Bakı sülhə Ermənistan Konstitusiyasının mane olduğunu deyir

Yayımlandı: 11 İyun 2024 16:45

Öncə Əliyev, daha sonra Bayramov bu mövzuya toxunub

İyunun 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşüb.

O, sülh sazişinin imzalanmasına Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddianın maneə olduğunu bildirib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Ceyhun Bayramov Annalena Berboka post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb:

“Bu çərçivədə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən iddianın maneə olduğu xatırlanıb”.

İyunun 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Yerevanla sülh sazişinə toxunaraq demişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil:

Çünki Konstitusiyada Azərbaycana, hətta Türkiyəyə də ərazi iddiaları yer alıb”.

Bir gün sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiasının olmadığını bildirib:

Ermənistanın Konstitusiyası və ona edilən dəyişikliklər ölkənin daxili işləridir. Biz rəsmi Bakının onun ətrafında hələ 2018-ci ildə başlayan daxili erməni müzakirələrinə müdaxilə cəhdlərini kobudluq kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirik ki, bu cür söhbətlər sülh prosesinə zərbə vurur və Azərbaycan rəhbərliyinin sülhün əldə edilməsində səmimiliyinə şübhə yaradır”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button