstərir. Lakin Ərdoğanın xarici siyasətini davamlı təqib etdikdə məsələnin heç də göründüyü kimi olmadığının fərqində olursan. Siyasət iqtisadiyyatın üst qatında olsa da, siyasəti müəyyən edən məhz iqtisadiyyatdır. ABŞ-ın və müttəfiqlərinin hərbi müdaxilə etdiyi və ya ölkədaxili inqilablara dəstək verdiyi ölkələrdən Türkiyə baş nazirinin göstərişi ilə öncə türk iş adamları geri çəkilir. Əslində, bu, Türkiyənin vətəndaşını qoruma instinkti deyil, sadəcə razılaşdırılmış iqtisadi çöküşün reallaşdırılmasıdır. Türkiyə Tunisdə, Misirdə, Liviyada, daha sonra isə Suriyada eyni addımları atdı. Ölkə iqtisadiyyatında ciddi xaosu yaratmaqla yerli əhalidən istəyini reallaşdırmaq üçün potensial sosial baza kimi istifadə edir. Sadə ərəbi siyasi hakimiyyət qətiyyən maraqlandırmır. İnsanlara “rifah halınızın pisləşməsinin səbəbkarı indiki hakimiyyətinizdır” mesajı yalnız jestlərlə verilir.

Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanla Türkiyənin isti münasibətlərinin olması bəyanatları yalnız görüntüdür. Azərbaycan kimi dövlətlərdə müəyyənləşdirilən siyasət dövlətin deyil, yalnız mövcud iqtidarların mənafeyinə uyğun olaraq həyata keçirilir. ABŞ prezidenti  Barak Obama seçki öncəsi İraqdan və Əfqanıstandan seçicilərinə verdiyi ölkəsinin ordusunu çıxaracağı vədini prezidentlik dönəminin başa çatmasına çox az vaxt qalmasına baxmayaraq, reallaşdıra bilmədi. Çünki ABŞ kimi ölkələrin siyasəti iqtidarlara görə deyil, məhz dövlətlər üçün həm də uzun müddətli müəyənləşdirilir. Azərbaycan Türkiyəyə qaz idxalı ilə bağlı danışıqları bilərəkdən, həm də məqsədli şəkildə uzatmaqla narazılığı çata çevirdi. Əliyevlər rejiminin iyirmi ilinin tamam olmasına az qalmasına baxmayaraq, hələ də ortaya nə normal xarici siyasət, nə də iqtisadi konsepsiyalar qoya bilməyiblər. Əslində, neft müqavilələrini özlərinin ən uğurlu konsepsiyaları kimi təqdim edən iqtidar unudur ki, əksər neft ölkələri, eyni zamanda da ixracatçıdırlar. İstehsal olunmuş məhsulun satışı isə normalda konsepsiya deyil. Sadəcə ticarətdir.

Azərbaycanda neft xaric, hətta ən sadə və adi sənaye məhsulu belə istehsal edilmir. Lakin bu, o demək deyil ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yerli burjaziya yoxdur. Var. Sadəcə Azərbaycanda böyük kütləli kapital hakimyyətin ən yüksək eşalonunda olan oliqarx-məmurların əlindədir. Həmin məmurlar eyni zamanda hətta öz hakimiyyətlərinə belə güvənmirlər. Kapital ən tez gəlir gətirilən sahələrə yatırılır. Bu sahələrdə isə istehsal yoxdur.

Türkiyə öz iş adamlarını bu cür dövlətlərə göndərməkdə çox maraqlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu həmin dövlətlərin siyasətinin müəyyənləşdirilməsində əsaslı rol oynayır. Bu gün Azərbaycan sənayesinin əksər sahələri türk iş adamlarının nəzarətindədir. Ölkənin ən strateji sahələrindən biri hesab olunan qida sənayesindən başlamış hətta əl silmək üçün istifadə olunan kağıza qədər istehasal edən şirkətlər türk iş adamlarına məxsusdur. Ərdoğanın son Bakı səfəri zamanı da iş adamları ilə görüşü və bu görüş öncəsi bir neçə şirkət rəhbəri ilə yaşanan problemlə bağlı informasiyaların dövriyyədə olması özlüyündə çox mətləblərdən xəbər verirdi.

Digər dövlətlərdən fərqli olaraq Azərbaycanda türk iş adamları iki qrupa bölünüblər: ərdoğançılar və millətçilər. İllərdir ictimaiyyətdən gizlədilən bu fakt baş nazirlərinin son səfərindən sonra özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Bir neçə iş adamı əmlaklarını sataraq Azərbaycanı tərk ediblər. Hətta millətçı kəsimin Türkiyə səfiri ilə belə münasibətləri göründüyü kimi deyil. Səfir Hulusi Kılıçı “onların adamı” adlandıran millətçilər yalnız inzibati cəza tədbirlərinin tətbiqindən çəkinərək səfirliklə əməkdaşlıq edirlər. Əslində isə, Ərdoğanın adamı millətçi kəsim tərəfindən heç sevilməz. Azərbaycan iqtidarının ərköyünlüyünə təhəmmül edə bilməyən cənab Ərdoğan isə bu iqtidarı cəzalandırmaq üçün ərəb ölkələrində həyata keçirdiyi planını təkrarlamaq niyyətindədir. Amma həmin ölkələrdəki effekti hələ ki, Azərbaycanda ala bilmir. Belə ki, millətçi kəsim öz baş nazirinə dəstəkdən imtina edir. Bu da səbəbsiz deyil. Əvvəla, həmin iş adamları Türkiyədən fərqli olaraq Azərbaycanda normal iş qura biliblər və bazarlarını müəyyənləşdiriblər. Digər başlıca səbəb isə millətçilərin nə qədər qəribə olsa da, Azərbaycan hakimiyyətinə yaxınlıq dərəcsinin, ərdoğançılardan olduqca üstün olmasıdır. Elə bu yaxınlıq da baş nazir Ərdoğanın Azərbaycan iqtidarına əzələ nümayişinə hələ ki, mane olur. Hazırda Azərbaycan səngərləşmiş iki türk kəsiminin poliqonudur. Nəzərə alsaq ki, türkiyə kürdləri də ciddi siyasi dəstək nəticəsində ölkə iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən sahələrdədirlər və onlar da AKP-yə müxalifdirlər, onda Əliyevlər rejiminin Türkiyəyə diklənməsi səbəbləri daha da aydın olar.

 

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button